Məhkəmə qərarları › İş №2(103)-6669/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6669/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6669/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(006)-1474/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı1 12 oktyabr 2021-ci ildə Siyəzən rayonu Dərə Zarat kəndi ərazisində özünə və digər İddiaçı2 məxsus iri və xırdabuynuzlu mal-qaranı otararkən, elektrik transformatoruna gələn elektrik dirəyi aşmış vəziyyətdə olduğu üçün 4 baş iribuynuzlu malqaranı elektrik cərəyanı vurması nəticəsində hadisə yerində tələf olmuşdur.

2. Tələf olmuş heyvanlardan bir başı təmiz əti 180 kq olan üçillik erkək dana, bir başı təmiz əti 160 kq olan üçillik düyə, bir başı təmiz əti 140 kq olan ikiillik düyə, bir başı isə təmiz əti 80 kq olan erkək dana olmuşdur.

3. Hadisə barədə 13 oktyabr 2021-ci il tarixində Siyəzən rayonu Beşdam bələdiyyəsinin sədri X6, Dərə Zarat kənd sakinləri X10, X3, X4 və İddiaçı1 iştirakı ilə akt tərtib olunmuşdur.

4. "xxxx" ASC tərəfindən İddiaçı1 ünvanlanmış 16 dekabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, Dərə Zarat kəndi ərazisindən keçən 6 kV-lik “Dərə Zarat” hava elektrik verilişi xətti “Şimal” X9 və Satışı İdarəsinin X2 xidmət və balansındadır. 12 oktyabr 2021-ci il tarixində Siyəzən rayonu Dərə Zarat kəndi ərazisindən keçən 6 kV-lik "Dərə Zarat” hava elektrik verilişi xəttində elektrik dirəyinin aşması həmin ərazidən keçən iribuynuzlu mal-qaranın elektrik dirəyinə sürtünməsi nəticəsində baş vermişdir. Siyəzən elektrik şəbəkəsinə məlumat daxil olan kimi qəza briqadası tərəfindən nasazlıq aradan qaldırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı İlə təsdiq edilmiş "Elektrik enerjisindən İstifadə Qaydaları”nın 10.2-ci maddəsinin 10.2.1-ci bəndinə əsasən fors-major hadisəsinə görə enerjitəchizatı müəssisəsi istehlakçıya dəyən ziyana görə maddi məsuliyyət daşımır.

5. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı1 Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində kənd təsərrüfatı (maldarlıq və qoyunçuluq) fəaliyyəti ilə məşğul olur. Hazırda İddiaçı1 təsərrüfatında 60 baş iribuynuzlu mal-qara və 430 baş xırdadırnaqlı qoyun və keçi var.

6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin HSBXM-nin Siyəzən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı1 məxsus şəxsi təsərrüfatda 2021-ci ildə Siyəzən rayon Baytarlıq İdarəsi tərəfindən epizootik tədbirlər planına uyğun olaraq iribuynuzlu heyvanlarda sentyabr ayında dabaq, aprel ayında nodulyar-dermatit, xırdabuynuzlu heyvanlarda aprel-may aylarında çiçək və dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmışdır. 2021-ci il ərzində İddiaçı1 məxsus təsərrüfatda xüsusi təhlükəli xəstəliklər qeydə alınmamışdır.

7. İş materiallarında olan fotoşəkillərdəki və diskdəki təsvir - qırılaraq yerə düşmüş elektrik naqili və elektrik dirəyi, naqilin üzərində tələf olmuş heyvanların cəsədidir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin X2 birbaşa təqsiri üzündən ona məxsus 5 baş iribuynuzlu malqaranın (cöngə, inəyin) ölməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 5800 manat pulun cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, 12 oktyabr 2021-ci ildə Siyəzən rayonu Dərə Zarat kəndi ərazisində özünə və digər İddiaçı2 məxsus iri və xırdabuynuzlu mal-qaranı otararkən, elektrik transformatoruna gələn elektrik dirəyi aşmış vəziyyətdə olduğu üçün 4 baş iribuynuzlu mal-qaranı elektrik cərəyanı vurması nəticəsində hadisə yerində tələf olmuşdur. Hadisə bilavasitə "xxxx" ASC-nin tabeliyində olan “Şimal” X9 və Satışı İdarəsinin X2 əməkdaşlarının təqsiri üzündən baş vermişdir. Bu barədə cavabdeh təşkilata müraciət etsə də, "xxxx" ASC təqsiri öz üzərindən atmaq üçün guya elektrik dirəklərinin iribuynuzlu heyvanların dirəyə sürtünməsi nəticəsində aşması barədə absurd iddia irəli sürmüşdür. Bu barədə videoçəkiliş və fotoşəkillər var. Elektrik montyorlarının qəzanı aradan qaldırmalarını əks etdirən fotoşəkillərdən də göründüyü kimi, 4 nəfər həmin diləkləri güclə qaldırmışlar. Hadisə nəticəsində ona 5800 manat məbləğində ziyan dəymişdir. Cavabdeh ona dəymiş ziyanı ödəməkdən boyun qaçırdığına görə o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

10. Məhkəmə baxışı zamanı İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı2 əlavə iddiaçı qismində prosesə cəlb olunmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı1 iddia ərizəsində göstərilənləri təsdiq edərək hadisə nəticəsində 4 baş iribuynuzlu heyvanların tələf olmasını, həmin heyvanlardan birinin ona, üçünün isə İddiaçı2 məxsus olduğunu, İddiaçı2 tələf olmuş heyvanlarının pulunu ondan tələb etdiyini, buna görə də ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət etdiyini göstərmişdir.

12. Cavabdeh təşkilatın nümayəndəsi X11 izahatında iddia ərizəsinin əsassız olduğunu, heyvanların elektrik enerjisinin təsirindən ölməsi barədə işdə kifayət qədər sübutlar olmadığını, bu barədə akt tərtib olunarkən "xxxx" ASC-nin nümayəndəsinin iştirakının təmin olunmadığını, baytar tərəfindən heyvanlara baxmadan, heyvanlar yarılmadan rəy verildiyini göstərmiş və iddianın rədd olunmasını xahiş etmişdir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(006)- 1474/2022 saylı qətnaməsi ilə İddiaçı1 iddiası qismən təmin edilmiş, dəymiş maddi zərərə görə 1000 manat və dövlət rüsumu kimi ödənilmiş 78 manatın 13 manatı, cəmi 1013 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı2 iddiasının rədd edilməsi qət edilmişdir. (hakim X7)

14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tələf omuş heyvanlardan cəmi birinin İddiaçı1 məxsus olması müəyyən edildiyindən, ona məxsus heyvanın (2 illik düyə) tələf olması ilə əlaqədar dəymiş maddi zərərə görə 1000 manat məbləğində pul vəsaiti yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməlidir. İddiaçı2 iddiası ilə bağlı isə məhkəmə belə nəticəyə gəlmişdir ki, tələf olmuş heyvanların (üçünün) İddiaçı2 məxsus olması ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1108-ci maddələrinə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1, 10.17, 10.18.2-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

16. Həmin qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, ona dair hissədə iddia tələbinin təmin edilməsini, cavabdeh "xxxx" ASC isə apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

17. İddiaçı2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə iddia tələbi ilə ilkin müraciət edən İddiaçı1 verdiyi izahatında hadisə baş verən günü otardığı heyvanların üçünün ona məxsus olmasını bildirmişdir. Buna görə o, iddiaçı qismində məhkəmə prosesinə cəlb edilməyi barədə ərizə vermişdir. Eyni zamanda həmin üç baş malqaranın mülkiyyətçisi və ya sahibi olması barədə başqa bir şəxsin iddiası yoxdur, bu hal mübahisələndirilmir. Bu faktlar mal-qaranın məhz ona məxsus olmasını təsdiq edir. Nəzərə alınmalıdır ki, mal-qaranın qeydiyyatı, reyestri, fərqlənmə nişanı və ya hər hansı vəsiqəsi olmur.

18. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə məhkəmənin sübut qismində qəbul etdiyi 13 oktyabr 2021-ci il tarixli akt hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Bu səbəbdən də hesab edirlər ki, bu hal özlüyündə qeyd edilən aktın həqiqiliyinə əsaslı şübhələr doğurur. Lakin qeyd edilən aktın həqiqiliyini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən aktı imzalayan şəxslərin şahid qismində işə cəlb edilməsini təmin edilməmiş və onların baş vermiş hadisə barəsində izahatları alınmamışdır. Həmçinin mal-qaranın dəqiq ölmə səbəbini özündə əks etdirən Rayon Baytarlıq İdarəsinin müvafiq yarma protokolu və ya baytar tərəfindən tələf olunmuş heyvanların daxili və xarici müayinəsinin aparılıb-aparılmaması, heyvanların yarılması və laboratoriyada araşdırılması üçün daxili orqanlarından nümunələrin götürülməsi, heyvanların dərisinin tamlığının pozulması, tələf olunmuş mal-qaranın dezinfeksiya edilərək basdırılması və s. bu kimi halları təsdiqləyən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, qətnamədə "xxxx" ASC tərəfindən aidiyyəti qurğularla bağlı hansı təhlükəsizlik qaydalarının tələblərinin pozulmasını və bu tələblərin pozulması ilə iddiaçıya dəymiş ziyan arasında hər hansı səbəbli əlaqə olması barədə hər hansı sübut göstərilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətlərinin təmin olunmasını, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etdilər.

21. Cavabdehin nümayəndəsi X8 isə təmsil etdiyi təşkilatın apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onların şikayətinin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

Maddə 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı apellyasiya şikayətində İddiaçı2 qətnamənin qismən ləğv olunub iddianın təmin olunmasını və cavabdeh "xxxx" ASC isə qətnamənin qismən ləğv olunub iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, elektrik dirəyinin iribuynuzlu heyvanların dirəyə sürtünməsi nəticəsində aşması barədə cavabdeh tərəf məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddiaçı tərəf isə heyvanların məhz elektrik dirəyinin yerə aşması nəticəsində elektrik enerjisinin təsirindən ölməsi barədə fotoşəkilləri, tərtib olunmuş aktı təqdim etməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmişdir.

25. Hadisə nəticəsində 4 baş iribuynuzlu heyvanın tələf olması işin mübahisələndirilməyən halıdır. Heyvanlardan İddiaçı1 məxsus 1 baş iki illik düyənin tələf olması nəticəsində ona 1000 manat məbləğində ziyan dəyməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab edir. İddiaçı1 qalan 3 baş iribuynuzlu heyvanın ona yox, İddiaçı2 məxsus olduğunu bildirir. İddia ərizəsində həmin heyvanların hamısının ona məxsus olmasını bildirməsini onunla izah edir ki, iddia tam təmin olunduğu təqdirdə alacağı puldan İddiaçı2 ziyanını ödəsin. Sonradan belə qərara gəlmişdir ki, daha düzgün olması üçün heyvanların üçünün İddiaçı2 məxsus olmasını məhkəməyə bildirsin. Bundan əlavə, iddia ərizəsində cavabdehdən 4 baş əvəzinə, 5 baş iribuynuzlu heyvanın tələf olması nəticəsində vurulmuş zərərin əvəzinin tələb olunması mexaniki səhv olmuşdur. Qeyd olunan 3 baş heyvanın (üçillik erkək dana, üçillik düyə və erkək dana) məhz elektrik cərəyanının təsiri nəticəsində tələf olması iş materialları ilə sübut olunur. Həmin heyvanların İddiaçı2 başqa şəxsə məxsus olması barədə iş materiallarında hər hansı sənəd yoxdur.

26. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin İddiaçı2 dair hissədə rədd olunması barədə hissədə ləğv olunmalı, İddiaçı2 iddiası təmin olunmalıdır.

27. Cavabdeh tərəf tələf olan heyvanların dəyərini mübahisələndirmədiyindən, tələb olunan 5800 manat puldan İddiaçı1 xeyrinə tutulması qət edilmiş 1000 manat çıxılmaqla 4800 manat pul cavabdeh "xxxx" ASC-dən tutulub İddiaçı2 ödənilməlidir.

28. İddiaçıların cavabdehə qarşı tələbləri bir iddia ərizəsi çərçivəsində baxılsa da, müstəqil iddia tələbləri olduğundan və hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (1000 manat və 4800 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(006)-1474/2022 saylı qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilsin. İddiaçı2 məxsus 3 baş iribuynuzlu heyvanların ölməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 4800 manat pul cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı2 ödənilisin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar