Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6669/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 3718/2024 nömrəli qətnaməsindən İddiaçı İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində tələb olunub ki, cavabdehə aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********10000) təbii qazdan istifadə ilə bağlı zərərin əvəzi (itirilmiş qazın dəyəri) kimi 3.888 manat, debitor borc kimi 21,79 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 2.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, debitor borc kimi 21,79 manat, dövlət rüsumunun əvəzi kimi 0,40 manat, cəmi 22,19 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 3.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 5.İddiaçı İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.İddiada iki tələb var: birinci, zərərin əvəzinin (itirilmiş qazın dəyərinin) ödənilməsi; ikinci, debitor borcun ödənilməsi. İkinci tələb təmin olunub, cavabdeh onu mübahisələndirməyib. Ona görə də qətnamə yalnız birinci tələbə, zərərin əvəzinin (itirilmiş qazın dəyərinin) ödənilməsi barədə tələbin rədd edilməsinə aid olan hissədə yoxlanılır. 7.Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 8.Təbii qazdan sayğacdan kənar istifadəyə görə zərərin əvəzinin (itirilmiş qazın dəyərinin) ödənilməsi barədə tələb iddiaçının tərtib etdiyi 2 akta əsaslanıb: xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və xx.xx.2024-cü il tarixli ******* nömrəli akt. Bu aktlarda qeyd olunub abonent qazdan sayğacdan kənar istifadə edib. Daha sonra həmin aktlara əsasən hesablama aparılıb, “Dəymiş ziyanın bərpasına dair” tələbnamə tərtib olunub, 1-ci akta əsasən itirilmiş qazın dəyəri 3.110 manat, ikinci akta əsasən itirilmiş qazın dəyəri 777,60 müəyyən olunub. 9.Cavabdeh (abonent) qazdan sayğacdankənar istifadə etmədiyini bildirir. 10.Birinci instansiya məhkəməsi düzgün olaraq həmin tələbi rədd edib. Belə ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində qeyd olunub: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir...”. Bu müddəa “Qaz təchizatı haqqında” Qanuna sonradan edilmiş dəyişiklikdir və dəyişikliyi nəzərdə tutan Qanunun xx.xx.2022-ci ildə qüvvəyə minib. İddiaçı İB-nin tərtib etdiyi, yuxarıda qeyd olunan iki akt dəyişikliyin qüvvəyə minməsindən sonra tərtib olunub, lakin dəyişikliyin tələblərinə əməl edilməyib. 11.“Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində qeyd olunan “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” deyiləndə Azərbaycan Respublikası Energetika Nazirliyi nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində təbii qazın talanması və ya ondan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən olunub. Həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti Energetika Nazirliyinə aiddir. 12.Mülki Məcəllənin 1096.1-ci maddəsindən görünür ki, delikt – təqsirli əməldir. Lakin qazın talanmasında cavabdehin təqsiri qanunda göstərilən qaydada müəyyən edilməyib. Buna səbəb isə İddiaçı İB-nin qanunvericiliyin tələbinə, yəni ”Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin göstərişinə əməl etməməsi olub. Bu maddədən görünür ki, istehlakçının qazın talanmasında təqsirli olması Energetika Nazirliyinin müvafiq qurumunun və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Yəni zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması şərti kimi əvvəlcə təqsirin məhz həmin qanunda göstərilən qaydada müəyyən edilməsi tələb olunub. Odur ki, zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz. 13.Cavabdehə aid evə sayğacdankənar qaz borusunun daxil olması faktı özözlüyündə qazın talanmasında cavabdehin təqsirli olduğunun müəyyən edilməsi üçün kifayət deyil. X1 Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası müəyyən edilib. Həmin qaz borusu evə başqası tərəfindən çəkilə bilər, yaxud evə daxil olan boru qeyri-işlək vəziyyətdə ola bilər və ya evdə faktiki olaraq başqası yaşayaraq həmin boru vasitəsilə daxil olan qazdan istifadə bilər və s. Məhkəmə evi deyil, şəxsi mülki məsuliyyətə cəlb edir. Odur ki, qazın talanmasında təqsirli şəxs müəyyən olunmalıdır. 14.Bundan başqa, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bu kimi hallarda İddiaçı İB-nin əməkdaşları tərəfindən ”Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsinin göstərişinə əməl edilməməsi zərərin yaranmasına və artmasına şərait yaradır. 15.Beləliklə, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə iddianın təmin edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 16.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 3718/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6669/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6669/2024
20.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver