Məhkəmə qərarları › İş №2(103)-667/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-667/2023

11.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-667/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1690/2022 saylı 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 11 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən, iddiaçı tərəfindən müvafiq reklam çarxı hazırlanmalı, cavabdeh isə onun müqabilində dietik məhsul paketi təhvil verməli olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərə görə 3000 manat, mənəvi zərərə görə isə 1000 manat cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, o, 2020-ci ilin yay aylarında cavabdehlə “Slimdiet” məhsullarının satışını həyata keçirən şəxs kimi tanış olmuşdur. Cavabdeh onun rejissor olduğunu bilərək Şirkət məhsullarının reklam çarxının çəkilməsini ondan xahiş etmiş, razılaşmaları belə olmuşdur ki, o, cavabdehin sifarişi əsasında ona dəyəri 3000 manat olan “Slimdiet” məhsullarının reklamına dair videoçarx hazırlasın, həmin işin dəyəri olan 3000 manat müqabilində isə onlar onu hər ay qiyməti 500 manat olan “Slimdiet” məhsul paketi ilə 6 ay ərzində təmin etsinlər. O, işi təhvil verdikdən sonra cavabeh ondan hazır vəziyyətdə olan reklam çarxını qəbul etmiş və işin təhvil anından sonrakı birinci ay üçün 500 manat qiyməti olan cəmi bir paket onun ünvanına göndərmiş, sonrakı aylarda paketlərin verilməsi dayandırmışdır. O, bunun səbəbini soruşduqda cavabdeh guya təqdim olunmuş videoçarxın dəyərinin 3000 manat deyil, 500 manat olduğunu ona bildirmişdir. Halbuki, həmin video çarxın çəkilməsi üçün çəkilişdə iştirak edən aktirsa üçün ödənilən haqdan başqa cavabdehin heç bir xərci çıxmamış, studiya və çəkiliş zamanı bütün xərcləri özü qarşılamışdır. Cavabdeh videoçarxı özlərinə məxsus sosial şəbəkə saytlarında paylaşmış, bununla da reklamlarını təşkil etmişdir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh tərəfindən ona vurulmuş 3000 manat məbləğində əvəzi ödənilməmiş və bu gün də ödənilməməkdə davam edir. Bununla əlaqədar o, gərgin əsəb-stres keçirmiş, vaxt itkisinə məruz qalmışdır. Bununla da ona maddi zərərlə yanaşı, mənəvi ziyan da vurulmuşdur.

4. xx.xx.2022-ci il tarixli A-08/2022 nömrəli “AİD Consulting” ixtisalaşdırılmış qiymətləndirmə şirkəti tərəfindən verilmiş ekspert rəyinin məzmunundan görünür ki, “X5” şirkəti üçün hazırlanmış reklam çarxının effektivliyinin və sözügedən çarxın hazırlanması xidmət haqqının dəyərinin xx.xx.2022-ci il tarixinə 5500-6500 manat təşkil edir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 sentyabr 2022-ci il tarixli 2(002)-1690/2022 saylı qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia qismən təmin edilmiş, Cavabdeh 2500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında reklam çarxının hazırlanması ilə bağlı şifahi razılaşma olması, həmin razılaşmaya əsasən iddiaçı təərfindən reklam çarxının hazırlaması və cavabdehə təhvil verməsi halı işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə təqdim edilmiş xidmətin dəyərinin müəyyən edilməsi ilə bağlıdır. Belə ki, iddiaçı qeyd edilən xidmətin dəyəri ilə bağlı öz aralarında 3000 manat məbləğində razılaşdıqlarını, cavabdeh isə 500 manat dəyərində razılaşdıqlarını ifadə etmişdir. İddiaçı tərəf qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində məhkəməyə müstəqil ekspert rəyi təqdim etmiş, həmin ekspert rəyi ilə müvafiq xidmətin dəyərinin 5500-6000 manat olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən isə məhkəməyə xidmətin dəyərinin 500 manat olması halının müəyyən eidlməsi ilə bağlı heç bir sübut vasitəsi təqdim edilməmişdir. Bu halda, hazırki mülki iş üzrə tərəflər arasında bağlanılmış şifahi razılaşmanın predmeti olan müvafiq reklam çarxının hazırlanması xidmətinin ümumi dəyərinin 500 manat olmasının reallığı əks etdirmədiyi aşkardır. Məhkəmə müvafiq ekspert rəyini əsas götürərək, cavabdeh tərəfindən əksini təsdiq edən heç bir sübut vaitəsi təqdim edilmədiyini nəzərə alaraq, hesab etmişdir ki, tərəflər arasında bağlanılmış şifahi razılaşma üzrə görülmüş xidmətin dəyərinin iddia tələbində qeyd edilmiş 3000 manat olması həmin xidmətin real qiyməti kimi qiymətləndirilməsinə əsas verir.

7. Həmçinin, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf görülmüş xidmətin haqqını ödədiyini qedy edirsə, həmin halı sübut etmək vəzifəsi də bilavasitə onun üzərinə düşür. Lakin cavabdeh tərəfindən qeyd eidlən halla bağlı heç bir sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə tərəflər arasında reklam çarxının hazırlanması ilə bağlı şifahi razılaşma olması, həmin razılaşmaya əsasən hazırlanmış məhsulun cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən həmin razılaşmaya əsasən xidmətin (məhsulun) dəyərinin iddiaçıya ödəmək öhdəliyi götürməsi, həmin xidmətin dəyərinin 500 manat məbləğində hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi halının aşkar olduğunu (işin mübahisəsiz halı olduğundan) əsas götürərək, hesab etmişdir ki, iddia tələbi cavabdeh tərəfindən öhdəlik götürməsinə baxmayaraq, iddiaçıya ödənilməmiş görülmüş xidmətin qalıq 2500 manat dəyəri hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir.

8. Həmçinin, məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı onu qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 21.2, 390.1, 385.1, 397.1, 398.1, 409.4, 427.2, 442, 443.1, 448.1, 567, 597.1, 598.1, 600.1, 604, “Reklam haqqında” Qanunun 2.0.7, 17.1, 17.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 124.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı onun əri ilə telefon əlaqəsi yaratmış, reklam çarxının hazırlanmasını iddiaçı könüllü təklif etmişdir. İddiaçı onunla reklam çarxının sifarişi və müqabilində pəhriz paketinin təqdim olunması barədə heç vaxt söhbət etməmişdir. Bütün söhbət əri ilə olmuşdur, onların danışığı zaması isə heç vaxt 3000 manat dəyərində reklam çarxının çəkilməsi mövzusu müzakirə edilməmişdir. Etirazda qeyd olunan fikirlərin hamısı həqiqətə uyğun deyil, nümayəndə tərəfindən səhvən həmin tərzdə qeyd olunmuşdur. Tərəflər arasında olan razılaşma qarşılıqlı surətdə və birdəfəlik xarakter daşıyacaq xidmətin göstərilməsindən ibarət olmuşdur. Bu zaman xidmətlərin dəyəri ümumiyyətlə danışılmamışdır. İddiaçı ilə əri arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmış, əri iddiaçıya bir ədəd pəhriz paketi təqdim, iddiaçı isə 1 ədəd pəhriz paketini qəbul etməli idi. İddiaçı bir ədəd pəhriz paketini almış, əri isə iddiaçı tərəfindən ona söz verilmiş və xərclərin bir hissəsinin özünün çəkdiyi reklam çarxını almışdır. İddia tələbi ona qarşı deyil, əri Teymur Ağayevə qarşı yönəlməli idi. Məhkəmə Qaradağ Rayon Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə təqdim olunan etiraza istinad etməklə səhv nəticəyə gəlmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, tərəflər arasında reklam çarxı sifarişinə dair razılaşma olmamışdır. Bu barədə ilk təklifi iddiaçı etmişdir. Tərəflər arasında reklam çarxının dəyəri və pəhriz paketlərinin sayı ilə bağlı hər hansı müzakirə olmamışdır. Bütün yazışmalar Teymur Ağayevlə olmuşdur.

14. İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, Dilarə Əliyevanın “Slim Diet”-dən qidalandığını gördükdə, maraqlanmış və pəhriz paketlərinin dəyərinin 500 manat olduğunu bildikdə ehtiyac olmadığını düşünmüşdür. Dilarə Əliyeva pəhriz paketlərinin qarşılığında reklam çarxı çəkməsi ilə bağlı qarşı tərəflə danışa biləcəyini qeyd etmiş, o da razılaşmışdır. Bundan sonra cavabdeh tərəfindən onunla əlaqə saxlanılmış, reklam çarxının 3000 manata çəkilməsi barədə razılaşmışlar, qarşılığında isə 500 manat dəyərində 6 ədəd pəhriz paketi verilməli idi.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır.

18. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamə iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır, çünki iddia qismən təmin edilmiş olsa da iddiaçı tərəfindən şikayət verilməmiş, cavabdeh isə ləğvini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

30. Tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı reklam çarxı hazırlamalı, müqabilində isə cavabdeh tərəfindən pəhriz paketi verilməli idi.

31. İddiaçı reklam çarxının dəyərinin 3000 manat olması, buna görə də cavabdeh tərəfindən 6 ay 500 manatlıq pəhriz paketinin verilməsi barədə razılaşdıqlarını bildirmişdir. Cavabdeh tərəf isə ümumiyyətlə reklam çarxının dəyəri barədə hər hansı danışıq olmadığını, eyni zamanda 6 ay pəhriz paketinin göndərilməsi barədə razılaşma olmadığını bildirmişdir.

32. Göründüyü kimi iddiaçı tərəfindən reklam çarxı hazırlanıb cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə qəbul edilmişdir. Cavabdeh tərəfindən 1 ay 500 manat dəyərində pəhriz paketi də göndərilmişdir.

33. Cavabdeh iddiaçının onunla ümumiyyətlə danışmadığını, əri Teymur Ağayevlə danışdığını, buna görə də əsl olmayan cavabdeh kimi əri ilə əvəz edilməli olmasını bildirmişdir.

34. Cavabdehin qeyd edilən dəlilləri təkzib edilir.

35. Belə ki, apelyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş “fləş-kart”da olan Cavabdeh məxsus səs yazısı dinlənilmiş və müəyyən edilmişdir ki, sonuncu iddiaçı ilə birbaşa özü danışmışdır, həmçinin cavabdeh tərəfindən reklam çarxı qəbul edilmiş, o, reklam çarxının 3000 manatlıq olmadığını bildirmişdir.

36. Buradan da aydın olur ki, tərəflər reklam çarxının dəyərini 3000 manata razılaşdırmışlar, lakin cavabdeh qəbul etdikdən sonra çəkilmiş reklam çarxının həmin dəyərdə olmadığını bildirmişdir.

37. Göründüyü kimi iddiaçı tərəfindən yerinə yetirilmiş xidmətin (çəkilmiş reklam çarxının) dəyəri 3000 manat olmuşdur.

38. Cavabdeh tərəfindən isə 500 manat dəyərində 1 pəhriz paketi iddiaçıya verilmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçı tərəfindən yerinə yetirilmiş xidmətin dəyəri tam ödənilməmişdir.

39. Odur ki, iddiaçının tələbi əsaslı olmuşdur, məhkəmə haqlı olaraq görülmüş xidmətin qalığının, yəni ödənilməmiş 2500 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

40. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas vermir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1690/2022 saylı iş üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar