Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-667/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2023cü il tarixli, e-2(004)-538/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00/14288/DİK saylı müqaviləyə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 23 faizlə 85.000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təqdim edilmiş notariat işindən görünür ki, reyestrdə 3M-277 nömrə ilə qeydə alınmış İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166.3 kv.m olan 6 otaqlı mənzilini xx.xx.2019-cu il tarixli, 00/14288/DİK saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə banka ipotekaya qoymuşdur. Hazırda iddiaçı tutmanın ipoteka predmetinə yönəldilərək borcun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 Naitq oğlu, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 96178,14 manat borc olmaqla-bundan 73013,83 manat əsas və 23164,31 manat faiz borcu, iş üzrə ödənilmiş 379 manat dövlət rüsumunun,ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun cavabdehlər Cavabdeh1 Naitq oğlu, Cavabdeh2 və X1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166.3 kv.m olan yaşayış sahəsinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 Naitq oğlu, Cavabdeh2 və X1 müştərək qaydada tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00/14288/DİK saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 23 faizlə 85.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə əldə etdiyi vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kreditin qaytarılmasının təminatı olaraq digər Cavabdeh2 ilə eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166,3 kv.m olan mənzil ipotekaya qoyulmuşdur. Eyni tarixdə digər cavabdeh X5 ilə kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 6316/2022 saylı qərardadı ilə iddia ərizəsinin cavabdeh X3 qarşı hissəsində cavabdehin məhkəməyə iddia ərizəsi verilənədək ölümü ilə bağlı icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, e-2(004) 538/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 72941,86 (yetmiş iki min doqquz yüz qırx bir manat səksən altı qəpik) manat əsas, 23164,31 (iyirmi üç min yüz altmış dörd manat otuz bir qəpik) manat faiz borcu, 378,72 (üç yüz yetmiş səkkiz manat yetmiş iki qəpik) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması, 50 (əlli) manat məbləğində məhkəmə mühasibatlıq ekspertizasının dəyərinin 49,96 (qırx doqquz manat doxsan altı qəpik) manatı Cavabdeh1, 0,04 (dörd qəpik) manatı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166,3 kv.m olan 6 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməsi, Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166.3 kv.m olan 6 otaqlı mənzilin ilkin satış qiymətinin 125000 (yüz iyirmi beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddiaçı haqlı olaraq ona qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, iddia əsas borc hissəsində ekspert rəyi nəzərə alınmaqla 72941,86 manat məbləğində təmin edilməlidir. Faiz borcu tələbi hissəsində isə məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia tam təmin olunaraq Cavabdeh1 23164,31 manat məbləğində faiz tutulmalıdır. Belə ki, ekspert rəyi ilə iddia tələbində göstərilən faizin məbləğindən artıq məbləğdə faiz məbləği müəyyən edilməsinə baxmayaraq qüvvədə olan qanunvericiliklə bu hallarda məhkəmənin iddia tələblərindən kənara çıxa bilməsi nəzərdə tutulmamışdır. Borcun Cavabdeh2 tutulması tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdehlə zaminlik müqaviləsi bağlanmadığından həmin tələb təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, borcalan tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq borcun ödənilməsi 90 təqvim günündən artıq müddətdə gecikdirildiyindən ipoteka saxlayan bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Odur ki, iddia tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi tələbləri hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə ipoteka əmlakının ilkin satış qiymətinin müəyyən edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, məhkəmənin mülki iş üzrə 2(004)-538/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi Nümayəndə2 vəsatətinə əsasən iş üzrə ipoteka əmlakının qiymətləndirmə ekspetizası təyin edilmiş, ekspertin vəsatətinə əsasən əmlaka yerli baxış xx.xx.2023-cü il tarixə təyin edilmiş, yerli baxış barədə bildiriş həmin nümayəndənin elektron kabinetinə 11 aprel 2023-cü il tarixdə yerləşdirilmiş, bundan əlavə məhkəmə iclas katibi tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərə zəng vurularaq bir daha yerli baxış barədə xatırladılmasına baxmayaraq ipoteka predmeti cavabdehlər tərəfindən ekspertə təqdim edilmədiyindən ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər ekspertiza keçirilməsinə mane olduğundan və ipoteka predmetini ekspertə təqdim etmədiyindən ipoteka predmetinin ilkin satış qiyməti olaraq ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında ipoteka müqaviləsində müəyyən olunmuş qiymət - 125000 manat əsas götürülməlidir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 Naitq oğlundan tutulması tələbi də təmin edilməlidir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi verilən vəsatətləri təmin etməmişdir. Cavabdeh1 tərəfindən qiymətləndirilmə ilə bağlı mübahisə olsa da, birinci instansiya məhkəməsi nəzərə almamış və prosesual qanunvericiliyin pozaraq mühasibatliq ekpertizasi təyin etməmişdir. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, bank tərəfindən təqdim olunan evin ekspertizası məbləği düzgün qeyd edilir. Halbuki qanunvericliyə əsasən xüsusi biliyə malik olan ekspert tərəfindən təqdim olunan sənədlər əsasında ekpertiza keçirməlidir, ev barədə əsaslı rəy verilməlidir. Lakin ekspert guya mənzilə baxış keçirmək üçün getmiş amma qapını açan olmamışdır. Halbuki mənzildə daim yaşayış var, ünvan bilinir. Ekspert mənzilə baxış keçirmək istəməmiş işi yenidən məhkəməyə geri qaytarmışdır. Tərəflərindən mənzilin qiymətləndirilməsi barədə vəsatət verilsə də, birinci instansiya məhkəməsi əsassız olaraq vəsatəti rədd edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən təqdim olunan ekspert rəyi ilə razı olmadıqlarını və bununla bağlı vəsatət versilsə də, məhkəmə tərəfindən qəbul olunmamış rədd edilmişdir. Ekspert tərəfindən rəy verilərkən sadəcə iş materiallarında olan sənədlərə, arayışa əsaslanmış rəy vermişdir. Bundan başqa birinci instansiya məhkəməsi vəsatətləri rədd etdikdən sonra dərhal işi yekunlaşdırmışdır. Çıxış üçün məhkəmədən vaxt istənilsə də birinci instansiya məhkəməsi buna məhəl qoymamış iş üzrə qətnamə elan etmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7318/2023 saylı 12 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 3-16-16/2-9/52xx-xx/5030/2024 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiyada) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borj verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (köhnə redaksiyada) 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (köhnə redaksiyada) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi-ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Həmin hallar Cavabdeh1 tərəfindən də mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsinin qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2156 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli 00/14288/DİK saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu 96113,54 manat məbləğində müəyyən edilir: əsas borc üzrə 72941,86 manat faiz borcu üzrə 23171,68 manat. Məhkəmə kollegiyası qeyd olunan halın, yəni borcun müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan borcun məbləğinin müəyyən edilməsi zamanı birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2156 saylı rəyinə istinad etmişdir. Belə ki, iddia tələbi əsas borc hissəsində ekspert rəyi nəzərə alınmaqla 72941,86 manat məbləğində təmin edilməlidir. Faiz borcu tələbi hissəsində isə iddia tam təmin olunaraq Cavabdeh1 23164,31 manat məbləğində faiz tutulmalıdır, çünki ekspert rəyi ilə iddia tələbində göstərilən faizin məbləğindən artıq məbləğdə faiz məbləği müəyyən edilməsinə baxmayaraq qüvvədə olan qanunvericiliklə bu hallarda məhkəmənin iddia tələblərindən kənara çıxa bilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borc hissəsi ilə bağlı dəlillərinə qiymət verərək hesab edir ki, müəyyən edilən məbləğlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına uyğun düzgün hesablanmışdır. Belə ki, həmin qərara əsasən iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilər. İş materiallarından görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı bildiriş xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Maliyyə arayışında göstərilən məbləğlər isə xx.xx.2022-ci il tarixə yaranan borclardır. Ekspert rəyində borc xx.xx.2022-ci il tarixə hesablanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borcun tutulması məhz xx.xx.2022-ci il tarixə müəyyən edilməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin işin faktiki hallarından görünür ki, borcalan tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq borcun ödənilməsi 90 təqvim günündən artıq müddətdə gecikdirildiyindən ipoteka saxlayan bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin-tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi tələbləri hissəsində təmin edilməsi barədə birinci instansiya məhkəməsi mövqeyi düz olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka əmlakının ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə ipoteka əmlakının qiymətləndirmə ekspetizası təyin edilmiş, ekspertin vəsatətinə əsasən əmlaka yerli müayinə xx.xx.2023-cü il tarixə təyin edilmiş, yerli müayinə barədə bildiriş həmin nümayəndənin elektron kabinetinə 11 aprel 2023-cü il tarixdə yerləşdirilmiş, bundan əlavə məhkəmə iclas katibi tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərə zəng vurularaq bir daha yerli müayinə barədə xatırladılmasına baxmayaraq ipoteka predmeti cavabdehlər tərəfindən ekspertə təqdim edilmədiyindən ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhz qeyd olunan əsasla Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 mülki iş üzrə yenidən qiymətləndirmə ekspertizasının keçirilməsi barədə vəsatəti rədd edilmişdir. Birinci instansiya məhkəməsi ipoteka əmlakının ilkin satış qiymətinin müəyyən edilməsi tələbi ilə bağlı hesab etmişdir ki, cavabdehlər ekspertizə keçirilməsinə mane olduğundan və ipoteka predmetini ekspertə təqdim etmədiyindən ipoteka predmetinin ilkin satış qiyməti olaraq ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında ipoteka müqaviləsində müəyyən olunmuş qiymət 125000 manat əsas götürülməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, yəni ipoteka müqaviləsində göstərilən həddə müəyyən etmişdir. Lakin bu zaman birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında bağlanan ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Hazırda isə həmin tarixdən 5 ildən artıq müddət keçmişdir ki, bu zaman ərzində daşınmaz əmlak bazarında mənzillərin dəyərində fərqin olması qaçınılmazdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırda cavabdeh tərəf ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirir və belə olan halda da ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zəruri olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya baxışı zamanı ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166,3 kv.m olan 6 otaqlı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli, 9/52xx-xx/5030 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsində yerləşən 1/3 nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 336757,0 manat (166,3 kv.m x2025 man), 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 303081,0 manat (336757- 10%) məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilibyönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Eyni zamanda ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmetinin bazar qiyməti deyil, likvid dəyərinin əsas götürülməsi qanunun imperativ tələbidir. Göründüyü kimi, cavabdehin ipoteka predmetinin dəyərinin yüksək olması barədə dəlilləri qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin qətnamədə ilkin satış qiyməti 303081,0 manat kimi göstərilməlidir. Çünki, bu qiymət daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab edilir. Başqa sözlə bu qiymət ipoteka predmeti olan fərdi yaşayış evinin sahəsi, evin yerləşdiyi ərazi, mənzil bazarında Bakı şəhəri üzrə olan qiymətlər və.s halları nəzərə alınmaqla real likvid dəyəri əks etdirir. Məhkəmə kollegiyası qeyd edir ki, kollegiyanın son iclasında iddiaçının nümayəndəsi ekspert rəyində mübahisəli mənzilin «Tarqovı»da yerləşən mənzillə müqayisə etməsinə narazılıq edərək bunu izahatında onunla əsaslandırmışdır ki, mübahisəli ev müqayisə aparılan ərazi ilə uyğunluq təşkil etmir, ayrı-ayrı ərazilərdir. Bu məqsədlə də təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilən vəsatətin əsassız olması qənaətinə gəlməsi ilə yanaşı əlavə olaraq qeyd edir ki, iddiaçı tərəf mübahisəli evin ekspert rəyində göstərilən məbləğdən daha aşağı qiymətdə olmasına dair sübutlar təqdim etməmiş, həmçini apellyasiya instansiyası məhkəməsinin təşəbbüsu ilə internet resursları vasitəsilə «Google Maps» proqramından istifadə zamanı müşahidə edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, R.Quliyev döngə 1/3 ünvandakı ev «Tarqovı» deyilən əraziyə yaxın məsafələrdə yerləşir. Belə ki, həmin ev Azərbaycan Respublikasının Baş X2 yuxarı hissəsində yerləşir. Məlum olduğu haldır ki, həmin müzey də şəhərin mərkəzi hissəsindədir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməklə fərdi yaşayış evinin ilkin satış qiyməti 303081,0 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, e-2(004)- 538/2023 saylı qətnaməsi – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166,3 kv.m olan 6 otaqlı mənzilin ilkin satış qiyməti 303081 (üç yüz üç min səksən bir) manat manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən tərəflər qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Abdiyev