Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6675/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 72/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 80 000 manat məbləğində əsas borcu, 37 548.22 manat məbləğində faiz borcu, ümumilikdə 117548,22 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 162/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən qalan 80.000 manat əsas borc, 18.880.01 manat faiz borcu, 42.204.61 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz məbləği, 13.220.90 manat cərimə borcu, cəmi 154.305.52 manat borcun və 30 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 162/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə illik 16 % dərəcəsi olmaqla 80 000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqavləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 80.000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlətini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 80 000 manat məbləğində əsas borcu, 37 548.22 manat məbləğində faiz borcu, ümumilikdə 117 548,22 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 80.000 (səksən min) manat məbləğində əsas borc, 18.880 (on səkkiz min səkkiz yüz səksən) manat məbləğində faiz borcu, 4220 (dörd min iki yüz iyirmi) manat məbləğində cərimə (dəbbə pulu) borcu, 4055,15 (dörd min əlli beş manat 15 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz məbləği, cəmi 107.155,15 (yüz yeddi min yüz əlli beş manat 15 qəpik) manat məbləğində kredit borcunun tutulması və Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabeh Cavabdeh 30 (otuz) manat məbləğində pul vəsaiti Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 xeyrinə tutulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 345 (yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulmsı və Dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, “xxxxxxxxx” ASC-nin “Baş” filialı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 162/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 80000 manat məbləğində kredit verilmişdir. Cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrakinə uyğun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikin (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə vaxtı keçmiş kredit üzrə faiz ödəyir. Cavabdeh tərəfindən imza edilən xx.xx.2014-cü il tarixli, 162/14 saylı kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Dəqiqləşdirmə ərizəsi məhkəməyə təqdim edilərkən qoşma edilən maliyyə arayışından da göründüyü kimi cavabdehdən faiz müqavilə müddətinin sonuna tələb edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb etdiyimiz 31880.01 manat məbləğində müddət sonuna faiz borcunu və 42204.61 manat cərimə borcunu tam təmin etməmişdir. Məhkəmə qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olması qeyd etmişdir. Həmin qərarda pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablası hüququ qeyd olunmuşdur. Mülki Məcəllənin 445.7-ci maddəsinə qeyd olunub ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin hüquqdan istifadə edərək iddiaçı tərəfindən əsas və faiz borcundan başqa kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan 13.220.90 manat borcun tutulması məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən 13.220.90 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcunu təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur ki, MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1 -ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. İddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin cavabdeh tərəfindən kredit borcunun ödənilməsi öhdəliyin pozulması təşkil edir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququnda irəli gəldiyindən iddia tələbi təmin olunmalıdır və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməs'i sübuta yetirilir, bu səbəbdən qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 162/14 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə illik 16 % dərəcəsi olmaqla 80 000 manat məbləğində kredit borcu verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********120 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 162/14 saylı kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixinə kredit öhdəliyi üzrə 80.000 manat əsas borc, 31880.01 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 42204.61 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 13220.90 manat, cəmi 154 305.22 manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 1481 saylı rəyində qeyd edilmişdir: «rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış materiallarında əks olunan, Cavabdeh tərəfindən kredit xəttindən istifadə etdiyi pul vəsaitlərini və mədaxil olunan məbləğləri nəzərə alaraq, borcalanın xx xxxx 2014-cü il tarixli 162/14 saylı kredit müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixə (maliyyə arayışının tarixinə) “xxxxxxxxx” ASC-yə olan əsas borcu 80000 manat, faiz borcu üzrə 6008.89 manat, 18.10.ö2019-cu il tarixə, əsas borc üzrə 80000 manat, faiz borcu üzrə 23231.11 manat kimi müəyyən olunur». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 439.3-cü maddəsinə görə, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarına əsasən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli, 162/14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə kreditor öz üzərinə düşən öhdəliyi yerinə yetirərək borcluya müqavilədə nəzərdə tutulan 80.000 manatı versə də, borclu əsas borc və faiz borcunu vaxtında ödəməkdən ibarət olan öhdəliyini icra etməmiş və bununla da müqavilə şərtlərini, eləcə də qanunvericiliyin qeyd olunan normaları pozmuşdur. Kreditorun (iddiaçının) müqavilə üzrə öhdəliyini icra etməsi iş materiallarında olan sənədlə (i.v. 12) təsdiq olunsa da, borclunun (cavabdehin) həmin müqavilə üzrə öhdəliyini icra etməsinə dair hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu öhdəliyin icra edilməsini sübut etmə vəzidəsi mülki qanunvericiliyin tələblərinə əsasən borclu (cavabdeh) Cavabdeh üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 439, 442, 448, 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsasən, iddiaçının irəli sürdüyü, əsas borcu üzrə olan 80.000 manat məbləğində əsas borcun, 18.880.01 manat müqavilənin müddəti bitən tarixə faiz borcun, xx xxxxxx 2014-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 13.220.90 manat məbləğində pulun cavabdehdən tutulması barədə tələbinin əsaslı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğrudur. Belə ki, müqavilədə nəzərdə tutulmuş əsas borc məbləğinin (80.000 manat) mövcudluğu mübahisə doğurmur və işin mübahisələndirilməyən halını təşkil edir. Qeyd olunan müddəaların tələbinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kollegiya hesab edir ki, 42.204.61 manat məbləğində cərimə məbləği tənasübsüz şəkildə yüksək olduğundan birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq həmin məbləği 4220 manat müəyyən etməklə doğru nəticəyə gəlmişdir. xx.xx.2014-cü il tarixli, 162/14 saylı kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmənin borcalanın vəzifəsi kimi qeyd edilməsinə dair iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının həmin hissədə tələbi aydın deyil, yəni cavabdehin üzərinə hansı məbləğdə öhdəliyin qoyulmasını müəyyən etmək mümkün deyildir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış kredit borcu cəmi 80.000 (səksən min) manat məbləğində əsas borc, 18.880 (on səkkiz min səkkiz yüz səksən) manat məbləğində faiz borc, 4220 (dörd min iki yüz iyirmi) manat məbləğində cərimə (dəbbə pulu) borc, 4055,15 (dörd min əlli beş manat 15 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan illik faiz məbləği, cəmi 107.155,15 (yüz yeddi min yüz əlli beş manat 15 qəpik) manat məbləğində kredit borcu pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: iddiaçı “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6675/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6675/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver