Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6675/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Bokt «xxxx» MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı, Cavabdeh4, Cavabdeh5 qarşı «kredit borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(010)-739/2020 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT «xxxx» MMC Cavabdeh2 və qeyrilərinə qarşı «kredit borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(010)- 739/2020 saylı qətnaməsi ilə (hakim Nərminə Rzayeva) iddia qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 ondan apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 apellyasiya şikayətini - zaminlik müqaviləsinin qüvvəsini itirməsi, faktiki olaraq silinməsi, zaminlərin müqavilənin uzadılmasında iştirak etməməsi və s. ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 sentyabr 2020-ci il tarixli, 2(103)-6486/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi borcun tutulması hissəsində dəyişdirilmiş, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Sonradan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(010)- 739/2020 saylı qətnaməsindən Cavabdeh5 apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh5 apellyasiya şikayətini zaminlik müqaviləsinin qüvvəsini itirməsi, zaminlikdən çıxması və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh5 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi artıq bir dəfə (Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə) apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində dəyişdirilmiş, həmçinin kredit borcunun digər cavabdehlərlə yanaşı, həmçinin Cavabdeh5 da tutulması qət olunmuşdur. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə yalnız apellyasiya şikayətini vermiş şəxsə münasibətdə deyil, bütövlükdə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin hazırki apellyasiya şikayətindən görünür ki, şikayətin dəlillərinə bu və ya digər formada əvvəlki şikayətə baxılarkən apellyasiya instansiyası tərəfindən ümumi qaydada hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd edilən qərardadında bu nəticəyə gəlmişdir ki;
1. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyrimümkün hesab edilməlidir.
4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Göründüyü kimi, məhkəmə aktlarının bir tərəfin apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Həmçinin qeyd edilməlidir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, MPM-nin 361.1.2-ci maddəsinin tələblərinə zidd olaraq şikayətdə onu verən şəxsin ünvanı göstərilməmişdir. Qeyd edilənlər apellyasiyanın qeyri-mümkün sayılması barədə Bakı Apellyasiya Məhkəməsinin əvvəlki qərardadında da göstərilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi yenə də bu hallara münasibət bildirmədən, apellyasiya şikayətini təkrarən baxılması üçün göndərmişdir (birinci instansiya məhkəməsi yalnız prosessual müddətə münasibət bildirməklə kifayətlənmiş, əvvəlki qərardadda göstərilən digər halların mövcud olub-olmamasını ümumiyyətlə yoxlamamışdır). Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçı Bokt «xxxx» MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı, Cavabdeh4, Cavabdeh5 qarşı «kredit borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(010)-739/2020 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.