Məhkəmə qərarları › İş №2(103)-6679/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6679/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6679/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“maddi ziyanın ödənilməsi və s.” ) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-45/2023 saylı işi üzrə 03 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia (dəqiqləşmə) ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus qonaq otağında olan 1 ədəd 3 nəfərlik divan, 2 kreslo- Embavud markalı, boz rəngli, qolları dəri (1050 manat); qonaq otağı dəsti- 1 masa (şüşəli), 6 stul (dəri üzlü oturacaqlı), 1 siyirmə (kamod), 1 şüşəli şkaf - tünd bordo rəngli Malayziya istehsalı (5500 manat); 1 qara şüşəli 3 mərtəbəli televizor altlığı- Maqnit mağazasından alınmış (500 manat); 1 ayaqüstü taxta-şüşəli dekor saat - tünd bordo rəngli (500 manat); 1 gecə lampası - qara dəri dirəkli, ağ örtüklü (100 manat); 1 Samsung markalı televizor - Maqnit mağazasından alınmış 100 duym (2500 manat); 1 Samsung markalı DVD və 6 (4 uzun, 1 orta, 1 kiçik ölçüdə) səs gücləndirici - 500 manat; 1 kondisioner (BEKO markalı) - 35 kv.m-lik (750 manat); 2 xalça (40x30 sm, 30x20 sm ölçülərində olmaqla) - 1000 manat; 2 dəst dekorlu pərdə - naxışlı orqanza tül, qara sadə qollu, 6 metr eni, 3 metr hündürlüyü (1700 manat); 1 çilçıraq məxmər naxışlı (6 şamlı) - 150 manat; yataq otağında 1 yataq, 1 dolab (kupe, güzgülü, üç gözlü), 1 siyirmə - qəhvəyi mebel rəngli (2000 manat); 1 xalça (20x10 sm ölçüsündə) - naxışlı (70 manat); uşaq otağında 1 yataq (birnəfərlik), 1 böyük şkaf, 1 yazı stolu- 1500 manat; 1 pərdə - 3 metr orqanza tül (50 manat); 1 xalça (20x10 ölçüsündə)- saçaqlı (140 manat); mətbəxdə 1 mebel dəsti - boz-göy rəngli, uzunluğu 7.5 metr (4000 manat); 1 böyük soyuducu (BEKO markalı) - boz rəngli (650 manat); 1 paltaryuyan - İndesit markalı, boz rəngli (500 manat); 1 mikrodalğalı soba (180 manat); 1 şüşə, güllü, açılıb-yığılan masa, 4 stul (boz dəri rəngli oturacaqlı)- 280 manat; 1 divan - 3 nəfərlik, açılıb-yığılan, boz rəngli (500 manat); 1 dəst pərdə- kətan, boz rəngli, 4 metr (150 manat); 1 xalça (20x10 sm ölçüsündə)- 50 manat; 1 şirəçəkən maşın - Gepas markalı (55 manat); 1 ətçəkən maşın - Gepas markalı (50 manat); 1 koridorda isə 1 böyük şkaf (800 manat), 1 kiçik şkaf- 200 manat; 2 xalça (30x10 sm və 20x10sm ölçülərində olmaqla) - 900 manat olmaqla, qeyd edilən əşyaların dəyərinin 25000 manatın və iddiaçıya məxsus ünvan 2-ə cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 12000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən evdən aparılmış əşyaların əvəzinə pul tələbi üzrə, vaxtında tələb irəli sürmədiyindən, iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı S. Kərimova məhkəməyə ərizə təqdim edərək iddia tələbində qeyd etdiyi tələbini azaldaraq, ərizədə qeyd olunan 7 adda xalçanın iddia tələbindən çıxarılması, qalan əşyalarla bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-45/2023 saylı işi üzrə 03 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 6935 manat pul məbləği tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq (50 manat) və məhkəmə texniki-tikinti obyektlərinin tədqiqi (100 manat) ekspertizasının tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat ekspertiza xərcinin 50%-i yəni 75 manatının İddiaçı, qalan 50%-i yəni 75 manatının Cavabdeh tutularaq dövlət büdcəsinə hesablaşma hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 225.1, 225.2, 1096.1, 1096.2; Ailə Məcəlləsinin 32.2.2, 34.1, 37.1; Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "Maqnit” mağazasından alınmış 2000 manat dəyərində olan Samsung markalı televizor, 400 manat dəyərində olan Beko markalı soyuducu və 300 manat dəyərində olan İndesit markalı paltaryuyan iddiaçının anası tərəfindən ona hədiyyə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ekspert rəyində 16 və 24 sırada qeyd olunan pərdə dəstləri (165 manat dəyərində) iddiaçının özündədir. Odur ki, iddia ərizəsində göstərilən digər əmlaklar birgə nikah dövründə əldə edilmişdir və həmin əşyaların dəyəri bərabər bölünməklə, cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlaklar nikaha daxil olandan sonra əldə edildiyindən (əşyaların mövcud olması işin mübahisəsiz halıdır), tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlak hesab edilməlidir. Odur ki, İddiaçı iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, 6935 manat (8470 manat (birgə nikah dövründə əldə edilmiş əşyaların dəyəri) ÷ 2=4235 manat + 2700 manat (hədiyyə olunan əşyaların dəyəri 2000+400+300=2700manat) = 6935 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş ziyanın əvəzinin ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Mübahisə predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə dəymiş ziyanın cavabdeh tərəfindən qəsdən vurulmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, təmirin zamanla köhnəlməsi nəticəsində əmələ gəlməsi müəyyən edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

5. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - "Əmlak Qiymətləndirmə Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, QR 2105 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 2 ünvanda istifadədə olan qanuni 2 otaqlı (3 otaqlıya düzəlmə) 68.15 kv.m fərdi yaşayış evinin 1 kv/m təmir qiyməti 175 AZN olmaqla, 12000 AZN civarındadır; - Hərrac təşkilatının 53/01-1 nömrəli hərracın yekunları barədə protokoluna əsasən xx.xx.2020-ci il tarixdə keçirilən hərracla Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-c məhəllədə yerləşən 40A saylı evin 81 saylı mənzili İddiaçı satılmışdır; - xx.xx.2021-ci il tarixli akta əsasən hal şahidlərinin iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5677/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, ev 40A, 81 saylı mənzilin açıq hərracda satılması və mənzilin satışından əldə edilən vəsaitin tərəflər arasında bərabər paylarda bölüşdürülməsini, mənzil hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılmasını nəzərə alaraq həmin mənzil 85000 manat qiymətləndirilməklə tələbkar tərəfindən 42500 manata əldə edilib və bununla bağlı icra hərəkətləri xx.xx.2021-ci il tarixə təyin edilmiş və bununla bağlı 81 saylı mənzil boşaldılaraq tələbkar İddiaçı təhvil verilmişdir; - ƏMDK yanında DƏDRX tərəfindən verilən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, ev 40A ünvanda yerləşən 81 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir; - xx.xx.2022-ci il tarixli, 9/2702 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə dəymiş ziyanın bərpa olunması üçün aparılmalı müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1 kv.m sahəyə təqribən 100 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq fərdi yaşayış evinin inşa olunmasına 6000 manat dəyərində vəsaitin sərf olunduğu müəyyən edilir. Həmin mənzilə dəymiş ziyanın qəsdən və ya təmirin zamanla köhnəlməsi nəticəsində əmələ gəlməsini dəqiqliklə müəyyən etmək mümkün deyildir; - xx.xx.2023-cü il tarixli, 9/8754 nömrəli ekspert rəyinə əsasən göstərilən 29 adda əşyanın istifadədə olması nəzərə alınmaqla, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12125 manat müəyyən olunmuşdur. Digər 2 adda əşya haqqında kifayət qədər məlumat olmadığından həmin əşyalar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır (iş səh. 5, 30-34, 120 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. Cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-45/2023 saylı qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3, 373.2, 375.2; Ailə Məcəlləsinin 36.4, 36.9; Mülki Prosessual Məcəlləsinin 88, 101.7, 202, 384.0.2, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin mənzilə ziyan dəyməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun gəldiyindən, toplanmış sübutların məcmusu ilə tam təsdiq olunduğundan cavabdeh tərəfindən qəbul edilmişdir. Bununla belə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Maqnit” mağazasından alınmış 2000 manat dəyərində olan Samsung markalı televizor, 400 manat dəyərində olan Beko markalı soyuducu və 300 manat dəyərində olan İndesit markalı paltaryuyan iddiaçının anası tərəfindən ona hədiyyə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ekspert rəyində 16 və 24 sırada qeyd olunan pərdə dəstləri (165 manat dəyərində) iddiaçının özündədir. Odur ki, iddia ərizəsində göstərilən digər əmlaklar birgə nikah dövründə əldə edilmişdir və həmin əşyaların dəyəri bərabər bölünməklə, cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş həmin hallar dəqiq araşdırılmadığından, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən, ziddiyyətli sübutlarla təsdiq edildiyindən qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmə tərəfindən araşdırma tam, obyektiv və hərtərəfli aparılmamış, sübutların qiymətləndirilməsində birtərəfli mövqe tutaraq, yalnız iddiaçının dediklərinə üstünlük vermişdir. Belə ki, İddiaçı ilə aralarındakı nikah pozulduqdan sonra öz aralarında evin əşyalarını bərabər surətdə bölmüşlər. İddiaçı ona məxsus olan (bütün əşyaların siyahısı iş materiallarında vardır) əşyaları apardı. Şüşəli stol, 6 ədəd stul, termo, mebel saat, gecə lampası ağır olduğundan apara bilmədi, qablaşdırılaraq evdə qaldı. Bölgüdən sonra o, evdə olmayanda İddiaçı gəlib 5 ədəd bahalı xalçanı aparıb ki, yudurdub qaytaracaq, ancaq qaytarmadı. Evdə qalan ona məxsus qablaşdırılmış əşyaları istəyəndə demişdir ki, xalçaları gətir, sonra əşyalarını apar. İddiaçı Binəqədi rayon, 5-ci polis bölməsinə şikayət ərizəsi yazdı, o, polis bölməsinə izahat verərkən evin xalçalı və xalçasız şəkillərini təqdim etdi və dedi ki, xalçaları gətirsin əşyalarını aparsın. İddiaçı bunu etmədi. Əksinə, apardığı xalçaları iddia ərizəsində ondan tələb etdi, lakin məhkəmənin sonrakı mərhələlərində məcbur olub xalçaları, 165 manat dəyərində pərdə dəstlərini və 50 manat dəyərində Gepas markalı ətçəkən maşın (rəydə 27-ci sırada) apardığını etiraf etdi. Ancaq, 500 manat dəyərində (ekspert rəyində 11-ci sırada) qiymətləndirilən 2 dəst dekorlu pərdənin (naxışlı orqanza tül, qara sadə qollu, 6 metr eni, 3 metr hündürlüyü olan) də iddiaçı tərəfindən digər pərdə dəstləri ilə birgə qablaşdırıb aparması foto şəkillər, səs yazısı ilə sübut olunmasına baxmayaraq, məhkəmə tərəfindən ətçəkən maşın və dekorlu pərdə ümümi əmlak sıyahısından çıxarılmamışdır. Bundan başqa, iddiaçı ərizəsində otaq qapılarının onun əşyalarla birlikdə apardığını yazmış, mətbəxtdə 500 manat dəyərində (ekspert rəyində 23-cü sırada) qiymətləndirilən 1 ədəd ( 3 nəfərlik, açılıbyığılan, boz rəngli) divan olmadığı halda siyahıya əlavə etmişdir. O, hakimə ərizə ilə müraciət etdi ki, iş materiallarında evin foto şəkilləri vardır, orada mətbəxtdə ancaq stol və stullar olduğu, boz rəngdə divanın olmaması və otaq qapılarının yerində olması əks olunur. Buna baxmayaraq, hakim iş materiallarına istinad etmədən, yalnız iddiaçının sözü ilə 500 manat dəyərində 1 ədəd divanı da ümumi əmlak siyahısından çıxarmamışdır. İddiaçının ərizədə əvvəl xalçaların və pərdə dəstlərinin onda olmadığını, otaq qapılarını çıxarıb apardığını deməsi bir daha sübut edir ki, iddiaçı qərəzli mövqe tutaraq ondan daha çox məbləğdə pul almaq məqsədini güdür.Bundan başqa, məhkəmə hesab etmişdir ki, “Maqnit” mağazasından alınmış 2000 manat dəyərində olan ‘Samsung” markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyan iddiaçının anası tərəfindən ona hədiyyə verilmişdir. Halbuki, iş materiallarında həmin əşyaların anası tərəfindən iddiaçıya hədiyyə edilməsini təsdiq edən heç bir sübut yoxdur, hətta iddiaçı iddia ərizəsində və məhkəmənin heç bir iclasında bu barədə bildirməmişdir. İddaçı sonradan öyrənmişdir ki, hədiyyə olunan əşyalar ümumi mülkiyyətə daxil edilmir, ona görə də, yekun məhkəmə iclasında sözü gedən əşyaların anası tərəfindən ona hədiyyə edildiyini yalandan bildirmişdir. Həqiqət isə bundan ibarətdir ki, 1993-cü ildə aralarında nikah bağlanarkən və sonra yaşadıqları illər ərzində anası ona heç bir cehiz əşyaları verməmiş, əvvəl yaşadıqları mənzilə (Azadlıq prospekti-72) və boşanma zamanı bölünmüş sonrakı mənzilə əşyaları birgə nikah dövründə özləri almışlar. Ona görə də, iddiaçı boşandıqdan sonra cehiz əşyaları da tələb etməmişdir. Anası ilə münasibətlər yaxşı olan vaxtlarda o, iddiaçı və onun anası birlikdə ticarətlə məşğul olmuş, xarici ölkələrdən müxtəlif geyim və digər əşyalar gətirib satmış, sərmayələri və gəlirləri bir olmuşdur. Həmin vaxtlar anasının təşəbbüsü ilə bir nəfər qohumun adına “Maqnit” mağazasından 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşın kreditlə götürülmüş, həmin krediti isə həm anası, həm özü ümumi qazandıqları puldan ödəmişlər. Belə olduğu halda, məhkəmə obyektiv həqiqətin üzə çıxarılmasına təşəbbüs göstərməmiş, yalnız iddiaçının yalan sözlərini heç bir sübut olmadan əsas götürmüşdür. Eləcə də, iş materiallarından görünür ki, iddia ərizəsində tələb olunan əşyaların dəyəri ekspertiza tərəfindən həddən artıq şişirdilmiş, rəydə bir əşyanı götürsək, 2006-cı il istehsalı “Samsung” markalı, 100 diaqanal televizor 2000 manat dəyərində qiymətləndirilmişdir. Rəydə göstərilmişdir ki, bazar qiymətləri müəyyənləşdirərkən, malın bazar qiymətləri və birja katirovkaları haqqında rəsmi məlumat mənbələrindən dovlət və yeri hakimiyyət orqanlarının məlumat bazalarından vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan istifadə edilir. Hazırkı əşyalar qiymətləndirilərkən, Bakı şəhərində yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında adları sadalanan əşyaların hazırkı bazar qiyməti müəyyən edilmişdir. Ancaq ekspert rəyində konkret olaraq hansı mənbəyə sorğu verilib cavab alınması, hazırda 100-200 manata sata bilmədiyi 2006-cı il istehsalı, 100 diaqonal, işlənmiş, köhnə model “Samsung” televizorunu hansı mənbənin 2000 manata qiymətləndirilməsi göstərilməmişdir. İşdə materiallarında eyni əşyaların qiymətləndirilməsinə dair bir-birinə zidd olan iki ekspertizası rəyi vardır. Ekspertizanın ( ekspert E.Qəhrəmanov) xx.xx.2022-ci il tarixli 9/2702 saylı rəyində iş materiallarında göstərilən 14 adda əşyaların istifadə müddəti nəzərə alınmaqla orta bazar qiyməti təxminən 4625 manat müəyyən olunmuş, 15 adda əşyalar haqqında məlumatlar olmadığından qiymətləndirmə aparıla bilməmişdir. Ekspertizanın (ekspert E.Həbibov) xx.xx.2022-ci il tarixli, (tarix xx.xx.2023-cü il göstərilib) 2(001)-214/2022ci il saylı rəyində isə iş materiallarında göstərilən 29 adda əşyaların istifadə müddəti nəzərə alınmaqla orta bazar qiyməti təxminən 12125 manat müəyyən olunmuş, digər 2 adda əşyalar haqqında məlumatlar olmadığından qiymətləndirmə aparıla bilməmişdir. Rəylər arasında ziddiyyətlər olduğu halda, məhkəmə həmin ziddiyyyətlərin aradan qaldırılmasına təşəbbüs göstərməmiş, ekspertizanın aparılmasını bir neçə ekspertə tapşırmaqla təkrar ekspertiza təyin etməmiş, əşyaların ekspertə təqdim olunmasını təmin etməmiş, ekspertləri çağırıb şişirdilmiş bazar qiymətləri və yaranmış ziddiyyətlərin aradan qaldırılması ilə bağlı dindirməmiş və əksinə bu barədə məhkəmədə vəsatəti əsassız olaraq rədd edilmişdir. Bundan başqa, siyahıda qiymətləndirilərək adları göstərilən “Maqnit” mağazasından alınmış 2000 manat dəyərində olan “Samsung” markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyan maşın hazırda işlək və saz vəziyyətdə ondadır. Dəfələrlə deməsinə baxmayaraq, nə məhkəmə tərəfindən həmin əşyalara yerində baxış keçirilməmiş, nə də real qiymətləndirmə aparılması üçün ekspertlər əşyalara baxmamış, sonda məhkəmə belə bir yarımçıq, ziddiyyətli ekspert rəyini əsas götürmüş və ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmişdir. Eyni zamanda məhkəmə proseslərində rəydə qiymətləndirilən 2000 manat dəyərində olan “Samsung"’ markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyan maşının onda olduğunu, həmin əşyaları natura şəklində qaytarmağa hazır olduğunu dəfələrlə bildirsə də, məhkəmə həmin əşyaların natura şəklində ödənilməsi əvəzinə, əksinə qanunsuz və ədalətsiz olaraq həmin əşyaların həddən artıq şişirdilmiş qiymətlərlə dəyərini ondan pul şəklində alınıb iddiaçıya verilməsini qət etmişdir. Bildirir ki, iddiaçı ilə aralarında olmuş nikah Binəqədi rayon məhkəməsinin 09 sentyabr 1916-cı il tarixli qətnaməsi ilə pozulmuş, həmin vaxtdan etibarən ayrı yaşamışlar. Nigah pozulduqdan sonra şifahi razılaşma əsasında birgə nikah dövründə əldə edilmiş əşyalar aralarında bölünmüşdür. Bundan 5 il sonra, yəni iddia müddəti keçdikdən sonra apardığı əşyaların da pulunu ondan almaq məqsədi ilə məhkəməyə əmlak tələbi ilə iddia ərizəsi vermişdir. İddia müddətinin axımının dayandırılması üçün heç bir əsas olmamışdır.Bu barədə məhkəməyə yazılı ərizə versə də, nəzərə alınmamış, məhkəmə tərəfindən iddiaçının əsassız və qanunsuz verilmiş iddia ərizəsinə baxılmış, bununla da Azərbaycan Respublikası MM-nin 373.2, 375.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmədə mübahisələndirilən bütün əmlak tərəflərdə olduğu və onun natura şəklində bölünməsinə yol verildiyi halda, heç bir əşyaya zərər vurulmadan onların bölünməsi mümkün olduğu halda, bu barədə xahişi nəzər alınmamış, məhkəmə tərəfindən əmlakın naturada ayrılması təmin edilməmiş, əksinə həmin əşyaların həddən artıq şişirdilmiş qiymətlərlə dəyərinin ondan pul şəklində alınıb iddiaçıya verilməsini qət etmişdir. İşin hallarından göründüyü kimi, hakim işdə olan sübutların qiymətləndirilməsində obyektiv mövqe tutmamış, ekspert rəyində əşyaların şişirdilmiş dəyərini digər sübutlarla yanaşı qiymətləndirmədən qəbul etmiş və yalnız iddiaçının dediklərini əsas götürmüşdür. Məhkəmə tərəfindən həmin normaların tələbləri pozularaq, tərəflərdə saxlanılan və məhkəməyə gətirilə bilməyən maddi sübutlara saxlandığı yerdə baxış keçirilməmiş və tədqiq edilməmişdir. Halbuki, birgə əmlakın natura şəklində bölünməsini və real qiymətləndirilməsini təmin etmək üçün ekspertin iştirakı ilə maddi sübutların müayinə və tədqiq edilməsi zəruri idi. İşin hallarından göründüyü kimi, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan bir sıra hallar sübut edilməmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Maqnit” mağazasından alınmış 2000 manat dəyərində olan “Samsung”’ markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyan iddiaçının anası tərəfindən ona hədiyyə verilmişdir. Ancaq həmin əşyaların iddiaçıya hədiyyə verilməsi heç bir mötəbər sübutla təsdiq olunmamışdır. Bundan başqa, birgə yaşadıqları dövrdə mətbəxtdə yalnız stol və stullar olduğu, orada boz rəngdə divanın olmaması iş materiallarında olan evin foto şəkilləri və digər sübutlarla təsdiq edildiyi halda, məhkəmə mətbəxtdə 500 manat dəyərində 1 ədəd boz rəngli divanın olması nəticəsinə gələrək, həmin əşyanı ümumi əmlak siyahısından çıxarmamış, və məhkəmənin müəyyən etdiyi həmin hal qeyri-mötəbər, ziddiyyətli sübutlarla təsdiq edilmişdir və.s. Birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar ondan ibarətdir ki, birgə mülkiyyətdə olan bir sıra əşyalar bölgü siyahısından çıxarılmış, tərəflərin razılığı ilə əşyaların natura şəklində bölünməsi təmin edilməmiş və əşyaların şişirdilmiş qiymətləri ilə ondan 6935 manat pulun alınıb iddiaçıya verilməsi kimi işin hallarına uyğun gəlməyən nəticəyə gəlinmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Cavabdeh məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı Oktay qızı ilə aralarındakı nikah Binəqədi rayon Məhkəməsinin qərarı ilə 9 sentyabr 2016-cı ildə pozulmuşdur. 2017-ci ildə İddiaçı Oktay qızı ilə birgə nikah dövründə aldıqları bütün əşyaları öz aralarında bölmüşlər və ona aid olan əşyaları özü ilə yaşadığı ünvana aparmışdır. İddiaçı Oktay qızı əşya tələbi ilə apardığı əşyaların bir qismini qərəzli şəkildə iddia ərizəsinə yazaraq 18 fevral 2022-ci ildə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin yekun iclasında hakim Günel Abbasova ilə İddiaçı məhkəmə zalında baş-başa verərərək xalçaların, pərdə dəstlərinin, ətçəkən maşınının, süfrə dəstlərinin siyahıdan çıxarılması əşyaların 2017ci ildə bölünməsini əşyaların İddiaçı Oktay qızında olmasını sübut edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9 maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. AR MM-in 372.1 və 372.-ci maddələrinə əsaən başqa şəxsdən hər hansı hərəkət yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddəti iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-nin 373.2, 373.4-cü maddələri). Eyni zamanda tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-nin 373.5-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və nataman sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda yazılanlara əsasən iddia müddətinin ötürülməsini nəzərə alaraq Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-45/2023 saylı mülki iş üzrə İddiaçı Oktay qızının barəsində çıxarılmış qərarın ləğv edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini müdafiə edərək, iddiaçı ilə aralarındakı nikahın 2016-cı ilin iyun ayında pozulduğunu və iddiaçının 2022-ci ildə 3 illik idda müddətini ötürməklə 6 ildən sonra iddia tələbi ilə məhkəməyə müraciət etdiyini, nikahları pozulduqdan sonra iddiaçı ilə aralarında şifahi razılıq əsasında mübahisə edilən əşyaların bölgüsünün edildiyini, həmin bölgü əsasında iddiaçıya aid bəzi əşyaların onun özü tərəfindən aparıldığını, bəzilərinin isə mübahisəli mənzildə saxlanıldığını, ona aid xalçaların isə iddiaçının yumaq adı ilə apardığını və qaytarmadığını, dəfələrlə xalçaları gətir, əşyalarını apar deməsinə baxmayaraq, iddiaçının xalçaları gətirmədiyini və özünün iddiaçıya məxsus evdə qalan bəzi əşyaları götürdüyünü qeyd etmişdir. Bundan əlavə bildirmişdir ki, birinci instansiya məhkəməsi 2000 manat dəyərində olan ‘Samsung” markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyanın iddiaçının anası tərəfindən ona hədiyyə verilməsini əsas gətirərək, 4235 manat məbləğin üstünə qeyd edilən əşyaların 2700 manat dəyərini də tam gələrək, yalnış olaraq 6935 manat məbləğində pulun iddiaçının xeyrinə ondan tutulması qənaətinə gəlmişdir, lakin həmin əşyalar cehiz yox, birgə nikah dövründə alınan əşyalar olmuşdur, əşyaların qiyməti şişirildilmişdir və həmin əşyalarının iddiaçının anası tərəfindən alınmasına dair hər hansı sənəd isə iş materiallarında yoxdur.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı nikahları pozulduqdan sonra cavabdeh ilə aralarında şifahi razılığa gələrək əşyalarının bölgüsünü apardıqlarını, bölgü əsasında özünə aid olan əşyaları cavabdehin yaşadığını, lakin ½ hissəsi ona məxsus olan evə yığdığını, 2021-ci ildə evi hərracdan aldıqdan sonra mənzil olan təhvil verildikdə həmin əşyalarının cavabdeh tərəfindən götürüldüyünü bildiyini və bundan sonra məhkəməyə müraciət etdiyini bildirmiş, birinci instansiya icraatı zamanı cavabdeh tərəfindən mübahisə edilən xalçaları iddia tələbindən çıxardığını qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2000 manat dəyərində olan ‘Samsung” markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyan anası tərəfindən ona cehiz kimi alınmışdır, lakin mağaza ünvanını dəyişdiyindən bununla bağlı hər hansı sənəd əldə etməkdə çətinlik çəkmişdirlər. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 152-158, 225 və Ailə Məcəlləsnin 31-37; Mülki Prosesual Məcəllənin 76.1, 77, 80-82, 106, 217.4, 385- 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətləri üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri əsassızdır, qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şikayətin qətnaməyə aid mübahisələndirilən hissələrinə dair birinci instansiya məhkəməsinin qənaətinin hüquqi və ya faktiki əsaslarla yanlış olması sübuta yetirilmir və apellyasiya şikayətinin dəlillərinə (etirazın əsasına) dair birinci instansiya məhkəməsinə təqdim edilməli olan mötəbər sübutlar müzakirəyə təqdim edilməmişdir. Ələlxüsus qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində müxtəlif (ziddiyyətli) əsaslar təsbit edilsə də, apellyasiya icraatı zamanı mövqeyin dəqiqləşməsinə aydınlıq gətirmiş və iddia müddətinin tətbiqi əsası ilə iddianın rədd edilməsini tələb etmişdir. Lakin kollegiyanın iclasında birinci instansiya məhkəməsi tərəfindən bəzi əşyaların cehiz kimi, həm də yüksək olaraq 2700 manat qiymətləndirilməsi hissəsində apellyasiya şikayətini müdafiə etmiş, əşyaların qiymətinin şişirildiyini və cehiz kimi deyil, birgə nikah dövründə əldə edildiyini bildirmiş, lakin buna dair (iddianı təkzib edən) sübutlar təqdim etmişdir. Qeyd edilməlidir ki, nikaha daxil olduğu zaman adət-ənənəyə uyğun cehiz əşyaların gəlin tərəfindən təqdim edilməsi hamıya bəlli olan haldır. Əşyaların mövcudluğunu cavabdeh etiraf etsə də, onların cehiz olduğunu inkar edir. Ona görə, əksi sübuta yetirilməyincə hamıya bəlli olan halın, yəni əşyaların cehiz əşya kimi qəbul edilməsi yolveriləndir. Əşyaların dəyərinə aid isə ekspertin rəyini təkzib edən sübutlar təqdim edilmədiyindən ona sübutların mötəbərliyi baxımından qiymət verilməməsi üçün əsaslar rmüəyyən edilmir. İddia müddətinin keçməsi ilə əlaqədar kollegiya hesab edir ki, iddiaçının hüquqlarının pozulmasını bildiyi məqam 2021-ci ildə - mənzilin ona təhvil verildiyi zamandan hesablanmalıdır. Belə ki, icra məmuru tərəfindən tərtib edilmiş 2.02.2021-ci il tarixli aktla mənzilin iddiaçıya təhvil verildiyi, hər iki tərəfin etirafı ilə mübahisə edilən əşyaların bölgüsünün tərəflərin razılaşması ilə aparıldığı və iddiaçıya məxsus əşyaların bir hissəsinin əvvəl mübahisə predmeti olmuş mənzildə saxlanıldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı cavabdeh iddiaçıya məxsus bəzi əşyaların iddiaçıya təhvil verilənədək mənzildə saxlanıldığını, mənzil iddiaçıya təhvil verilənədək özünə məxsus əşyaları apardığını, lakin cavabdehə məxsus xalçaların da iddiaçı tərəfindən aparıldığını, habelə düzgün olmayaraq məhkəmə tərəfindən cehiz əşyaları kimi qiymətləndirilən əşyaların birgə nikah dövründə alındığını bildirmişdir. Beləliklə, cavabdeh tərəfindən bütövlükdə əşyaların mövcudluğu qismən etiraf edilsə də, onların çeşidinə və mülkiyyət hüquqi rejiminə dair aydınlıq gətirilməmişdir. Kollegiya hesab edir ki, belə aydınlığın gətirilməsi vəzifəsi öz etirazının sübutu kimi cavabdehə mənsubdur. Mənzil təhvil verilənədək iddia müddətinin ötməsi ehtimalına dair isə qeyd edilməlidir ki, qeyd edilən zamanadək tərəflər arasında əşyaların bölgüsü ilə bağlı razılıq əldə edildiyindən hüquqların pozulması müəyyən edilməmişdir. Beləliklə, qanunvericiliklə müəyyən edilmiş üç illik iddia müddətinin ötməsi müəyyən edilməmiş, lakin cavabdehin iddia müddətinin tətbiqi barədə dəlillərini müdafiə etməsi faktiki olaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların onun tərəfindən qəbul edilməsini şərtləndirmişdir.

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən : 377. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

16. Diqqətə çatdırılmalıdır ki, tərəflərin nikah münasibətlərinə daxil olarkən və ya ondan sonra qanunvericiliklə müəyyən edilən nikah müqaviləsinin tərtib edilməməsi onların özlərinə mənsub mülki hüquqlarına (risk dairəsinə) aid məsələdir. Məhkəmə sübutların axtarışında olmamalı və yalnız çəkişmə prinsipinə müvafiq tərəflərin təqdim etdikləri sübutların mümkünlüyünə və mötəbərliyinə qiymət verməlidir.

17. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-45/2023 saylı işi üzrə 03 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar