Məhkəmə qərarları › İş №2(103)-668/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-668/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-668/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı LPO «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(002)-4229/2017 saylı qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2.766 ABŞ dolları 94 sent əsas borc, 1.777 ABŞ dolları 18 sent faiz və 845 ABŞ dolları 85 sent cərimə olmaqla, cəmi 5.389,97 ABŞ dolları borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2.766,94 ABŞ dolları əsas borc, 1.243,47 ABŞ dolları faiz və 312,14 ABŞ dolları cərimə olmaqla, cəmi 4.322,55 ABŞ dolları borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(002)-4229/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2.766,94 ABŞ dolları əsas borc, 1.243,47 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 4.020,41 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «xxxx» ASCyə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən kredit müqaviləsi bağlanarkən müqavilə girovla təmin edilmişdir. Yəni bankla Cavabdeh1 arasında əlavə olaraq girov müqaviləsi də bağlanmışdır. Həmin girov müqaviləsinə əsasən, kredit müqaviləsinin şərtləri pozulduğu təqdirdə kreditin ödənilməsi ilk olaraq girova yönəldilməli idi. Lakin nədənsə kreditor həmin girov müqaviləsini məhkəmədən gizlədərək, məhkəməni yanlış qərar qəbul etməyə sövq etmişdir. Həmin müqavilənin şərtlərinə əsasən, qoyulmuş girov açıq hərracdan satılaraq kredit borcunun bağlanmasına yönəldilməli, yalnız satışdan əldə olunan məbləğ borcu tam ödəmədiyi zaman, tutmanm borclu və zaminə yönəldilməsi həyata keçirilməli idi. Girovun dəyəri borcun məbləğini tam bağlamaq iqtidarında olduğu halda, tutmanm zaminə də yönəldilməsi tamamilə absurd bir qərardır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyatora münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli 466-14 USD saylı kredit müqaviləsindən görünür ki, iddiaçı «xxxx» ASC-nin «Bayıl» filialı tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 31 faiz ödəmək şərti ilə 3.400 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli ZM-466-14 USD saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 «xxxx» ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 borcu aşağıdakı kimidir: - 2766 ABŞ dolları 94 sent əsas borc, 1243 ABŞ dolları 47 sent faiz, 312 ABŞ dolları 14 sent cərimə, cəmi 4322 ABŞ dolları 55 sent. İşdən göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı əsasında müəyyən edilmişdir. Buna baxmayaraq, iş üzrə tam və hər tərəfli araşdırma aparılması məqsədi ilə məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-7661/2020 saylı qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə Bank tərəfindən ödənilməsi tələb olunan borc məbləğinin fərqli hesablandığı müəyyən olunmuşdur. Belə ki, ekspertiza tədqiqatının nəticələrinə dair məhkəmə kollegiyasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxxxx 2021-ci il tarixli 9/5148 saylı ekspert rəyinə əsasən, xx.xx.2014-cü il tarixli 466-14 USD nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 2168,37 ABŞ dolları məbləğində kompensasiya ödəniş edilmişdir. 2168,37 ABŞ dolları məbləğində kompensasiya nəzərə alındığı təqdirdə 598,57 ABŞ dolları əsas, 1976,59 ABŞ dolları faiz borcu ümumi, 2575,16 ABŞ dolları məbləğində borc hesablanır. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil apellyator tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88-ci maddələri). Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin kredit borcu üzrə əsas borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Buna baxmayaraq, kollegiya qeyd edir ki, iddiaya tələbdə göstərilən həddə baxıldığından faiz borcunun ekspert rəyində göstərilən məbləğdə nəzərə alınması hüquqmüəyyənlik prinsipinə ziddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borclular tərəfindən Banka ödənilməmiş əsas borcunun məbləği 598,57 ABŞ dolları, faiz borcunun məbləği 1243,47 dolları, ümumilikdə 1842,04 ABŞ dolları müəyyən edilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyatorun məhkəməyə təqdim etdiyi xx.xx.2014-cü il tarixli 125.CL.301214.00001/a saylı girov müqaviləsindən görünür ki, həmin girov müqaviləsi Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış 125.LN.2102.301214.00001 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. Hazırkı mübahisənin predmeti isə, iddiaçı «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 466-14 USD saylı kredit müqaviləsidir. Göründüyü kimi cavabdehin istinad etdiyi girov müqaviləsinin hazırkı mübahisəyə hər-hansı aidiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bundan başqa kollegiya hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat apellyator Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, LPO “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 466-14 USD saylı kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcunun məbləği 598,57 ABŞ dolları, faiz borcunun məbləği 1243,47 dolları, ümumilikdə 1842,04 ABŞ dolları müəyyən edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat apellyator Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(002)-4229/2017 saylı qətnaməsi dəyişdirilsin. LPO “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 466-14 USD saylı kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcunun məbləği 598,57 ABŞ dolları, faiz borcunun məbləği 1243,47 dolları, ümumilikdə 1842,04 ABŞ dolları müəyyən edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat apellyator Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar