Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6683/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2049/2022 saylı 24 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 023CASA193290006 saylı Güzəştli kredit müqaviləsinin surətindən görünür ki, ƏmənovZülfü Oruc oğluna 60 ay müddətinə illik 1 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 15494.18 AZN məbləğində kredit verilmişdir.
2. İş materiallarına əlavə olunmuş Cavabdeh1 ilə kreditor arasında bağlanmış 023FİZAM46632502 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür.
3. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 023CASA193290006 saylı Güzəştli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 15494.18 AZN məbləğində krediti 60 ay müddətinə, ilk 12 ay güzəşt müddəti çıxılmaqla, ayda 329,43 AZN ödəməklə qaytarması nəzərdə tutulmuşdur.
4. İş materiallarına əlavə edilmiş hesab üzrə çıxarışın surətindən görünür ki, Cavabdeh2 hesabına 15494,18 manat məbləğində kredit ödənilmişdir.
5. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışın surətindən görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə iddia qaldırılan günə 14794,18 AZN məbləğində əsas borcu, 127,39 AZN məbləğində faiz borcu, cəmi 14921,57 AZN məbləğində borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanılmış 023CASA193290006 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14794,18 AZN kredit borcu, 127,39 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 14921,57 AZN, həmçinin 134,77 AZN ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırımışdır ki, Bank Respublika” ASC ilə bağlanmış 023CASA193290006 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən cavabdeh ƏmənovZülfü Oruc oğluna 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 15494.18 AZN məbləğində kredit verilmişdir. Digər Cavabdeh1 ilə kreditor arasında bağlanmış 023FİZAM46632502 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 14794.18 AZN əsas kredit borcu, 127.39 AZN kreditdən istifadəyə görə faiz borcu Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: olmaqla, cəmi 14921.57 AZN borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zəruriyəti yaranmışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2049/2022 saylı 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanılmış 023CASA193290006 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14794,18 AZN kredit borcu, 127,39 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 14921,57 AZN, həmçinin 134,77 AZN ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 445, 448.1, 449.1, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ona münasibətdə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə Əmənov Zülfi ilə bank arasında 15494 manat məbləğində pula dair bağlanmışdır. Kredit müqaviləsi bağlanan gündən Cavabdeh2 ödənişlər etmiş, lakin həmin ödənişlər nəzərə alınmadan kredit borcu əsas borc üzrə 14794,18 manat qalmışdır. Yəni tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilmiş borc nəzərə alınmamış, kredit müqaviləsinin şərtləri dəyişdirilmişdir. Onun zamin kimi öhdəliyinə xitam verilməli, borc yalnız Cavabdeh2 tutulmalı olduğu halda məhkəmə əsassız olaraq iddia tələbini ona münasibətdə təmin etmişdir. Həmçinin məhkəmə iclaslarından xəbəri olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Madə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
17. Maddə 445.2.1 öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
18. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 470 zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
20. Maddə 472 borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
21. Maddə 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
22. Maddə 741 əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin yalnız ona münasibətdə ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə xahiş etdiyindən apellyasiya baxışının hədlərini məhz iddia tələbinin ona münasibətdə təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2049/2022 saylı 24 may 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, Cavabdeh1 ilə kreditor arasında bağlanmış 023FİZAM46632502 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür.
33. Qanunvericiliyin tələbi baxımından borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (MM-nin 472.1)
34. Həmçinin əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (MM-nin 472.2)
35. Göründüyü kimi, Cavabdeh1 digər Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürsə də, müqavilə ilə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14794,18 AZN kredit borcu, 127,39 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 14921,57 AZN, həmçinin 134,77 AZN ödənilmiş dövlət rüsumu İddiaçı ASC-yə ödənilməlidir.
36. Kollegiya qeyd edir ki, Cavabdeh2 iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etmədiyindən və Cavabdeh1 digər Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürdüyündən iddiaçı qarşısında borc məbləği həddində məsuliyyət daşıyır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirlən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2049/2022 saylı 24 may 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.