Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6683/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və valideynin əlavə xərclərə cəlb edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iki uşağın – xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün əvvəlki qətnamə - Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı (hər ay hər uşağa görə 193 manat) artırılsın, hər ay hər uşağa görə 220 manat aliment cavabehdən (atadan) tutularaq iddiaçıya (anaya) verilsin, bundan başqa, X2 üçün əlavə xərclərə görə hər ay 502,52 manat cavabehdən tutularaq iddaçıya verilsin. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 220 manat müəyyən edilsin, bundan başqa, X4 ortodontik müalicəsi (estetik breket) üçün tələb edilən 600 manat məbləğində vəsaitin yarısı olan 300 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin bir hissəsi - X2 üçün əlavə xərclər barədə tələbin rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənn əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşğıda qeyd olunanlarla əsaslandırır: Həmin uşağa “Uşaq auitzmi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq artikulyasiyanının spesfik pozğunluğu” diaqnozu təyin olunub. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Bu maddədən görünür ki, o, mütəsna hallarda tətbiq olunur. Müstəsnalıq onunla izah olunur ki, aliment öz təyinatına görə uşağın saxlanması üçündür (Ailə Məcəlləsi, maddə 75). “Saxlanma” deyildikdə isə yalnız qidaya, geyimə, tədris vasitələrinə olan tələbatın deyil, həm də müalicəyə olan tələbatın ödənilməsi nəzərdə tutulur. Ona görə də uşağın müalicə xərci aliment hesabına qarşılanmalı, əgər zərurət olarsa daha çox miqdarda aliment tələb olunmalıdır. Yalnız müstəsna hallar mövcud olduqda 81.1-ci maddə tətbiq edilə bilər. 81.1-ci maddənin mətnində “ağır xəstə” ifadəsi qeyd olunub, lakin xəstəliyin ağırlığı öz-özlüyündə müstəsnalıq yaratmır. Müstəsnalıq o zaman mövcud olur ki, müəyyən olunsun ki, ağır xəstəliklə bağlı uşağın konkret müalicəyə ehtiyacı var, həmin müalicənin xərci açıq-aşkar yüksək olduğuna görə alimentlə qarşılana bilmir və uşağın bu müalicəni (tibbi xidməti, dərman vasitələrini və s.) pulsuz almaq hüququ yoxdur. Bu baxımdan iddianın rədd edilən hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Odur ki, qətnamənin iddianın rədd edilən hissəsində ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6683/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6683/2023
03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver