Məhkəmə qərarları › İş №2(103)-6685/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6685/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6685/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı X2 xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 5368,73 manat məbləğində kredit borcu, 1786,22 manat məbləğində faiz borcu və 2584,05 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9739 (doqquz min yeddi yüz otuz doqquz) manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 021L**********07 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 02İRİ807863204 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4631.27 manat ödəmiş, onun 5368.73 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün onun xx.xx.2020-ci il tarixə 482 gün üçün hesablanmış faiz borcu 1786.22 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(094)-179/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 021R********** saylı kredit razılaşması üzrə 5368,73 (beş min üç yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat məbləğində kredit borcunun, 1786,22 (min yeddi yüz səksən altı manat iyirmi iki qəpik) manat məbləğində faiz borcunun, 100 (yüz) manat məbləğində cərimə borcunun və30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 7284,95 (yeddi min iki yüz səksən dörd manat doxsan beş qəpik) manatın tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 hazırki iş üzrə zamin qismindədir. Cavabdeh1 sağ-salamat olduğu yerdə onun borcunun zamindən tutulması əsassızdır. Bundan əlavə hesab edirlər ki, dəbbə pulu düzgün hesablanmamışdır. Məhkəmə iclasında Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, İddiaçı QSC nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materialarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 021L**********07 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, cavabdehə 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materialarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 02İRİ807863204 saylı kredit razılaşmasından görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı müqəvilə əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı QSC-nin 4317 nömrəli, xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə banka 5368,73 manat məbləğində əsas borcu, 1786,22 manat məbləğində faiz borcu, 2584,05 manat məbləğində cərimə borcu, cəmi 9739 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş xx xxxx 2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 bağladığı müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Borclu Cavabdeh1 öz öhdəliklərini yerinə yetirmədiyi, krediti lazımi qaydada ödəmədiyi halda onlar öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə qaydada məsuliyyət daşımasını öz üzərinə öhdəlik kimi götürmüşlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı hesab etmir. Belə ki, cavabdehlər dəbbə pulunun düzgün hesablanmadığını, onun əsassız olduğunu qeyd etsələr də, buna dair sübut məhkəməyə təqdim etməmişlər. Bundan əlavə, məhkəmə kollegiyası apelyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, cavabdehlər borcun Cavabdeh1 tutulmasını, zamindən borc məbləğinin tələb olunmasının əsassız olduğunu qeyd etsələr də, məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Kollegiya izah edir ki, iş materiallarından da göründüyü kimi, tərəflər arasında xx xxxx 2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə Cavabdeh2 tərəfindən imzalanmış, cavabdeh borclunun öhdəliklərinin icra edilməsinin təminatı olaraq kreditor qarşısında məsuliyyət götürmüş, həmin müqavilə mübahisələndirilməmiş və qüvvədədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1. maddəsinə əsasən, əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1. maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən götürülmüş öhdəliyin lazımınca yerinə yetirilməməsini və müqavilənin şərtlərini nəzərə alaraq, birinci instansiya məhkəməsi əsaslı olaraq iddianın qismən təmin olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(094)-179/2020 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar