Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6690/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər:kredit borcu, ipoteka) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 22 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 29 aprel 2014- cü il tarixli 141/14/460/14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 12.5 (on iki tam onda beş) faiz ödənilməsi şərti ilə 120 (yüz iyirmi) ay müddətinə 63000 (altmış üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında yerləşən 160 saylı mənzil 29 aprel 2014-cü il tarixli 141/14/460/14 saylı alqı-satqı və ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
2. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində cavabdehin xx.xx.2022-ci il tarixə Banka 34933.95 (otuz dörd min doqquz yüz otuz üç manat, 95 qəpik) manat məbləğində əsas borc, 3285.60 (üç min iki yüz səksən beş manat, 60 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 38219.55 (otuz səkkiz min iki yüz on doqquz manat, əlli beş qəpik) manat məbləğində borcu yaranmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı LPO "xxxx" KB QSC Cavabdeh qarşı 29 aprel 2014- cü il tarixli 141/14/460/14 saylı kredit müqaviləsi üzrə 34933.95 manat məbləğində əsas borc, 3285.60 manat məbləğində faiz borcu, ümumilikdə isə 38219.55 manat pulun, 204.66 (iki yüz dörd manat, 66 qəpik) manat dövlət rüsümunun və 45 (qırx beş) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 249.66 (iki yüz qırx doqquz manat, 66 qəpik) manat pulun Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 160 saylı mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması və satıldıqdan sonra boşaldılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu şəxs üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə Banka ümumilikdə 38219.55 (otuz səkkiz min iki yüz on doqquz manat, əlli beş qəpik) manat məbləğində borcu yaranmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-451/2023) iddia qismən təmin edilərək 29 aprel 2014cü il tarixli 141/14/460/14 saylı kredit müqaviləsi üzrə 34933.95 (otuz dörd min doqquz yüz otuz üç manat, doxsan beş qəpik) manat məbləğində əsas borc, 3285.60 (üç min iki yüz səksən beş manat, altmış qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 38219.55 (otuz səkkiz min iki yüz on doqquz manat, əlli beş qəpik) manat məbləğində pul, 204.66 (iki yüz dörd manat, altmış altı qəpik) manat dövlət rüsumu və 45 (qırx beş) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 249.66 (iki yüz qırx doqquz manat, altmış altı qəpik) manat pulun Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 160 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443.1, 445, 448, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 39.3.3, 59.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən bununla bağlı qiymətləndirmə hesabatına, kredit borcunun məbləğini müəyyən edərkən isə ekspert rəyinə istinad etmişdir. Lakin hər iki sübutun mötəbərliyi şübhə doğurmaqla yanaşı, yekun nəticəyə gəlmək üçün yetərli deyil. İlk növbədə ekspert rəyini təhlil etsək görərik ki, əsas borca görə ekspert rəyində hesablanmış məbləğ iddia ərizəsində tələb edilən məbləğdən artıqdır. Halbuki kredit üzrə ödənilşləri nəzərə aldıqda, bu məbləğ ekspert rəyində və iddia tələbində göstərilən məbləğdən az olmalı idi. Lakin ekspert iş materialları üzrə düzgün hesablama aparmamış və məhkəmədə həmin rəyə istinad edib yekun nəticəyə gəlmişdir. Həmçinin qiymətləndirmə rəyi ilə ipoteka predmetinin müəyyən olunmuş qiyməti real vəziyyəti əks etdirmir. Çünki əmlakın dəyəri hesabatda qeyd olunandan artıqdır. Bu halın təsdiq edilməsi üçün məhkəməyə vəsatətlə müraciət olunsa da, həmin vəsatət təmin edilməmişdir. Məhkəmə bununla maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
13. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
15. Maddə 34. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
16. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
17. Maddə 59.4. bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmiş, iddianın təmin edilməyən hissəsindən iddiaçı tərəfindən şikayət verilmədiyindən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Apellyasiya şikayətinin əsas dəlilləri sübutların, o cümlədən espert rəylərinin düzgün qiymətləndirilməməsi, əsas və faiz borcunun, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması barədədir.
20. İşdən göründüyü kimi, tərəflər arasında bağlanmış 29 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 12.5 faiz ödənilməsi şərti ilə 120 ay müddətinə 63000 manat məbləğində kredit verilmiş və bu kreditin təminatı olaraq onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 160 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.
21. İddiaçı müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyini əsas gətirərək cavabdehdən 34933,95 manat əsas, 3285,60 manat faiz borcu olmaqla, cəmi 38219,55 manat borcun ödənilməsini tələb edir.
22. Birinci instansiya məhkəməsində işə baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi, əsas və faiz borcunun məbləğinin dəqiqləşdirilməsi, ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq və məhkəmə mühəndis-texniki ekspertizaları təyin olunmuşdur. Hər iki ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
23. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən göründüyü kimi, ipoteka predmeti olan mənzilin likvid dəyəri ekspert tərəfindən 116 000 manat müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində mənzilin dəyərinin daha yüksək olduğunu göstərsə də, bununla bağlı, yəni mənzilin dəyərinin daha yüksək olmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası bunu, eləcə də ipoteka predmeti olan mənzilin bir otaqlı olmaqla yaşayış sahəsinin 22 kvm, ümumi sahəsinin isə 62,03 kvm olduğunu nəzərə alaraq birinci instansiya məhkəməsinin ipoteka predmetinin ilkin satış (likvid) qiyməti ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin bununla bağlı dəlillərini əsassız sayır.
24. Məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi ilə kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği dəqiqləşdirilmiş və maliyyə arayışının verildiyi xx.xx.2022-ci il tarixə əsas borcun 34 969,83 manat, faiz borcunun isə 3261,95 manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyində əsas borcun məbləğinin iddia ərizəsində tələb olunan məbləğdən yüksək göstərildiyini nəzərə alaraq əsas və faiz borcunun məbləğini iddia ərizəsinə əsasən müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 218.3-cü maddəsini rəhbər tutub əsas borcun məbləğini iddia ərizəsinə uyğun müəyyən etməkdə haqlı olmuşdur. Lakin faiz borcunun məbləğini də iddia ərizəsinə uyğun müəyyən edərkən məhkəmə səhvə yol vermişdir. Belə ki, məhkəmə qətnamə çıxararkən ekspert rəyində faiz borcunun məbləğinin iddia ərizəsində göstərilən məbləğdən aşağı müəyyən edildiyini nəzərə almamışdır. Halbuki, məhkəmə bu halı nəzərə almaqla faiz borcunu məhz ekspert rəyindəki məbləğ əsas götürülməklə müəyyən etməli idi.
25. Kollegiya faiz borcuna münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun saymadığından belə qənaətə gəlir ki, qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməli və faiz borcunun məbləği 3261,95 manat müəyyən edilməlidir. Nəticədə, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən əsas borca görə 34933,95 manat, faiz borcuna görə 3261,95 manat olmaqla, cəmi 38195,9 manat pul tutulmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnaməsi 3285,60 manat faiz borcunun tutulması hissəsində dəyişdirilsin və həmin məbləğ 3261,95 (üç min iki yüz altmış bir manat doxsan beş qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.