Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6691/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı ləğv prosesində olan QSC-nin “Bank Standart” KB cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2021ci il tarixli, e-2(002)-1411/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İşin halları: İddiaçı QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında 14 aprel 2015-ci il tarixli, 1xx/xx/102273/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 20 % ödənilməsi şərti ilə 36 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 14 aprel 2015-ci il tarixli, 1xx/xx/102273/15 saylı zaminlik müqaviləsi əsasında kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında bağlanmış 14 aprel 2015-ci il tarixli, 1xx/xx/102273/15 saylı kredit müqaviləsi üzrə 13 yanvar 2021-ci il tarixinə yaranmış tələb: müqavilə üzrə əsas borc 729,41 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 252,46 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 225,47 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 100,50 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 1307,84 manat təşkil edir. Cavabdeh2 05 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standart” KB ilə Cavabdeh2 arasında bağlanmış 14 aprel 2015-ci il tarixli, 1xx/xx/102273/15 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 729,41 manat məbləğində əsas borc, 252,46 manat məbləğində faiz borcu, 225,47 manat məbləğində cərimə borcu, 100,50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 1307,84 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında 14 aprel 2015-ci il tarixli, 1xx/xx/102273/15 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə 14 aprel 2015-ci il tarixdə bağlanmış 1xx/xx/102273/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin Banka 729.41 manat məbləğində əsas borcu, 252.46 manat məbləğində faiz borcu, 225.47 manat məbləğində cərimə borcu, 100.50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 1307.84 manat məbləğində borcu qalmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, e-2(002)- 1411/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 729,41 manat məbləğində əsas borc, 252,46 manat məbləğində faiz borcu, 25 manat məbləğində cərimə borcu, 100,50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 1107,37 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının xeyrinə tutularaq ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 467, 470.1, 472.1-ci maddələri ilə əsaslandıraraq, iddia tələbinin qisməncavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 729,41 manat məbləğində əsas borc, 252,46 manat məbləğində faiz borcu, 25 manat məbləğində cərimə borcu, 100,50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 1107,37 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulması qənaətinə gəlmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verib Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, e-2(002)-1411/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, götürülmüş kreditin son ödəmə müddəti müqavilə ilə 14 aprel 2018-ci il tarixdə başa catmalı idi. Həmin müddətdən üç il keçdirkdən sonra bank məhkəmədə iddia qaldırmışdır. Əsas borclu Cavabdeh2 Yahya oğlu vəfat etdiyindən, ona münasibətdə isə iddia müddəti keçdiyindən zaminliyinə xitam verilməli idi. Məhkəmədə iştirakı təmin edilmədiyindən iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edə bilməmişdir.. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ləğv prosesində olan QSC “Bank Standart” KB-nin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin bütövlükdə yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 470.1-ci mаddəsinə əsаsən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci mаddəsinə əsаsən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci mаddəsinə əsаsən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.1-ci mаddəsinin tələbinə görə, zaminliyin təmin etdiyi öhdəlik zаminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nətiələrə səbəb olduqda, zаminliyə xitаm verilir. 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində əks edilmişdir. Həmin normaya görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1-ci maddə), gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2-ci maddə), müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (385.1.3-cü maddə) və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi (385.1.4-cü maddə) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, borclu Cavabdeh1 münasibətdə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6691/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, e-2(002)-1411/2021 nömrəli qətnaməsi Cavabdeh2 Yahya oğlundan “borcun tutulması” hissəsində ləğv edilmiş və iş üzrə icraata həmin hissədə xitam verilmişdir. İşin materiallarından görünür ki, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında 14 aprel 2015-ci il tarixli, 1xx/xx/102273/15 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə 14 aprel 2015-ci il tarixdə bağlanmış 1xx/xx/102273/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Apellyator şikayətində ona münasibətdə iddia müddəti keçdiyindən zaminliyinə xitam verilməli olmasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəalarını nəzərə alımamış və düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. İş materiallarında olan 14 aprel 2015-ci il tarixdə bağlanmış 1xx/xx/102273/15 saylı «Zaminlik müqaviləsi»ndən görünür ki, müqavilədə zaminliyin müddəti göstərilməmişdir. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. İş materiallarından görünür ki, kredit öhdəliyinin icrası vaxtı başa çatmış, hazırkı iddia isə bu tarixdən bir müddət sonra irəli sürülmüşdür. . Məhkəmə kollegiyası qeyd edir ki, Bank zaminə qarşı xx.xx.2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüquqdan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün, qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi Cavabdeh1 qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. MM-in 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər… Qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər.» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ” 25 iyul 2019-cu il tarixli Qərarından göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə bağlanılmış Zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən QSC-nin “Bank Standart” KB Cavabdeh1 arasında bağlanmış 14 aprel 2015-ci il tarixli, 1xx/xx/102273/15 saylı zaminlik müqaviləsinin qüvvədə olma müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir illik müddət tətbiq edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 Yəhya oğluna qarşı iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası apellyatorun kreditin son ödəmə müddəti müqavilə ilə 14 aprel 2018-ci il tarixdə başa catdığı halda həmin müddətdən üç il keçdirkdən sonra bank məhkəmədə iddia qaldırmaqla iddia müddətini ötürülməsi barədə dəlilini əsaslı hesab etmir. Belə ki, “ QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında Bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 3500 manat məbləğində kredit verilməsi ilə bağlı 14 aprel 2015-ci il tarixli, 1xx/xx/102273/15 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən müqavilə müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Hazırki halda iddiaçının müqavilə müddəti bitdikdən sonrakı 3 ilərzində yəni xx.xx.2021-ci il tarixinədək məhkəməyə müraciət etmək hüququ yaranmış və iddiaçı bu hüququndan istifadə edərək xx.xx.2021-ci ildə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Ona görə də cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili əsasızdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, e-2(002)- 1411/2021 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı ləğv prosesində olan QSC-nin “Bank Standart” KB Cavabdeh1 Yəhya oğluna qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, e-2(002)- 1411/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı ləğv prosesində olan QSC-nin “Bank Standart” KB Cavabdeh1 Yəhya oğluna qarşı əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov