Məhkəmə qərarları › İş №2(103)-6692/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6692/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6692/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 22 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********19686 olan X4 8 markalı telefon üçün 589 (beş yüz səksən doqquz) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə pulu borcu yaranmışdır. Ümumilikdə 647 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 677 manat Cavabdeh alınaraq "xxxx" MMC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 22.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********19686 olan X4 8 markalı telefon almış və nəticədə 647 (altı yüz qırx yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.11.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 620 (altı yüz iyirmi) manat olan İMEİ kodu **********19686 olan X4 8 markalı telefon üçün ümumilikdə 647 manat olmaqla, ondan 589 (beş yüz səksən doqquz) manat ödənilməmiş hissə, 74 manat cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 58 (əlli səkkiz) manat cərimə pulu borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 22 noyabr 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 589 manat əsas borc, 58 manat cərimə borcu olmaqla, ümumilikdə 647 manat və 30 manat ödənilməmiş dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 614/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. "xxxx" MMCdən aldığı İMEİ kodu **********19686 olan X5 8 markalı telefonun artıq bir ay istifadə müddətində qüsurlar ortaya çıxdı. Bununla bağlı "xxxx" MMC-yə müraciət etmiş və texniki qüsurlar ilə bağlı onu qeyri qanuni olan texniki servisə yönləndirdilər və nəticədə telefonu yenisi ilə əvəzləməkdən imtina edib, ona qaytarmadılar. 02 mart 2020-ci il tarixdə (2 ay işlətdiyi) telefonu Neftçələr filialma geri qaytardı, telefona baxış keçirildikdən sonra filial müdirinin iştirakı ilə təhvil-təslim aktına imza çəkmişdi. Təhvil-təslim aktının bir nüsxəsinin onda qalmasını xahiş etsə də filial müdiri sənədin "xxxx"da qalacağını və nüsxənin verilməyəciyini bildirmişdi. Telefonu qanuni şəkildə qaytardığıqdan 6-7 ay sonra Nizami Rayon Məhkəməsindən ona qarşı borc müqaviləsi üzrə mübahəsələr tələbinə dairbildiriş gəlmişdi. "xxxx" əməkdaşı ona zəng edib İMEİ kodu **********19686 olan X5 8 markalı telefonun anbarda olduğunu, köhnə model olduğu üçün 200 AZN qiymətləndirildiyini bildirmişdir. Məhkəmə o, cağrılmadan, məhkəmənin keçirilməsi haqqında bildiriş göndərilmədən, mesaj və ya zənglə xəbərdar edilmədən onsuz keçirilmiş və yanlış qərar verilmişdir. Məhkəmə heç bir araşdırma aparmadan qanunsuz olaraq ondan 589 manat əsas borc, 58 manat cərimə və 30 manat pul tutulmasını qət etməklə tərəflərin çəkişmə prinsipini pozmuşdur. İddiaçı öz iddia tələbini əsaslandırdığı zaman iddia ərizəsində telefona görə pulun ödənilməməsi səbəbini məhkəməyə izah etməmişdir. Mobil telefonda istehsal qüsuru olduğundan onu mağazaya qaytarmış və cihazda nasazlığın istehsal qüsuru olması səbəbindən yenisi ilə əvəz olunmasını tələb etmiş, lakin satıcı onun istehlakçı hüquqlarını tanımadan tələbini təmin etməmişdir. Bu səbəbdən o, qüsurlu mobil telefonu mağazaya qaytarmış və ona dair ödəniş etməyi birtərəfli qaydada haqlı olaraq dayandırmışdır. Hesab edir ki, iddiaçı tərəf müqavilə üzrə öhdəliyin icra olunmasını arzu edirsə öz üzərinə düşən öhdəliyi vicdanla icra etməlidir. Müqavilənin şərti ilk olaraq satıcı tərəfindən kobud şəkildə pozulması faktı məhkəmə tərəfindən düzgün qiymətləndirilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh 22 noyabr 2019-cu il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun 589 manat ödənilməmiş məbləğ (əsas borc) və 58 manat dəbbə pulu olmaqla, cəmi 647 manat borcu yaranmış və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448 və 600-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Yusif Məmmədovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01067301 saylı, 22 noyabr 2019-cu il tarixli əşyanın nisyə satılması haqqında Müqavilədən görünür ki, həmin Müqaviləyə əsasən ümumi dəyəri 620 manat olan 846 manat dəyərində İMEİ Kodu **********19686 olan “X4 8” markalı telefonu ayda 31 manat ödəmək şərti ilə 20 ay müddətinə Cavabdeh satılmışdır. İş materiallarında olan, 01067301 saylı, 22 noyabr 2019-cu il tarixli əşyanın nisyə satılması haqqında müqavilənin ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı İMEİ Kodu **********19686 olan “X4 8” markalı telefonun dəyəri olan 620 manat pulu hər ay 31 manat ödəmək şərti ilə 20 ay müddətinə (20 (iyirmi) ay x 31 (otuz bir) manat + 0 (sıfır) manat ilkin ödəniş=600 manat) iddiaçı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, 01 sentyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 22.11.2019-cu il tarixli müqaviləyə əsasən, ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı İMEİ Kodu **********19686 olan “X4 8” markalı telefon üçün ümumilikdə 647 manat olmaqla, ondan 589 manat ödənilməmiş hissə, 58 manat cərimə pulu borcu vardır. İş materiallarında olan, 24 iyul 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müvafiq 22.11.2019-cu il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi təqdirdə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanun normalarının tələblərini əsas götürərək, iş üzrə toplanmış sübutlara, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh 589 manat əsas borc və 58 manat cərimə borcun tutulmasında maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qətnamə qəbul edilmişdir. Belə ki, tərəflər arasında sərbəst iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh həmin müqavilə üzrə yaranan öhdəliyi tam icra etməmişdir. Bununla da müqavilə üzrə öhdəlik tam icra edilməmişdir. Halbuki həm qanunvericiliyin tələbləri baxımından, həm də tərəflər arasında bağlanmış müqaviləyə görə cavabdeh müqavilənin şərtlərini icra etməməyə görə məsuliyyət daşıyır. Bununla belə məhkəmə kоllegiyası yuхarıda göstərilənlərə əsasən müqavilə üzrə əsas borc və cərimə məbləğinin tamamilə ləğv edilməsi ilə bağlı hissədə apelyasiya şikayətinin təmin edilməsini əsaslı hesab etmir. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən prosessual hüququnun pozularaq məhkəməyə dəvət olunmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci nstansiya məhkəməsi işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1 və 284-cü maddəsinin tələblərinə əməl etməklə baxmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bundan başqa, məhkəmə kоllegiyası Cavabdeh apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların məhkəmədə araşdırılmaması, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az, yəni 647 (altı yüz qırx yeddi) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar