Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6699/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 sentyabr 2023-cü il tarixli qətnamədən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi Səlimov Elxan Elizbar oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi, Bank ilə Cəfərov Xəyal Aydın oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 790,95 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 26,83 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.305,43 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun ödənilməsi məqsədilə 3 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərclərin əvəzi olaraq 3,40 manat, cəmi 2.129,61 manat məbləğində pulun, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 41,30 manat məbləğində pulun mərhum borcalanın vərəsəsi olan arvadından – cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor olan Bank, onunla borcalan Cəfərov Xəyal Aydın oğlu, onunla Bank arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq müqaviləsinə” əsasən sonuncuya 5 il müddətinə 1.500 manat məbləğində kredit kart limiti (kredit xətti) açmışdır. Borcalan həmin kredit kart limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə Banka qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Buna baxmayaraq borcalan kreditor Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və onun ödənilməmiş kredit borcu qalmışdır. Bu səbəbdən Bank, kredit borcunun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin borcalan xx.xx.2019-cu il tarixdə vəfat etdiyi üçün işə baxmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2023-cü tarixli qərardadla (İş № 2(004)-1855/2023) iş üzrə icraata xitam vermişdir. Bundan sonra aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, mərhum borcalanın arvadı – hazırki iş üzrə cavabdeh xx.xx.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışdır. Şəhadətnamə göstərilmişdir ki, miras əmlak Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, İnqilab İsmayıl küçəsi, bina 8-də yerləşən və ümumi sahəsi 81,43 kv.metr olan 4 otaqlı 7 saylı mənzildir. Buna baxmayaraq vərəsə olan cavabdeh də mərhumun Banka olan və iddia ərizəsində göstərilən borcunu ödəmişdir, baxmayaraq ki, Bank, borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı qaydada xəbərdarlıq göndərmişdir. Bu səbəbdə də Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddianın məhkəməyə verilməsi üçün 41,30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
3. Cavabdeh, “iddia müddətinin tətbiqi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbinə etiraz edərək bildirmişdir ki, kreditor ilə vərəsəsi olduğu borcalan arasında müqavilə xx.xx.2013-cü il tarixdə 5 il müddətinə bağlanmış, borcalan xx.xx.2019cu il tarixində vəfat etmiş, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” xx.xx.2021-ci il tarixdə verilmiş, Bank hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, Bank 3 illik iddia müddətini ötürmüşdür. Ona görə də iddia tərəfinə iddia müddəti tətbiq edilməklə, iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kreditor Bank ilə borcalan arasında 5 il müddətinə bağlanmış müqavilə xx.xx.2013-cü il tarixlidir. Bu müqavilə üzrə kreditor tərəfindən irəli sürülə bilən tələblər üzrə iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən etibarən başlanmış və 3 il bitəndən sonra, yəni xx.xx.2021-ci il tarixdə bitmişdir. Borcalan xx.xx.2019-cu il tarixdə vəfat etsə də, Bank, həmin müqavilə üzrə iddia tələbini xx.xx.2021-ci il tarixədək irəli sürə bilərdi. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən “iddia müddətinin tətbiqi barədə” ərizə elektron kabinet vasitəsilə verilməmiş və belə bir ərizə iş materiallarına əlavə edilməmişdir. Bankın belə ərizədən məlumatı olmamış, Rayon Məhkəməsi tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Bundan başqa, iddia müddəti ötürülməmişdir. Belə ki, iddia müddətinin bitməsinə baxmayaraq, borclu 2019-cu ilin dekabr ayının əvvəllərinə qədər kartdan istifadə etmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə “Kontakt Home” mağazasında 83,33 manat məxaric edib, əvəzində isə xx.xx.2019-cu il tarixdə 50 manat mədaxil etmişdir. Borclunun kart hesabından çıxarışdan da görünür ki, borclu kredit müddətinin bitməsinə baxmayaraq mütəmadi ardıcıl ödənişlər həyata keçirilmişdir. Borclu borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Belə olan halda, iddia müddətinin axımı kəsilir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh vərəsə kimi mirasın açılması barədə Banka məlumat verməmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
8. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Cavabdeh hazırki iş üzrə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, kreditor olan Bank ilə borcalan olan Cəfərov Xəyal Aydın oğlu arasında xx.xx.2013-cü il tarixdə “Bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq müqavilənin” bağlanması, həmin müqavilə əsasında Bank tərəfindən sonuncuya 5 il müddətinə 1.500 manat məbləğində kredit kart limiti (kredit xətti) açılması, borcalanın həmin kredit kart limiti üzrə istifadə etmiş olduğu vəsaitdən istifadə etməsi, borcalanın xx.xx.2019-cu il tarixdə vəfat etməsi, vəfat edənə qədər borcalanın Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi, yəni 790,95 manat məbləğində əsas borcun, 26,83 manat məbləğində faiz borcun ödəməməsi işin mübahisəsiz halıdır.
12. Adi qaydada bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 445, 448, 462 və 465-ci maddələrinə uyğun olaraq iddianın tam və ya qismən təmin edilməsi üçün əsas ola bilərdi. Lakin hazırki halda iddia təmin edilə bilməz. Çünki, Mülki Məcəllənin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2.). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1.). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.).
13. Borcalan ilə kreditor Bank arasında müqavilə xx.xx.2013-cü il tarixdə 5 il müddətinə bağlanmışdır. Lakin borcalan müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməmiş, müqavilədə nəzərdə tutulmuş krediti və faizləri nəzərdə tutulmuş müddətdə Banka qaytarmamışdır. Başqa sözlə xx.xx.2018-ci il tarixdə Bank artıq bilirdi ki, (həmin vaxt sağ olan) borcalan onun qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmir.
14. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
15. Məhkəmə hesab edir ki, Bank müqavilə üzrə hüququnun pozulmasını kreditin vaxtında qaytarılması üçün nəzərdə tutulmuş müddətin bitdiyi məqamda artıq bilmişdir və ya bilməli idi. Odur ki, iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən başlanmış hesab edilməlidir.
16. Belə olan halda müəyyən edilir ki, iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Lakin iddiaçı Bank vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
17. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, cavabdeh xx.xx.2023cü il tarixdə keçirilmiş sonuncu məhkəmə baxışı iclasında “iddia müddətinin tətbiqi barədə” ərizəni yazılı şəkildə Rayon Məhkəməsinə təqdim etmiş və ərizə iş materiallarına əlavə edilmişdir. Bu hal məhkəmə iclas protokolunda öz əksini tapmışdır. İddiaçı Bankın lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin məhkəmə iclasında iştirak etməməsi və iclasda ərizənin təqdim edilməsindən məlumatının olmaması Rayon Məhkəməsinin səhvi deyil və çəkişmə prinsipinin pozulması hesab edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Bank özü əvvəlcədən ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, məhkəmə baxış iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə onun iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Bundan başqa, iddiaçı Bankın iddia müddətinin bitimindən sonra borclu tərəfindən etirafedici hərəkətlərin edilməsi (xx.xx.2019-cu il tarixdə “Kontakt Home” mağazasında 83,33 manat məxaric edib, əvəzində isə xx.xx.2019-cu il tarixdə 50 manat mədaxil etməsi) iddia müddətinin axımının kəsilməsinə səbəb olması barədə dəlili də əsassızdır. Çünki iddia müddətinin axımının kəsilməsi yalnız iddia müddəti daxilində mümkündür. İddia müddəti bitdikdən sonra onun axımının kəsilməsi nəzəri və hüquqi baxımdan mümkün deyil.
19. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsini cavabdehin verdiyi “iddia müddətinin tətbiqi barədə” ərizəyə əsasən rədd etməkdə haqlı olmuşdur.
20. Bunlardan başqa Məhkəmə bildirir ki, hazırki iş üzrə cavabdehin xx.xx.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” alması da, kredit olan Bankın hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini bərpa etməmişdir. Çünki belə bir qayda Mülki Məcəllədə nəzərdə tutulmamışdır. g) apellyasiya baxışının nəticəsi
21. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin təmin, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
22. Məhkəmə həmçinin qeyd edir ki, iddianın qiyməti 5.000 manatdan az olduğu üçün MPM-nin 402.1-ci maddəsinin tələbinə görə Məhkəmənin qətnaməsindən kassasiya şikayəti verilə bilməz.
23. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 sentyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.