Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-67/2020 19.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1634/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 01 İRİ504813017 saylı kredit razılaşması üzrə 46978,63 ABŞ dolları məbləğində kredit borcu, 6809,54 ABŞ dolları məbləğində faiz borcu və 17248,88 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 71037,05 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, Cavabdeh1 mülkiyyətində olan Siyəzən şəhəri H.Əliyev küçəsində 0.0202 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 263,7 m2 ümumi sahədən ibarət 202 saylı qeyri yaşayış binasına və Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri Əliağa Vahid küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 77 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 71037,05 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Siyəzən şəhəri H.Əliyev küçəsində Cavabdeh1 mülkiyyətində olan 0.0202 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 263,7 m2 ümumi sahədən ibarət 202 saylı qeyri-yaşayış binasına tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış binasının boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Siyəzən şəhəri Əliağa Vahid küçəsində Cavabdeh2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 77 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüququnun itirilməsi, onun həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(001)- 1634/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, ödəniş gününə olan məzənnə üzrə 46978,63 ABŞ dolları əsas borc, 6809,54 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları cərimə, cəmi 56788,17 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri, yəni 50 manat ekspertiza tədqiqatının dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, dövlət büdcəsinə köçürülməsi, Cavabdeh1 məxsus ünvan 1 saylı ünvanda 0,0202 ha torpaq sahəsində yerləşən 263,7 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına və Cavabdeh2 məxsus ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 224.0 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 saylı ünvanda 0,0202 ha torpaq sahəsində yerləşən 263,7 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının ilkin satış qiyməti 55000 manat məbləğində, Cavabdeh2 məxsus ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 224 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 məxsus ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh1 verilməsi, Cavabdeh1 məxsus ünvan 1 saylı ünvanda 0,0202 ha torpaq sahəsində yerləşən 263,7 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış binasının boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Cavabdeh2 məxsus ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi, Cavabdeh2 məxsus ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 224 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılaraq ipoteka predmetinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mənzilin boşaldılması və çıxarılma hissəsində iddianı təmin etməklə, eləcə də daşınmaz əmlakların ilkin satışı qiymətini real bazar qiymətinə uyğun göstərməməklə, kredit üzrə məbləğləri iddiaçının tələbi üzrə təmin etməklə (ekspertin tam olmayan rəyini nəzərə almaqla) düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, banka iki kredit razılaşması üzrə 100000 ABŞ dollarından artıq pul ödənilmişdir. Bankdan götürülmüş ümumi kredit məbləği isə 115000 ABŞ dolları olmuşdur. Lakin ödənilmiş pullara dair mədaxil qəbzlərindən həmin pulların hansı kredit müqaviləsi üzrə əsas borca və ya faiz borcuna silindiyini, eləcə də faiz borcunun hansı əsasla yarandığı müəyyən etmək mümkün deyildir. Belə ki, iş materiallarında təxminən müəyyən olunur ki, ödənişlərin əksər hissəsi xx.xx.2013-cü il tarixli 11R000004222 saylı kredit razılaşması üzrə kredit borcuna silinib, bu səbəbdən də xx.xx.2015-ci il tarixli, 11R********** saylı razılaşması üzrə kredit borcunun əsas məbləği azalmayıb, avtomatik olaraq faiz və cərimə məbləğləri artıb, süni şəkildə şişirdilib. Həmçinin xx.xx.2017-ci il tarixli 9139 saylı ekspert rəyi ilə qərardadla müəyyən edilmiş suallardan cəmi ikisinə cavab verilmiş, digər suallara isə ümumiyyətlə münasibət bildirilməmişdir. Ekspert rəyi natamam olduğundan əlavə ekspertizanın keçirilməsi barədə vəsatətə isə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Bundan başqa qanunun birbaşa tələbinə görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Lakin müvafiq halda məhkəmə ipoteka predmetlərinin açıq hərracda satılması və açıq hərrac keçirildikdən ən geci 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 ipoteka predmetlərini boşaldaraq iddiaçıya təhvil verməsi nəticəsinə gəlməklə, hazırda mövcud olmayan mübahisəni həll etmişdir. Həmçinin ipoteka predmetinin ipoteka saxlayana təhvil verilməsi tələbi səhvdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının ipoteka predmetlərinin təhvilini tələb etməyi birbaşa ipoteka ilə yüklü edilmiş əşyanı mənimsənilməsinə yönəlmişdir. Digər bir tərəfdən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə rəy özü reallığı əks etdirmir. Rəydən görünür ki, əmlaka baxışın keçirilməsi, əmlakın foto və sxemlərlə təsviri həyata keçirilməmiş, tərəflərdən (sifarişçidən) zəruri olan sənədlər tələb edilməmiş, əlavə məlumat və izahatlar alınmamış, qiymətləndirmə yalnız kağız üzərində aparılmışdır. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçının iddiası üzrə prosessual hüquq varisliyinə yol verildiyinə görə Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən Cavabdeh1 mülki iş üzrə Cavabdeh2 prosessual hüquq varisi kimi tanınmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli 11L000002350 saylı kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı kimi həmin tərəflərarasında xx.xx.2013-cü il tarixli 11M000000239 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus Siyəzən şəhəri, H.Əliyev küçəsində mülkiyyətində olan 0.0202 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 263.7 m2 ümumi sahədən ibarət 202 saylı qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit xətti müqaviləsi üzrə həmin tərəflər arasında xx.xx.2013-cü il tarixli 11R000004222 saylı kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla 50000 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 borcalana aylıq faiz dərəcəsi 1.25 faiz olmaqla 36 ay müddətinə 65000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 məxsus Siyəzən şəhəri Əliağa Vahid küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 77 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında xx xxxx 2013-cü il tarixli 11S000003433 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. İddiaçı bildirir ki, Cavabdeh1 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 46978,63 ABŞ dolları, faiz borcu 6809,54 ABŞ dolları, dəbbə pulu 17248,88 ABŞ dolları, cəmi borcu isə 71037,05 ABŞ dolları təşkil edir. Cavabdeh tərəfin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Kredit borcunun müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixli 9139 saylı rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh1 xx xxxxxx 2016-ci il tarixədək (sualda göstərilən tarixinədək) banka olan borcu 57088,02 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2016-cı il tarixə əsas borc üzrə 49695,77 ABŞ dolları, faiz borcu üzrə 7392,25 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin həcminə uyğun olaraq əsas və faiz borcun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəllərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı və xx.xx.2017-ci il tarixli ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462, 467, 470.1, 472.1, 472.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda ipoteka müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3cü maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan əmlaklara yönəldilərək, açıq hərracdan satılmasını və qanunla müəyyən edilmiş müddətdə boşaldılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, borcun şişirdilməsi ilə bağlı dəlillər əsaslandırılmayıb, eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqavilələrinə aid ödəniş cədvəli, maliyyə arayışı və hesabdan çıxarışda, o cümlədən ekspert rəyində olan məlumatlarla təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin qiymətləndirmə rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəylər mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəylər birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspertlər tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəylərinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.1-ci maddələrinin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra ipoteka predmetinin boşaldılması nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1634/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-67/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-67/2020
19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver