Məhkəmə qərarları › İş №2(103)-67/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-67/2022

04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-67/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X8, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli, 2(007)-1330/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bank) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (Fond) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh arasında bağlanmış 15 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə ondan 8.000.000 manat əsas, 1.280.000 manat faiz borcu, 1.075.911,11 manat dəbbə pulu olmaqla cəmi 10.355.911,11 manat pul vəsaitinin, 19 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə isə 2.050.000 manat əsas, 328.000 manat faiz borcu olmaqla cəmi 2.378.000 manat məbləğində borcun, habelə 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət verməməsi, kredit borcunun mövcudluğunun təsdiqi üçün ekspertiza təyin etməməsi, gəldiyi nəticənin işin hallarına uyğun olmaması, Əmanətlərin Sığortalanması Fondunun 01.03.2017-ci il tarixdə qəbul etdiyi qərarla kredit borcunun balansa qaytarılmış olmasını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qərarı ilə Fondun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qərarı ilə Fondun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi və təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. İş materiallarında olan Nİ-184/013 saylı 15 mart 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, hazırda ləğv prosesində olan «Bank Technique” ASC tərəfindən Cavabdeh biznes fəaliyyətinin genişləndirilməsi məqsədi ilə 24 ay müddətinə illik faiz dərəcəsi 8% müəyyən edilməklə 8.000.000 manat krediti barədə tərəflər arasında razılıq əldə olunmuşdur. İş materiallarında olan 15.03.2013-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh səkkiz milyon manat pul vəsaitini bankdan şəxsən imza etməklə qəbul etmişdir. İş materiallarında olan Nİ-658/013 saylı 19 iyul 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, hazırda ləğv prosesində olan «Bank Technique” ASC tərəfindən Cavabdeh biznes fəaliyyətinin genişləndirilməsi məqsədi ilə 24 ay müddətinə illik faiz dərəcəsi 8% müəyyən edilməklə 8.000.000 manat krediti barədə tərəflər arasında razılıq əldə olunmuşdur. İş materiallarında olan 19.07.2013-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh iki milyon əlli min manat pul vəsaitini bankdan şəxsən imza etməklə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 11 mart 2020-ci il tarixli maliyyə arayışlarında göstərilir ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 iyul 2020-ci il tarixli 658/013 saylı kredit müqaviləsi üzrə 2.050.000 manat əsas, 328.000 manat faiz borcu, 15 mart 2013-cü il tarixli Nİ-184/013 saylı kredit müqaviləsi üzrə isə 8.000.000 manat əsas, 1.280.000 manat faiz borcu vardır. İş materiallarında olan «Bank Technique” ASC-nin Müşahidə Şurasının 05 noyabr 2015-ci il tarixli 36/1 saylı qərarından görünür ki: 1.B.M.Əliyevin ərizəsi nəzərə alınaraq, Cavabdeh və K.Əliyevin adına rəsmiləşdirilmiş kreditin ödənişi məqsədilə ondan qeyri-qanuni alınmış 460.000 manat məbləğində vəsait kredit məbləğinin üzərinə bərpa olunması; 2.15.03.2013-cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş 8.000.000 manat, 15.03.2013-cü il tarixdə K.Cavabdeh adına rəsmiləşdirilmiş 2.000.000 manat və 19.07.2015-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş 2.050.000 manat məbləğində kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılması təmin edilməsi; 3.Qərarın ikinci bəndində qeyd olunan kreditlər üzrə bağlanmış ipoteka müqavilələrinin ləğv edilməsi və əmlakların müvafiq qaydada yüklülükdən azad edilməsi; 4.X15 Qərarın ikinci bəndində qeyd olunmuş kreditlərin rəsmiləşdirilməsi zamanı yol verilmiş qanun pozuntularının araşdırılması, kreditin qaytarılması mənbəyinin müəyyən edilməsi və qaytarılmasının təmin edilməsinin tapşırılması; 5.Araşdırmanın nəticəsinin məsələyə hüquqi qiymət verilməsi məqsədilə hüquq mühafizə orqanlarına müraciət olunması üçün Müşahidə Şurasının müzakirə çıxarılması; 6.B.M.Əliyevin ərizəsinin nəzərə alınması, ondan qeyri-qanuni alınmış 460.000 manat məbləğində vəsaitin B.Əliyevin cari hesabına bərpa olunması;

7. X12 irəli gələn digər məsələlərin həllini təmin etməsi qərara alınmışdır. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəmə kollegiyasına təqdim etdiyi 19 avqust 2020-ci il tarixli mülahizələrin 4-5-ci bəndlərindən müəyyən olunur ki, X11 qərarının 6-cı bəndində 460.000 manat vəsaitin X7 cari hesabına qaytarılması nəzərdə tutulmuşdur. Bununla bağlı bildirilir ki, tərəfindən 18.06.2014-cü il tarixdən 01.09.2014-cü il tarixədək hissə-hissə olmaqla, cəmi 450.000 manat Cavabdeh, 10.000 manat isə X4 hesabına köçürülmüşdür. Daha sonra, Müşahidə Şurasının 05.11.2015-ci il tarixli qərarı ilə həmin 460.000 manat X5 əsassız alınması səbəbi ilə onun cari hesabına geri qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Mərkəzi Bankının 20 aprel 2020-ci il tarixli məktubundan görünür ki, ümidsiz kreditlərin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılması borclunun bank qarşısında olan kredit üzrə öhdəliyinə xitam verilməsinə əsas vermir. İş materiallarında olan cavabdehin vəkili tərəfindən edilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Cavabdeh qarşı Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilərək sonuncunun özünün və ailə üzvlərinin adına hazırda Ləğv prosesində olan İddiaçı ASC-dən 15.03.2013 və 19.07.2013-cü, "xxxx" ASC-dən 20.12.2013 və 24.12.2013-cü il tarixli kredit müqavilələrinin rəsmiləşdirilməsi, lakin faktiki olaraq həmin kredit müqavilələri əsasında onlara hər hansı bir vəsaitin verilməməsi ilə bağlı məhkəmənin xüsusi qərardadı əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə həmin xüsusatla bağlı araşdırmanın hazırkı vəziyyəti barədə məlumat verilməsinə dair sorğuya baxılmış, bununla bağlı bildirilmişdir ki, 2005-2015-ci ilərdə İddiaçı ASC-dən verilmiş kreditlərin təyinatı üzrə istifadə olunmaması və digər faktlar üzrə Azərbaycan Respublikası CM-nin 195.2 və 308.2-ci maddələri ilə Baş İdarədə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmiş həmin epizod üzrə dindirilmiş Cavabdeh, Kəramət Əliyevin, Esmira Bayramovanın və qeyrilərinin ifadələri, aparılan üzləşdirmələr və aparılacaq digər zəruri istintaq hərəkətləri ilə həmin xüsusata tam hüquqi qiymət verilməsi təmin olunacaq və nəticəsi barədə məlumat veriləcəkdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Bakı Hərbi Məhkəməsinin 10 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Bakı Hərbi Məhkəməsinin icraatında olan Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri X1 və digərlərinin təqsirləndirilmələrinə dair cinayət işi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müşahidə şurasının sədri vəzifəsində işləmiş Cavabdeh zərəçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh zərəçəkmiş şəxs qismində tanınmasına dair epizodla bağlı verilən ittihama görə X1 hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin istintaq baş idarəsinin rəisi vəzifəsində xidmət edərkən təkrarən hədə-qorxu gəlməklə özü və digər şəxslər üçün qanunsuz olaraq maddi sərvət əldə etmək məqsədilə yaradılan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin 2-ci şöbəsinin rəisi Ələkbərov Vüsal Hicran oğlu və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 06 mart 2012-ci il tarixdə özünün göstərişi əsasında dəstənin üzvü Təhsin Ağayev tərəfindən qəbul edilən qərarla İddiaçı ASC-nin müşahidə şurasının sədri Cavabdeh və qeyrilərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2 və digər maddələri ilə 919 №-li cinayət işi başlanılmaqla ibtidai istintaqın aparılmasının dəstənin digər üzvü Vüsal Ələkbərova həvalə edilməsindən və eyni tarixdə qəbul olunmuş qərarlar əsasında Cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilməsindən sonra Baş idarənin rəisi kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla külli miqdarda əmlakını hədə-qorxu tələbi ilə ələ keçirmək məqsədilə Cavabdeh 2012-ci ilin avqust ayı ərzində dəfələrlə saxlanıldığı Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin İstintaq təcridxanasından dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə şəxsən öz xidməti kabinetinə, həmçinin dəstənin digər üzvü Təhsin Ağayevin vasitəsilə sonuncunun xidməti kabinetinə gətirilməsini təmin edib həmin cinayət işi üzrə cinayət prosesinin iştirakçısı olmayan, barəsində cinayət təqibi həyata keçirilməyən və heç bir prosessual qərar qəbul olunmayan övladı X4 da qanuni əsaslar olmadan cinayət məsuliyyətinə cəlb edilməklə həbs olunacağı, müvəqqəti saxlama yerində saxlanılmaqla şəxsiyyəti üzərində zor göstəriləcəyi, belə bu məlumatları kütləvi informasiya vasitələrində yaymaqla rüsvay edəcəkləri ilə hədələyib Cavabdeh 3.000.000 manat məbləğində nağd puldan ibarət külli miqdarda əmlakını tələb etmiş, Cavabdeh həmin tələbi rədd edən zaman növbəti günlərdə, yəni 2012-ci ilin avqust ayı ərzində istintaqla müəyyən edilməyən günlərdə vahid niyyətlə Kəramət Əliyevi dəstənin üzvləri Təhsin Ağayev və Vüsal Ələkbərovun vasitəsilə mütəmadi olaraq MTN-nin inzibati binasına çağıraraq cinayət məsuliyyətinə cəlb edilməklə həbs olunacağı, həbs olunduqdan sonra müvəqqəti saxlama yerində saxlanılmaqla şəxsiyyəti üzərində zor göstəriləcəyi, habelə bu məlumatları kütləvi informasiya vasitələrində yaymaqla rüsvay edəcəyi ilə hədələyərək 3-4 gün sonra, 2012-ci ilin avqust sentyabr ayları ərzində istintaqa dəqiq məlum olmayan tarixdə Bakı şəhəri, Səbail rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində, MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında Kəramət Əliyevdən həmin dövrün rəsmi məzənnəsi ilə 515.500 manat təşkil edən 500.000 avro məbləğində, yəni külli miqdarda nağd pulun sonuncunun idarə etdiyi “Mersedes S class” markalı **-NK-*** dövlət nömrə nişanlı avtomaşının salonunda Vüsal Ələkbərovun vasitəsilə alınmasına nail olmuş, mütəşəkkil dəstənin cinayətkar niyyətini başa çatdırıb məqsədinə tam nail olmaq üçün növbəti günlərdə yenidən Təhsin Ağayev və Vüsal Ələkbərovun vasitəsi ilə MTN-nin inzibati binasında Cavabdeh və Kəramət Əliyevdən tələb olunan məbləği tam həcmdə çatdırmaları üçün X3 Bakı şəhər İcra Hakimiyyəti Texniki invertarlaşdırma və Mülkiyyət Hüququnun qeydiyyatı idarəsi tərəfindən verilmiş 09.03.2005-ci il tarixli, FM seriyalı, 035745 nömrəli Qeydiyyat vəsiqəsi əsasında əri Cavabdehlə birgə mülkiyyətlərində olan, ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli evi satıb 3.000.000 manat məbləğində pulun tam həcmdə verilməsini tələb etmiş, hədəni real qəbul edən və oğlu Kəramət Əliyevin həbs olunacağından ehtiyatlanan Cavabdeh 10 sentyabr 2012-ci il tarixdə MTN-nin İstintaq idarəsində Bakı şəhəri 6 saylı notariat kontorunda notarius vəzifəsində işləyən X6 iştirakı ilə əmlakın satılmasına etirazının olmaması barədə eyni tarixli ərizəyə imza etməsinə və Bakı şəhəri 6 saylı notariat kontorunda satıcı X9 ilə alıcı X10 arasında ünvan 2 ünvanında yerləşən beşmərtəbəli binanın 3.000.000 manata satılması barədə 11.09.2012-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına, qeyd olunan pul vəsaitinin 11.09.2012-ci il tarixdə 6 saylı notariat kontorunun "xxxx" ASC-nin Nəsimi filialındakı bank hesabına köçürülməsinə və 13.09.2012-ci il tarixdə Esmira Bayramova tərəfindən 130092 №-li bank çeki ilə nağdlaşdırılmasına nail olduqdan sonra eyni tarixdə həmin pulu tam həcmdə ünvan 3 ünvanında Təhsin Ağayev və Vüsal Ələkbərovun vasitəsi ilə Kəramət Əliyevdən qəbul etməklə ümumilikdə 3.515.500 manat məbləğində özgə, yəni Cavabdeh, Kəramət Əliyev və Esmira Bayramovaya məxsus külli miqdarda əmlakı ələ keçirib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Təhsin Ağayev, Vüsal Ələkbərov və qeyriləri ilə aralarında bölməklə, qulluq mövqeyinə görə zərərçəkmiş şəxslərin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin, yəni Cavabdeh, Esmira Bayramovanın və Kəramət Əliyevin külli miqdarda əmlakını təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirmiş, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Cavabdeh, Kəramət Əliyevin, Esmira Bayramovanın hüquqlarına və qanuni mənafelərinə sonuncuların və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Hazırda cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilir. Kollegiya işin hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün qiymət verməmiş, iddianı rədd edərkən İddiaçı ASC-nin Müşahidə Şurasının 05 noyabr 2015-ci il tarixli 36/1 saylı qərarının hal-hazırda qüvvədə olmasına istinad etmiş, bu zaman tərəflər arasında bağlanmış və mübahisənin predmetini təşkil edən müqavilələrin etibarlılığını yoxlamamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21.04.2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin əsasını tərəflər arasında bağlanmış 19 iyul 2020-ci il tarixli 658/013 saylı və 15 mart 2013-cü il tarixli Nİ-184/013 saylı kredit müqavilələri təşkil etdiyindən, iddiaya qiymət verilməmişdən öncə həmin müqavilələrin etibarlı olması və mülki qanunvericiliyin əqdlərə dair tələblərinə cavab verib-verməməsi yoxlanılmalıdır. «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.04.2021-ci il tarixli Qərarında Məhkəmə qeyd edir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmə həmçinin qeyd edilmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Mülki Məcəllənin: 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən : Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Tərəflər arasında bağlanmış 19 iyul 2020-ci il tarixli 658/013 saylı və 15 mart 2013-cü il tarixli Nİ-184/013 saylı kredit müqavilələrinin məzmunundan müəyyən edilir ki, qeyd edilən müqavilələr "xxxx" ASC ilə həmin X11 sədri olmuş Cavabdeh arasında bağlanmış, həmin müqavilələrin predmeti 8.000.000 manat və 2.050.000 manat olmaqla, ümumilikdə 10.050.000 manat pul məbləği olmuş, qeyd edilən məbləğin borcluya biznes fəaliyyətinin genişləndirilməsi məqsədi ilə verildiyi nəzərdə tutulmuşdur. Göründüyü kimi, həmin müqavilələr Bankla onun rəhbər vəzifəli şəxsi arasında bağlanmışdır. Mülki qanunvericilik hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında əqdin bağlanmasının xüsusi qaydalarını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1-ci maddəsinə görə hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır: 49-1.1.1. hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri; 49-1.1.2. hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri; 49-1.1.3. bu Məcəllənin 49-1.1.1-ci və 49-1.1.2-ci maddələrində göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları); 49-1.1.4. hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs; 49-1.1.5. bu Məcəllənin 49-1.1.1-ci, 49-1.1.2-ci və 49-1.1.4-cü maddələrində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər; 49-1.1.6. hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs; 49-1.1.7. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs; 49-1.1.8. bu Məcəllənin 49-1.1.4-cü və 49- 1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri; 49-1.1.9. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş, müvafiq olaraq, banklara və investisiya fondlarına aidiyyəti olan digər şəxslər. Həmin Məcəllənin 49-1.2-ci maddəsinə görə aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz. Həmin Məcəllənin 49-1.3-cü maddəsinə görə aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır. Həmin Məcəllənin 49-1.4-cü maddəsinə əsasən əqdin bu Məcəllənin 49-1.2-ci və 49- 1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 337.1-ci və 339-cu maddələrinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər. Hazırkı işin araşdırılması zamanı Cavabdeh X11 sədri olduğu halda, həmin bankla kredit müqaviləsi bağlanarkən qanunla müəyyən edilmiş və yuxarıda sadalanan prosedur qaydalarına riayət edilməsi müəyyən edilməmişdir. Bundan başqa, kredit müqavilələrində kreditin məqsədinin Cavabdeh tərəfindən biznesin genişləndirilməsi göstərilsə də, bank kreditinin verilməsinin formalaşmış praktikasına uyğun olaraq onun tərəfindən bu kreditin alınması üçün cavabdeh tərəfindən hər hansı biznes planın işlənib hazırlanması və banka təqdim edilməsi kimi hallar müəyyən edilmir. Göstərilənlərdən başqa qeyd edilməlidir ki, işdə olan Azərbaycan Respublikası Baş Prokurorluğu və Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş məlumatlardan müəyyən olunur ki, yoxlanılan kredit müqavilələrinin bağlandığı müddətdə Cavabdeh barəsində ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində cinayət işi olmuş, onun barəsində qətimkan tədbiri olaraq həbs qətmkan tədbiri seçilmişdir. Cavabdehin nümayəndəsi iddiaya etirazında və məhkəmə iclasında verdiyi izahatlarında Cavabdeh hazırkı kredit müqavilələrini əslində bağlamaq niyyətinin olmadığını, həmin müqavilələri bağlamağa məcbur edildiyini, müqavilə üzrə verilmiş kredit məbləğini onun qəbul etmədiyini, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etdiklərini bildirmişdir. Müqavilələrin bağlanması zamanı qanun pozuntularına yol verilməsi halı krediti vermiş X11 05.11.2015-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarın 4-cü və 5-ci bəndlərində X15 Qərarın ikinci bəndində qeyd olunmuş kreditlərin rəsmiləşdirilməsi zamanı yol verilmiş qanun pozuntularının araşdırılması, kreditin qaytarılması mənbəyinin müəyyən edilməsi və qaytarılmasının təmin edilməsinin tapşırılması, araşdırmanın nəticəsinin məsələyə hüquqi qiymət verilməsi məqsədilə hüquq mühafizə orqanlarına müraciət olunması üçün Müşahidə Şurasının müzakirə çıxarılması qərara alınmışdır. X11 bu qərarından bəlli olur ki, müqavilənin digər tərəfi olan Bank da 19 iyul 2020-ci il tarixli 658/013 saylı və 15 mart 2013-cü il tarixli Nİ-184/013 saylı kredit müqavilələrinin ciddi qanun pozuntuları ilə bağlandığını qəbul edir və bu pozuntularla bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsini qərara alır. Bu birbaşa göstərilməsə də, kredit müqavilələri üzrə verilmiş kredit məbləğlərinin Cavabdeh çatmadığını dolayısı ilə qəbul edir və məhz bu səbəbdən cavabdehin qardaşı tərəfindən kredit borcu üzrə banka ödənilmiş 460.000 ABŞ dollarının ona geri qaytarılması, kredit borcunun Cavabdeh deyil, alternativ mənbələr müəyyən edilərək qaytarılmasının təmin edilməsini, habelə müqavilənin bağlanması zamanı yol verilmiş hüquq pozuntuları ilə bağlı araşdırma aparılmasını İdarə Heyətinə tapşırır. Bununla da, Bank qeyd edilən müqavilələrin ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmadan bağlanmasını dolayısı ilə qəbul etmiş olur. Kollegiya qeyd edir ki, X11 bu qərarı hal-hazıradək qüvvədədir, həmin qərarın ləğv edilməsi ilə bağlı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun məhkəmədə qaldırdığı iddia isə mümkün sayılmamışdır. Beləliklə, 19 iyul 2020-ci il tarixli 658/013 saylı və 15 mart 2013-cü il tarixli Nİ- 184/013 saylı kredit müqavilələrinin tərəfləri olan İddiaçı ASC və Cavabdeh həmin müqavilələrin onların hüquq pozuntularına yol verilməklə bağlandığını, əslində tərəflərin belə bir müqavilə bağlamaq niyyətlərinin olmadığını göstərmişlər. Yuxarıda qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Bankla Cavabdeh arasında 19 iyul 2020-ci il tarixli 658/013 saylı və 15 mart 2013-cü il tarixli Nİ-184/013 saylı kredit müqavilələri formasına, məzmununa və subyekt tərkibinə görə mülki qanunvericilikdə əqdlərin etibarlılığı üçün müəyyən edilmiş şərtlərə cavab versə də, tərəflərin iradə sərbəstliyi və bu iradə ifadəsinin bildirilməsinə dair şərtlərə riayət olunmadan bağlanmışdır. İşin bu hallarını mülki qanunvericiliyin və Konstitusiya Məhkəməsinin yuxarıda sadalanan norma və tələbləri baxımından qiymətləndirərkən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 19 iyul 2020-ci il tarixli 658/013 saylı və 15 mart 2013-cü il tarixli Nİ- 184/013 saylı kredit müqavilələri tərəflərin həqiqi niyyətlərini əks etdirmədiyindən və onların sərbəst iradə ifadəsinin nəticəsi olmadığından mülki qanunvericiliyin əqdlərin etibarlılığı şərtlərinə dair tələblərə cavab vermir və bu səbəbdən əhəmiyyətsiz əqdlər kimi qiymətləndirilməlidirlər. Bu isə o anlama gəlir ki, hazırkı iş üzrə iddia tələbinin hüquqi əsasını etibarsız əqd hesab olunan müqavillər təşkil edir. Ona görə də, iddia tələbi təmin edilmə bilməz. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu baxımdan kollegiya izah edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı mülki mübahisənin olmamasını nəzərə alaraq, həmin müqavilələrdə qeyd edilən pul məbləğinin digər tərəfə qaytarılması məsələsi açıq saxlanılmaqla, tərəflərə bununla bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə müəyyən edilir ki, işə baxmış birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, mübahisəni həll edərkən tərəflər arasında bağlanmış və iddianın hüquqi əsasını təşkil edən kredit müqavilələrinin etibarlılığını müzakirə etməmiş, bununla da işin hallarını düzgün müəyyən etməmiş, iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Bu səbəbdən iddia tələbi qismən təmin edilməli,birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan əsaslara görə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli, 2(007)-1330/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar