Məhkəmə qərarları › İş №2(103)-670/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-670/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-670/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, gecikdirilmiş dövr üçün faiz tələbi, borcun düzgün hesablanmaması, ipoteka predmetinə tutma yönəldilməsi, ipoteka predmetinin qiyməti, ekspert rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 və həm onun, həm də digər Cavabdeh2 nümayəndələri (vəkilləri) Vəkil2 iştirakları ilə "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" ASC (BOKT) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsinə əsasən BOKT, Cavabdeh1 biznes məqsədilə 36 ay müddətinə, illik 22% ödəməsi şərtilə 70 000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh1 isə krediti qəbul edib həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini, habelə əsas kredit borcuna hesablanmış faizləri qaytarmağı öhdələrinə götürmüşlər.

2. BOKT tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1645 saylı kassa məxaric orderi əsasında 70 000 ABŞ dolları pul vəsaiti verilmiş, o, həmin məbləği BOKT-un kassasından məxaric etdiyini imzası ilə təsdiqləmişdir.

3. "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77,3 kv.m, yaşayiş sahəsi 41,9 kv.m, yardımçı sahəsi 35,4 kv.m olan 2 otaqlı mənzil BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka prdemetinin dəyəri tərəflərin razılığına əsasən 100 000 ABŞ dolları məbləğində müəyyən edilmiş, ipoteka yüklülüyü xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Kreditin ödəniş cədvəlində, Cavabdeh1 xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 70 000 ABŞ dolları əsas, 26 278,47 ABŞ dolları faiz borcunu, yəni ümumilikdə 92 278,47 ABŞ dolları məbləğində pul vəsaitinin ayda 2673,34 ABŞ dolları (sonuncu ay 2711,57 ABŞ dolları) olmaqla qaytarması nəzərdə tutulmuşdur.

5. BOKT-un verdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə 47 723,53 ABŞ dolları əsas borcu, 27 600,49 ABŞ dolları faiz borcu olmuş, müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə 7158 ABŞ dolları məbləğində real zərər hesablanmışdır və onun cəmi borcu 82 482,02 ABŞ dolları təşkil edir.

6. BOKT tərəfindən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, bildiriş ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır.

7. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktında göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi ev 4 ünvanında yerləşən, hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 77,3 kv.m olan 2 otaqlı, faktiki sahəsi 149.6 kv.m olan 4 otaqlı 10/8 saylı mənzilin bazar dəyəri 245 000 manat təşkil edir.

8. Cavabdeh2 (ipoteka qoyan) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olsa da, Cavabdeh1 (kredit borclusu) sahibkarlıq subyekti deyildir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. "xxxx" ASC (BOKT və ya iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh1 47 723,53 ABŞ dolları əsas, 27 600,49 ABŞ dolları faiz borcunun, müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə hesablanmış 7158 ABŞ dolları məbləğində real zərərin əvəzinin, yəni cəmi 82 482,02 ABŞ dolları məbləğində borcun və 431 manat dövlət rusumunun xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv.m, yaşayiş sahəsi 41.9 k.m, yardımçı sahəsi 35.4 kv.m olan 2 otaqlı 10/8 saylı mənzilə yönəldilərək mənzilin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi və cavabdehlərin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, BOKT-la Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsinə əsasən sonuncuya biznes məqsədi üçün 36 ay müddətinə, illik 22% ödəmək şərtilə 70 000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə bağlanmış eyni tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv.m, yaşayiş sahəsi 41.9 kv.m, yardımçı sahəsi 35,4 kv.m olan 2 otaqlı mənzil BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, ona dəfələrlə edilmiş xəbərdarlıqlar da nəticəsiz qalmışdır. Cavabdehin xx.xx.2018-ci il tarixə ödənilməmiş 47 723,53 ABŞ dolları əsas, 27 600,49 ABŞ dolları faiz borcu və müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə hesablanmış 7158 ABŞ dolları məbləğində borcu olmaqla cəmi 82 482,02 ABŞ dolları borcu yaranmışdır və həmin məbləğ ondan məhkəmə qaydasında tutularaq iporeka predmetinə tutma yönəldilməlidir.

11. Cavabdehlərin nümayəndələri (vəkilləri) Vəkil2 iddiaya etiraz edərək göstərmişdir ki, iddia ərizəsində tamamilə qərəzli və məqsədyönlü olaraq ipoteka prdemetinin dəyərinin məhkəmədən gizlədilməsinə cəhd edilmişdir. Halbuki ipoteka müqaviləsinin 2.3-ci bəndinə əsasən ipoteka prdemetinin dəyəri tərəflərin razılığına əsasən 100 000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit və ipoteka müqavilələrinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən etibarən dəfələrlə ipoteka saxlayandan tərəflərin qarşılıqlı razılığına əsasən 100 000 ABŞ dolları dəyərində ipoteka prdemetini qəbul edib, həmin məbləğdən kredit müqaviləsi üzrə qalan borcu çıxıb, yerdə qalan vəsaitin borcluya və ipoteka qoyana qaytarılması xahiş edilmiş, lakin hər dəfə kreditor müxtəlif bəhanələrlə bu prosesi uzatmış, yekunda xx.xx.2021-ci il tarixdə sonuncu ödənişin edilməsindən cəmi 1 ay sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, kreditor müddəti 36 ay müəyyən edilmiş kredit və ipoteka müqavilələrinin müddətini faktiki olaraq daha 36 ay müddətinə uzatmağa nail olmuş, bu müddətdə isə borclunun hüquqi savadsızlığından istifadə edərək, müxtəlif məbləğlərdə pul vəsaitləri almağa davam etmiş, həmin məbləğləri isə əsas borcdan deyil, faizdən silinməyə yönəltmişdir. Nəticədə götürülmüş 70 000 ABŞ dolları məbləğində kredit vəsaitinin 46 957,12 ABŞ dolları hissəsinin (yəni 67%, başqa sözlə 2/3 hissəsi) qaytarılmasına baxmayaraq, həmin ödənilmiş məbləğin 22 276,47 ABŞ dolları hissəsi əsas borcdan, 24 680,65 ABŞ dolları hissəsi (yarıdan çoxu) faiz borcundan silinmişdir. Beləliklə, iddiaçı 36 ay müddətinə bağlanmış kredit və ipoteka müqavilələrinin müddətini daha 36 ay müddətinə uzatmaqla tamamilə qərəzli və məqsədyönlü olaraq məhkəməyə müraciət etməmiş, bununla da, bir tərəfdən borclu tərəfindən əlavə ödənişlərin edilməsinə və həmin ödənişlərin də faiz borcuna silinməsinə, digər tərəfdən borcun şişirdilməsinə nail olmuş, bunun nəticəsində şişirdilmiş borc məbləğini 82 482.02 ABŞ dolları məbləğinə çatdırmaqla, tərəflərin qarşılıqlı razılığına əsasən dəyəri 100 000 ABŞ dolları məbləğində müəyyən edilmiş ipoteka prdemetini əlavə haqq ödəmədən ələ keçirmək üçün zəmin yaratmışdır. Nəticədə kreditor verdiyi 70 000 ABŞ dolları məbləğində kreditin əvəzində həmin məbləğin 46 957,12 ABŞ dolları hissəsini (2/3 hissəsini), həm də likvid dəyəri nəzərə alınmaqla, dəyəri 100 000 ABŞ dolları məbləğində müəyyən edilmiş ipoteka prdemetini əldə etməyə nail olur. Burada o da nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Bəllidir ki, paytaxtın həmin ərazisində yerləşən tikililərdə yaşayış sahəsinin dəyəri təmirindən asılı olaraq 1 kvadratı 2400-2800 manat arasında dəyişir. Nəzərə alınsa ki, ipoteka müqaviləsi 7 il bundan əvvəl bağlanmış və dəyəri 100 000 ABŞ dolları məbləğində müəyyən edilmişdır, o halda ipoteka prdemetinin bazar dəyəri daha da artmışdır. xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanan zaman ipoteka ilə yüklü edilmiş həmin mənzilin həm rəsmi, həm də faktiki sahəsi 77,3 kv.m olsa da, sonradan mənzildə əlavə tikinti-təmir işləri aparılmış, mənzilin sahəsi daha bir o qədər də genişləndirilmiş, hazırda ümumi sahəsi təqribən 160 kv.m təşkil edir. Başqa sözlə, mənzilin dəyəri təqribən iki dəfə artmışdır. Bu faktı təsdiq etmək üçün tərəfindən "xxxx" MMC Qiymətləndirmə Şirkətinə müraciət edilərək, ünvan 3 ünvanındakı Cavabdeh2 məxsus mənzilin faktiki sahəsi nəzərə alınmaqla bazar dəyərinin neçə manat olması barədə qiymətləndirmə aktı təqdim edilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından göründüyü kimi, hazırda ipoteka prdemeti sənəddə 2 otaqlı mənzil olsa da, faktiki 4 otaqlı olmaqla tam təmir edilmişdir, mənzilin ümumi sahəsi 149,6 kv.m, bazar dəyəri 245 000 manat təşkil edir. Həmçinin, "xxxx" MMC-nin iş üzrə xx.xx.2022-ci il tarixli hesabatına əsasən ipoteka predmeti olan mənzil 4 otaqlı olmaqla tam təmirlidir, hazırda həmin mənzilin ümumi sahəsi 149,6 kv.m, bazar dəyəri 235 000 manat, likvid dəyəri 215 000 manat təşkil edir. Göründüyü kimi, ipoteka prdemetinin dəyəri kifayət qədər artmışdır, bu da ipoteka prdemetinin ilkin satış qiymətinin hesablanması zamanı mütləq nəzərə alınmalıdır. İpoteka müqaviləsində mənzil real dəyərindən ucuz göstərilib və “İpoteka haqqında” Qanunun tələblərinə uyğun deyil. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (“İpoteka haqqında” Qanunun 36.1ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Hazırkı işdə tərəflər ipoteka predmetinin ilkin satış qiyməti barədə razılıq əldə etmədiyindən həmin qiymət müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Hesab edir ki, mübahisə predmeti olan həmin mənzilin real bazar dəyərinin, həmçinin ilkin satış qiymətinin müəyyən edilməsi zəruridir. Bundan başqa, kredit verilməsi üçün tərtib edilmiş ödəniş cədvəlində əsas borc və faiz borcu düzgün yazılmamış (göstərilməmiş) və əsas borc və həmin borca hesablanmış faiz borcu şişirdilmişdir. Göstərilənlərə əsasən iddia tələbləri rədd edilməlidir.

12. Məhkəmənin təyin etdiyi mühasibatlıq ekspertizası əsasında tədqiqat aparan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2482 saylı rəyində göstərilmişdir ki, “Pro Kredit" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə iş materiallarında kredit müqaviləsini təsdiq edən ilkin sənədlər, "xxxx" BOKT ASC-nin bankda olan və Cavabdeh1 kredit müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulmuş cari hesabından çıxarışı iş materiallarında olmadığından xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin Cavabdeh1 verilməsini və müqavilə üzrə kredit borcunun qalığını müəyyən etmək mümkün olmamışdır.

13. Məhkəmənin təyin etdiyi məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 53 saylı hesabatda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi ev 4 ünvanında yerləşən, hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 77,3 kv.m olan 2 otaqlı, faktiki sahəsi 149.6 kv.m olan 4 otaqlı 10/8 saylı mənzilin bazar dəyəri 235 000 manat, likvid dəyəri isə 215 000 manat təşkil edir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin olunması, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə 47 723,53 ABŞ dolları əsas, 27 600,49 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə hesablanmış 7158 ABŞ dolları məbləğində real zərər olmaqla cəmi 82 482,02 (səksən iki min dörd yüz səksən iki dollar 02 sent) ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 431 (dörd yüz otuz bir) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi ev 4 ünvanında yerləşən, hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 77,3 kv.m olan 2 otaqlı, faktiki olaraq sahəsi 149.6 kv.m olan 4 otaqlı 10/8 saylı mənzilə (ipoteka predmetinin ilkin satış qiyməti 215 000 (iki yüz on beş min) manat dəyərində qiymətləndirilməklə) tutma yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, iddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçiyə qaytarılması, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanmış, onların arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə öhdəliklərini lazımınca icra etməmişlər.

16. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 319-cu, 385.1-ci, 386.1-cı, 425.1-ci, 427.3-cü, 442-ci, 445.1-ci, 448.1-ci, 739cu və 743-cü, “İpoteka haqqında” Qanunun 34-cü və 59-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına istinad etmişdir.

17. Qətnamədən cavabdehlərin nümayəndələri (vəkilləri) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla həmçinin qeyd etmişdir ki, kredit verilməsi üçün tərtib edilmiş ödəniş cədvəlində əsas borc və faiz borcu düzgün yazılmamış, əsas borc və həmin borca hesablanmış faiz borcu şişirdilmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli rəyinə görə iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə iş materiallarında kredit müqaviləsini təsdiq edən ilkin sənədlərin, “Pro Kredit" BOKT ASC-nin bankda olan və Cavabdeh1 kredit müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulmuş cari hesabından çıxarışı iş materiallarında olmadığından xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin Cavabdeh1 verilməsini və müqavilə üzrə kredit borcunun qalığını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı tərəfindən vəsatət verilərək, işin tam, hərtərəfli və obyektiv araşdırılması mədsədilə, o cümlədən kredit müqaviləsi üzrə borcun dəqiq müəyyən edilməsi üçün işin Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilməsi barədə 3 dəfə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən həmin vəsatətlər də əsassız olaraq təmin edilməmişdir. İşin məhkəmə baxışı zamanı vəsatət verilərək, xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə məbləğin ABŞ dolları ilə verilməsinin göstərilməsinə baxmayaraq, Cavabdeh1 kreditin manatla verilməsi, bu səbəbdən də kredit müqaviləsi üzrə borcun da manatla tələb edilməsinin vacibliyi bildirilmiş, bu halın müəyyən edilməsi məqsədilə “Pro Kredit" BOKT ASC-nin kredit məbləğinin verilməsi görüntülərini əks etdirən kamera görüntülərinin tələb edilməsi, həmçinin kredit müqaviləsi üzrə məbləği manatla Cavabdeh1 vermiş “Pro Kredit" BOKT ASC-nin xəzinədarının (kassirinin) şahid qismində dəvət edilib dindirilməsi barədə vəsatət verilmişdir. Həmin vəsatətin məhkəmə iclasında müzakirəsi zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, kredit məbləğinin verilməsi görüntülərini əks etdirən kamera görüntüləri ASC-də qalmamışdır, həmçinin kredit müqaviləsi üzrə məbləği Cavabdeh1 vermiş xəzinədar hazırda ASC-də işləmədiyindən, onun şahid qismində dəvət edilib dindirilməsi mümkün deyildir. Göründüyü kimi, iddiaçı tamamilə qərəzli və məqsədyönlü olaraq sübutların təqdim olunmasından yayınmış, məhkəmə isə obyektiv araşdırma aparmayaraq qanunsuz nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar, alınan rəylər

19. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) apellyasiya baxışı zamanı keçirilən ilk məhkəmə iclasına gəlməmiş, kollegiya işə onların iştirakı olmadan baxılmasına qərar verərək iş üzrə əlavə mühasibatlıq ekspertizası, habelə mütəxəssis-qiymətləndirici təyin etmişdir.

20. Əlavə mühasibatlıq ekspertizasının həvalə olunduğu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi faktiki olaraq rəy verməmiş, qiymətləndirmə tədqiqatını həyata keçirən "xxxx" MMC isə ünvan 1 ünvanında yerləşən mənzilin bazar qiymətini 295 000 manat, likvid qiymətini 270 000 manat olaraq müəyyənləşdirmişdir.

21. 13 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında “Pro Kredit" BOKT ASC-nin nümayəndəsi vəsatət verərək əmlakın qiymətləndirilməsi üçün ekspertiza keçirilməsini, kredit borcunun məbləğinin dəqiqləşdirilməsi üçün isə audit təyin olunmasını xahiş etmişdir.

22. Cavabdeh1 və həm onun, həm də digər Cavabdeh2 nümayəndələri (vəkilləri) Vəkil2 əmlakın növbəti dəfə qiymətləndirilməsinə zərurət olmadığını, "xxxx" MMC-nin verdiyi rəyin real qiymətləri əks etdirdiyini, audit təyin olunub-olunmamasını isə məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər.

23. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspert qarşısında “ünvan 1 ünvanında yerləşən mənzilin bazar və likvid qiymətləri müəyyənləşdirilsin” məsələsinin həlli qoyulmuşdur.

24. Məhkəmə kollegiyasının eyni tarixli qərardadı ilə iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Auditorlar Palatasının auiditorlarına həvalə olunaraq ekspert (auditor) qarşısında aşağıdakı suallar qoyulmuşdur:

- xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 hansı məbləğdə kredit verilmişdir və bu müqavilə üzrə onun 04 dekabr 2018-ci il tarixinə əsas və faiz borcu hansı məbləğdə olmuşdur?

- xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə 04 dekabr 2018-ci il tarixindən sonra ödənişlər həyata keçirilmişdirmi? Əgər həyata keçirilmişdirsə həmin ödənişlərin hansı hissəsi əsas, hansı hissəsi faiz borcunun silinməsinə yönəldilmişdir və bu ödənişlərdən sonra Cavabdeh1 hansı məbləğdə əsas və faiz borcu qalmışdır?

- xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün Cavabdeh1 illik 5 (beş) faiz hesabı ilə hansı məbləğdə faiz borcu yaranmışdır?

25. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2023-cü il tarixli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin sənəd üzrə ümumi sahəsinin 77,3 kv.m. olduğu nəzərə alınaraq, orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 170 000 manat, likvid dəyəri isə təqribən 162 000 manat məbləğində müəyyən edilir. Eyni zamanda, mənzilin dövlət reyestrindən çıxarışında və texniki pasportunda öz əksini tapmayan əlavə tikililər nəzərə alındığında bazar qiymət təqribən 292 000 manat, likvid qiyməti təqribən 263 000 manat müəyyən edilir.

26. "xxxx" MMC-nin verdiyi 28 iyul 2023-cü il tarixli audit rəyində aşağıdakılar göstərilmişdir:

- "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə 1638 saylı kredit müqaviləsi üzrə ayrılmış ipoteka krediti fiziki şəxsin bəyan etdiyi kimi, ölkə ərazisində kənd təsərrüfatı sahəsinin inkişafında istifadə ediləcək əmlakların alınmasına yönəldiyi üçün və ölkəmizdə dollarla əmlakın alınması qanunsuz olduğuna görə kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması” haqqında xx.xx.1993-cü il tarixli 58 saylı Fərmanı əsasında yenidən baxılması və müqavilənin şərtlərinin dəyişdirilməsi təmin edilməlidir. Bu qanunun tələblərinə görə vətəndaş 70 000 ABŞ dollarının müəyyən hissəsini və hesablanan kredit faizini tam ödəmişdir. Belə ki, 70 000 ABŞ dolları kredit xx.xx.2015-ci ilin məzənnəsi ilə 70 000 ABŞ dolları x 1,0496 = 73 492 manat kredit borcu təşkil edir. Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinə qədər 46 957,12 ABŞ dolları və ya 65 679,74 manat əsas və faiz borcundan ödəmişdir. - Bankın verdiyi ödəniş qrafikinə əsasən, həmin vəsaiti günün məzənnəsini nəzərə almaqla hesablayanda, fiziki şəxsin bank qarşısında 35 334,02 manat ödənilməmiş ipoteka krediti qalmışdır. Yəni, 101 013,76 manat əsas və faiz borcu məbləği – 65 679,74 manat ödənilmiş məbləğ (bundan 27 581,87 manat faiz borcu) nəzərə alındığında 35 334,02 manat əsas və faiz borcu qalmışdır (101 013,76 – 65 679,74 = 35 334,02).

27. Audit rəyində həmçinin göstərilmişdir ki, Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinə qədər ödəmə qəbzlərinə əsasən 46 957,12 ABŞ dolları kredit borcu ödənilmiş, BOKT tərəfindən həmin vəsaitin 22 276,47 ABŞ dolları əsas borcun ödənişinə, 24 680,65 ABŞ dolları faizin ödənişinə nəzərə alınmışdır.

28. Həmin rəylər məhkəmə iclasında tədqiq olunarkən Cavabdeh1 və həm onun, həm də digər Cavabdeh2 nümayəndələri (vəkilləri) Vəkil2 hər iki rəyin əsaslı və obyektiv olduğunu, iddiaçının nümayəndəsi isə auditorun öz səlahiyyət həddini aşaraq məhkəmənin qoyduğu suallara ümumiyyətlə cavab vermədiyini, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəydə göstərilən, əmlakın özbaşına tikililərlə birlikdə müəyyənləşdirilən qiymətinin nəzərə alılnmamalı olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

30. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

31. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

32. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

33. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

37. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (28 dekabr 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyada)

40. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

41. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əmlakın ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

42. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

43. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

44. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.

45. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

46. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

47. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

48. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

49. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

53. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

56. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

57. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

58. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

61. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

62. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı

63. Bənd 21. O da qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir.

Apellyasiya baxışının həddi

64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

65. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

67. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın qismən təmin edildiyi hissədə yoxlanılması təşkil edir. İddiaçı təşkilat qətnamədən şikayət vermədiyindən qətnamə iddianın təmin olunmaması ilə bağlı hissələrdə yoxlanılmır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

68. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı xx.xx.2018-ci il tarixinə (müqavilə müddətinin sonuna) hesabladığı borc məbləğini tələb etmiş, həmin tarixə Cavabdeh1 47 723,53 ABŞ dolları əsas, 27 600,49 ABŞ dolları faiz borcunun olduğunu irəli sürmüşdür.

69. Belə olan halda, iddiaçının iddia tələbinin həmin hissəsi üzrə borcun məhz göstərilən məbləğlərdə olub-olmadığı sübutetmənin predmetidir.

70. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 50-53).

71. Apellyasiya baxışı zamanı alınmış və əks etdirdiyi məlumatlar cavabdehlər tərəfindən mübahisələndirilməyən audit rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinə qədər 46 957,12 ABŞ dolları kredit borcu ödənilmiş, BOKT tərəfindən həmin vəsaitin 22 276,47 ABŞ dolları əsas borcun ödənişinə, 24 680,65 ABŞ dolları faizin ödənişinə nəzərə alınmışdır.

72. Bununla belə iş materiallarından görünür ki, sözügedən rəyi hazırlayan auditorun əsas götürdüyü “Kredit müqaviləsi üzrə hesabdan çıxarış №32” adlandırılan sənəddə Şaiq Abdullayevin xx.xx.2021-ci il tarixli PKSTN-0510_10 saylı order üzrə ödədiyi 1200 ABŞ dolları nəzərə alınmamışdır.

73. Bu xüsusat həm birinci instansiya məhkəməsinin aldğı, həm də apellyasiya baxışı zamanı alınmış natamam ekspert rəylərində də öz əksini tapmışdır.

74. Başqa sözlə, Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinə qədər BOKTA 46 957,12 ABŞ dolları deyil, cəmi 48 157,12 ABŞ dolları vəsait ödənilmiş, xx.xx.2021-ci il tarixindən sonra ödəniş həyata keçirildiyi müəyyən olunmamışdır.

75. Halbuki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinədək 70 000 ABŞ dolları əsas, 26 278,47 ABŞ dolları faiz borcunu, yəni ümumilikdə 92 278,47 ABŞ dolları məbləğində pul vəsaitinin qaytarmağı öhdəsinə götürmüşdür (§ 4).

76. Buna görə də kollegiya hesab edir ki, işin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmədiyi qənaətinə gəlinməsi mümkündür və birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlmişdir.

77. Bununla belə kollegiya, borc məbləğinin düzgün hesablanmadığı ilə bağlı cavabdehlərin dəlillərini qismən əsaslı hesab edir; belə ki, iddiaçının özünün bildirdiyinə görə, müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixində Cavabdeh1 47 723,53 ABŞ dolları əsas, 27 600,49 ABŞ dolları faiz borcu olmuşdur – bu isə o deməkdir ki, iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixinə qalıq borcun məbləği müəyyənləşdirilərkən həmin məbləğlər əsas götürülməklə yanaşı, müqavilə müddətinin başa çatmasından sonrakı ödənişlər nəzərə alınmalıdır.

78. Çünkü Cavabdeh1 kredit müqaviləsi əsasında xx.xx.2018-ci il tarixindən sonra müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə faiz borcunun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir – BOKT-la onun arasında bağlanmış müqavilə üzrə kredit xx.xx.2018-ci (xx.xx.2018-ci) il tarixinə qədər verilmiş və məhz bu dövr ərzində onun müqavilədə razılaşdırılmış faizləri ödəməli olduğu razılaşdırılmışdır.

79. Başqa sözlə, BOKT-a xx.xx.2018-ci il tarixindən sonra ödənilmiş vəsait, həmin tarixədək yaranmış əsas və faiz borcunun silinməsinə yönəldilməlidir.

80. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.

81. Bu kontekstdə kollegiya hesab edir ki, iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixinə Cavabdeh1 qalıq əsas borcunun məbləği 47 723,53 ABŞ dolları, faiz borcunun məbləği 9387,31 ABŞ dolları təşkil etmişdir.

82. Belə ki, iddiaçının təqdim etdiyi “Kredit müqaviləsi üzrə hesabdan çıxarış № 32” adlandırılan sənəd natamam ekspert rəyləri ilə birlikdə qiymətləndirildiyində, xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinə qədər BOKTA ödənilmiş cəmi 48 157,12 ABŞ dolları vəsaitin 18 213,18 ABŞ dolları hissəsinin, müqavilə müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixindən iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək ödənildiyi müəyyən olunur; belə olan halda isə iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 47 723,53 ABŞ dolları əsas, 9387,31 ABŞ dolları faiz borcu olmuşdur (müqavilə müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixindən sonra ödənilmiş 18 213,18 ABŞ dolları həmin tarixə hesablanmış 27 600,49 ABŞ dolları faiz borcundan çıxılmaqla (27 600,49 – 18 213,18 = 9387,31)).

83. Borc məbləğinin manatla hesablanmalı olması ilə bağlı audit rəyində göstərilənlərlə əlaqədar isə kollegiya qeyd edir ki, ekspertiza tədqiqatı ekspert qarşısında qoyulan suallar əsasında aparılmaqla, onun əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir və kreditin hansı valyutada verilməli olduğunu müəyyənləşdirmək auditorun və ya ekspertin səlahiyyətində deyildir

84. Ekspert rəyi sübut növlərindən biridir və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

85. Cavabdeh1 müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə 7158 ABŞ dolları məbləğində faiz tutulması ilə bağlı gəlinən nəticəni isə kollegiya əsaslı hesab edir. Belə ki, xx.xx.2018-ci il tarixindən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixinə qədər keçən dövr 3 il 2 ay (38 ay), bu müddət ərzində 47 723,53 ABŞ dolları əsas borca illik 5%-lə hesablanan faiz məbləği isə 7562 ABŞ dolları təşkil edir (illik 2386 ABŞ dolları x 38 ay = 7562).

86. Nəzərə alınmalıdır ki, iddiaçının həmin iddia tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər (§ 37); bu maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

87. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi də qeyd etmişdir ki, “kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”.

88. Kollegiya, ipoteka predmetinin qiymətinin düzgün məyyənləşdirilmədiyi, həmin qiymətin bazar qiyməti əsas götürülməklə müəyyənləşdirilməli olduğu barədə apellyasiya şikayətində ümumi ifadələrlərə irəli sürülənləri də əsassız hesab edir.

89. İlk növbədə qeyd olunmalıdır ki, “likvidlik” iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

90. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadında (§ 63) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları belə nəticəyə gəlmişlər ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

91. Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi ev 4 ünvanında yerləşən 10/8 saylı mənzil 2015-ci ilin dekabr ayında ipotekaya qoyularkən 100 000 ABŞ dolları məbləğində qiymətləndirilmiş, məhkəmənin "xxxx" MMC-dən aldığı rəydə hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 77,3 kv.m olan 2 otaqlı, faktiki sahəsi 149.6 kv.m olan 4 otaqlı 10/8 saylı mənzilin bazar dəyəri 235 000 manat, likvid dəyəri 215 000 manat, cavabdehin təqdim etdiyi rəydə isə əmlakın bazar dəyəri 245 000 manat göstərilmişdir.

92. Apellyasiya baxışı zamanı "xxxx" MMC-dən alınan rəydə mənzilin bazar qiymətinin 295 000 manat, likvid qiymətinin 270 000 manat, ekspert rəyində isə sənəd üzrə ümumi sahəsinin 77,3 kv.m. olduğu nəzərə alınaraq, orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 170 000 manat, likvid dəyərinin təqribən 162 000 manat, mənzilin dövlət reyestrindən çıxarışında və texniki pasportunda öz əksini tapmayan əlavə tikililər nəzərə alındığında bazar qiymətinin təqribən 292 000 manat, likvid qiymətinin təqribən 263 000 manat olduğu göstərilmişdir.

93. Beləliklə, əmlakın likvid qiyməti ilə bağlı biri-birindən fərqlənən 3 rəy vardır (215 000 manat, 270 000 manat və 263 000 manat) və həmin rəylərdən aydın olur ki, əmlakın bazar qiyməti kimi müəyyənləşdirilən qiymətlərlə likvid qiymət arasındakı fərq 20 000-30 000 manat arasında dəyişir.

94. Cavabdehlərin özlərinin təqdim etdikləri rəydə əmlakın bazar qiymətinin 245 000 manat göstərildyini, bazar qiyməti ilə likvid qiymət arasındakı fərqin isə yuxarıda göstərilən həddə təsbit olunduğunu nəzərə almaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi qiymət hər iki tərəfin mənafeyinə uyğun olan ədalətli qiymət kimi qəbul edilməlidir.

95. Bu zaman həm də nəzərə alınmalıdır ki, əmlakın likvid qiymətinin 263 000 manat və 270 000 manat məbləğində müəyyənləşdirilməsi zamanı onun çıxarışında və texniki pasportunda öz əksini tapmayan əlavə tikililər hesaba alınmışdır – hansı ki, həmin tikililərin ipoteka saxlayanın razılığı ilə inşa edildiyi müəyyən edilməmişdir.

96. Kollegiya apellyatorların şikayətini digər hissələrdə də əsassız hesab edir; belə ki, Cavabdeh1 kredit öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddiaçının ipoteka predmetinə tutma yönəltmək hüququ yaranmışdır (§ 43, 44, 46).

97. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin bölgüsünü də düzgün həyata keçirmişdir; işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizaların, habelə qiymətləndirmənin xərci isə tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlara aid edilməlidir.

98. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

99. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1604/2022 saylı iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsi “Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə 27 600,49 ABŞ dolları faiz borcunun, ümumilikdə isə 82 482,02 (səksən iki min dörd yüz səksən iki dollar 02 sent) ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə 9387,31 (doqquz min üç yüz səksən yeddi dollar 31 sent) ABŞ dolları faiz borcu, ümumilikdə isə 64 268,84 (altmış dörd min iki yüz altmış səkkiz dollar 84 sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) borc məbləği tutulub "xxxx" ASC-nə ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid edilsin. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 100 (yüz) manatı "xxxx" ASC-dən, 200 (iki yüz) manatı Cavabdeh2 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№:AZ30GUNA********************,Bank:"xxxx"ASC,VÖEN:**********,Müxbir hesab:AZ25NABZ**********00000479, KOD: 505594, SWİFT: GUNAAZ22) keçirilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manatın 200 (iki yüz) manatı "xxxx" ASC-dən, 100 (yüz) manatı Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT- BİK CTREAZ22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar