Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6703/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2677/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2011-ci il tarixli 2(103)-2842/2011 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-1216/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarına münasibətdə dəyişdirilmiş, xx.xx.2010-cu il təvəllüdlü Məryəmin saxlanılması üçün, o, yetkinlik yaşına çatanadək Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir.
2. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 6738/2015 saylı, xx.xx.2015-cı il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılaraq 108 (bir yüz səkkiz) manat məbləğində müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2015-ci il tarixli, 2(005)-6738/2015 saylı qətnaməsi ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi müəyyən edilmiş aliment məbləğinin artırılaraq, İddiaçı Cavabdeh ilə birgə nikahdan anadan olmuş övladları xx.xx.2010-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 mart 2011-ci il tarixli 2(005)- 1216\2011 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı 08 iyul 2010-cu il tarixdə bağlanmış nikahları pozulmuş, həmin qətnamə ilə 17 dekabr 2010-cu il tarixdə anadan olmuş X3 İddiaçı himayəsində qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay Cavabdeh olundan 80 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-2842\2011 nömrəli qətnməsi ilə Nərimanov rayon məhkəmsinin 16 mart 2011-ci il tarixli 2(005)-1216\2011 saylı qətnaməsi təyin olunmuş almentin miqdarına münasibətdədəyişdirimiş,xx.xx.2010-cu il təvəllüdlü Məryəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh, onun aylıq qazancının dövddə bir hissəsi miqdannda və sabit pul şəklində ayda 50 (əlli) manat məbləğdə alimentin mənim, yəni Əlizadə (Fərəcova) Vüsalə Kamal qızının xeyrinə tutulması qət edilmişdir. Həmin Qətnamə ilə nikahın pozulması, uşağın anasının himayəsndə saxlanması, dövlət rüsumuna münasibətdə və iddianın qalan hissəsinin rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılmış, aliment tutulması xx.xx.2011-ci il tarixdən sabit məbləğdə 80 manatdan, 16 iyun 2011-ci il tarixdən aylıq qazancının dörddə bir hissəsi miqdarında və sabit pul şəklində ayda 50 (əlli) manatdan hesablanması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 dekabr 2015-ci il tarixli 2(005)- 6738\2015 №-li qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə məyyən edilmiş alimentin məbləği artırılaraq 108 (bir yüz səkkiz) manat məbləğində müəyyən edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulub Fərəcova (Əlizadə) Vüsalə Kamal qızına verilməsi və alimentin bu qətnamə ilə məyyən edilmiş miqdarı xx.xx.2015-ci il tarixdən tutulması qət edilmişdir.Bildirir ki, Cavabdeh ərzaq mallarının ticarəti ilə məşqul olaraq hər ay 1000 (min) manata qədər pul qazanır. Artıq Məryəmin 12 yaşı vardır. O, məktəbin 5-ci sinfində oxuyur. Qızım böyüdükçə onun saxlama xərcləri də artır. Ona görə də, cavabdehdən alimentin tutulması Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində, yəni 193 manat müəyyən edilməlidir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2677/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6738/2015 saylı, xx.xx.2015-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi, Cavabdeh 50 (əlli) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4 və 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, məhkəmənin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun gəlməmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, cavabdeh ikinci dəfə evlənmiş və onun xx.xx.2021-ci il təvəllüdlü daha bir uşağı vardır. Aldığı maaşdan 193 manat iddiaçıya ödənilərsə, ikinci uşaq ac qalmalıdır. Məhkəmə həmçinin cavabdehin xəstə olduğunu da nəzərə almamışdır. Əvvəlki qətnamə ilə müəyyən edilən məbləği də böyük çətinliklə ödəyir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, faktiki olaraq, alimentin məbləği artırılmışdır. Eyni zamanda, iddiaçı cavabdehin maddi vəziyyətində dəyişiklik olması barədə heç bir sübut da təqdim edə bilmədiyi halda, cavabdehin yenidən ailə qurmağını, həmin nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X4 doğulması barədə sənədlər təqdim etmişdir. Məhkəmə isə cavabdehin maddi vəziyyətində heç bir dəyişikliyin olmamasını, yenidən ailə qurmağını, həmin nikahdan azyaşlı uşağının olmasını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
12. Maddə 22.2.2 məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir.
13. Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar.
14. Maddə 75.4 valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
15. Maddə 78.1 valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
16. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda qətnamə cavabdeh tərəfindən mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2677/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6738/2015 saylı, xx.xx.2015-cı il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Tərəflər arasındakı hazırki mübahisənin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
29. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
30. Lakin mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Buna görə də, birinci instansiya məhkəməsi ölkə üzrə 2022-ci il üçün uşaqlar yaşayış minimumunu nəzərə almaqla alimentin miqdarının 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
31. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar onun valideyn kimi, qanunla üzərinə qoyulmuş öhdəlikdən azad etmir. Ona görə də, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2677/2022 saylı, 20 iyul 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.