Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6704/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair” 2(008)-4882/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra isə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13750 manat məbləğində zərərin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 sentyabr 2018-ci il tarixdə təxminən saat 17 radələrində ona məxsus avtomaşını talama məqsədi olmadan Cavabdeh qaçıraraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə ona 17674 manat ziyan vurmuşdur. Cavabdeh törətdiyi cinayətə görə Sabunçu Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 1(008)-113/2019 saylı hökmünə əsasən 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli 1(008)-113/2019 saylı hökmündə də göstərildiyi kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31997 saylı, 09 yanvar 2019-cu il tarixli əmtəəşünaslıq rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, nəzəri hesablama yolu ilə 2012-ci il buraxılışlı «Chevrolet Malibu» markalı, AZ ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə təxminən 16950 manat müəyyən edilmişdir. Cavabdeh hadisə nəticəsində əmlakına dəymiş 16950 manat ziyan qarşılığında ona 3200 manat məbləğində ödəniş etmişdir və Sabunçu Rayon Məhkəməsinin sözügedən hökmündə də qeyd olunduğu kimi, bu hal şəxsin vəziyyətini yüngülləşdirən hallardan biri kimi nəzərə alınmışdır. Lakin yerdə qalan 13750 manat məbləğində ziyanın qarşılığı ona ödənilməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 17.10.2019-cu il tarixli, 2(008)-4882/2019 saylı qətnaməsini aşağıdakılara görə qanunsuz və əsassız hesab edirlər. Cavabdeh Sabunçu Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 1(008)-113/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2-ci maddəsi ilə təqsirli bilinib 2 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırki mülki iş üzrə iddia ərizəsi həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olan İddiaçı məxsus «Chevrolet Malibu» markalı AZ ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması ilə bağlı «Daewoo» markalı maşınla toqquşması ilə bağlı verilmişdir. Bildirirlər ki, Cavabdeh maşın ustası olduğu üçün maşın ona əzik vəziyyətdə təhvil verilmişdir. Cavabdeh qarşı cinayət işi qaldırılana qədər İddiaçı barəsində avtoqəza hadisəsi ilə bağlı inzibati hüquqpozma barədə iş olmuş və onun maşının böyük bir hissəsi əzilmiş vəziyyətdə olmuşdur. Cavabdeh tərəfindən maşın toqquşması olsa da yeni bir əzilmiş hissə olmamışdır. Belə olduğu halda İddiaçı yalan məlumatlar əsasında iddia tələbi irəli sürmüşdür. Cavabdeh izahat verməkdən məhrum edilməklə məhkəmə prosesi onun və nümayəndənin iştirakı olmadan keçirilmiş, bununla da çəkişmə prinsipi pozulmuşdir. İşə baxan məhkəmə bütün bu halları nəzərə almadan kobud prosessual qanun pozuntuları ilə qətnamə çıxarmışdır. Bununla da Azərbaycan Respublikası MPM-nin 9,3, 14.2, 88, 106.1ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın təmin edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 1(008)- 113/2019 saylı hökmü ilə Cavabdeh 25 sentyabr 2018-ci il tarixdə İddiaçı məxsus “Chevrolet Malibu” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq qaçırdıb yol-nəqliyyat hadisəsi törədərək zərərçəkmişə xeyli miqdarda ziyan vurduğuna görə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin hökmdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2019-cu il tarixli, 31997 saylı ekspert rəyi ilə 2012-ci il buraxılışlı «Chevrolet Malibu» markalı, AZ ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə təxminən 17674 manat müəyyən edilmişdir. Dəyişilməli hissələrin qiyməti - 14600 manat, təmir-bərpa işlərinin qiyməti - 2350 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etməklə düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus avtomobilə yol-nəqliyyat hadisəsi zamanı zərərin dəyməsi və yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh şəxsin təqsirkar olması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən, iddiaçı dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdeh iddiaçıya vurulmuş 13750 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı təmin etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Cavabdeh iddiaçıya vurulmuş maddi ziyanın 13750 manat hissəsini ödəmədiyindən, iddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Cavabdehin məhkəmə iclasında izahat verməkdən məhrum edilməklə məhkəmə prosesinin onun və nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə apellyasiya şikayətinin dəlili açıq aydın əsassızdır. Belə ki, cavabdeh 17.10.2019-cu il tarixli məhkəmə iclasında iştirak edərək verdiyi izahatında iddianı qismən qəbul etdiyini, borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(008)- 4882/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6704/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6704/2021
21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver