Məhkəmə qərarları › İş №2(103)-6705/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6705/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6705/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh1 və onun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(007)-451/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASCdən illik 31%-lə, 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 09.06.2014-ci il tarixli, ZM-69743240 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin bitmə tarixi 09 iyun 2016-ci il tarixidir. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlər. 10 iyul 2020-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan banka 1647,86 ABŞ dolları əsas, 3281,54 ABŞ dolları faiz, 4485,87 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 10.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 249,32 ABŞ dolları borc olmaqla, ümumilikdə 9664,59 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 27 dekabr tarixli 2-1(103)- 3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASCnin ləğvedicisi təyin edilmişdir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1647,86 ABŞ dolları əsas, 3281,54 ABŞ dolları faiz, 4485,87 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 10.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz-249,32 ABŞ dolları olmaqla, ümumilikdə 9664,59 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il, tarixli 2(007)-451/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi üzrə 2801.35 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, qalan hissədə iddia təmin olunmaması qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-451/2021 saylı iş üzrə 06.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinin və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-451/2021 saylı mülki iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi qeyri-obyektiv, əsassız və qanunsuzdur. Məhkəmə işə baxan zaman gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və eyni zamanda qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Digər tərəfdən məhkəmə öz qətnaməsi ilə maddi və prosessual hüquq normalarını da pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndinə riayət edilməmənişdir. Həmin bəndə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Dövlət adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qətnaməsinin hüquqi, nəzəri, təcrübi cəhətdən düzgün tərtib edilməsi vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır, onların hüquqi vasitələrlə tərbiyə olunmasına xidmət edir. Qətnamənin əsaslandırıcı hissəsində sadəcə işin faktiki halları və maddi hüquq normaları sadalanmışdır. Qeyd edir ki, tərəfindən məhkəmə prosesində iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilmişdir ki, bu ərizəsinə də ümumiyyətlə əhəmiyyət verilməmiş,qətnamədə bu barədə heçnə qeyd olunmamışdır. İddiaçı üçün iddia müddətinin axımı 09.06.2016-cu il tarixdən başlamışdır. Belə ki, həmin tarixdən müqavilə öhdəliklərinin icrası üçün son müddət olmuş və iddiaçı artıq hüquqularının pozulduğunu bilirdi. Lakin bunlara baxmayaraq iddiaçı tərəfindən məhkəməyə 08.08.2020-ci il tarixdə müraciət olunmuşdur. Əlavə olaraq qeyd edir ki, tərəfindən banka olan son ödənişi 04.11.2015-ci tarixidir. Bunu ona görə qeyd edir ki, bununla bağlı bank tərəfindən saxtakarlığa manipulyasiyaya yol verilməsin. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş üç illik iddia müddətini buraxdığından və həmin müddət 09.06.2019-cü il tarixdə başa çatdığından, iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi qanuni və labüd idi.Lakin təəssüflər olsun ki,bu qanuni tələb əhəmiyyətsiz şəkildə geri çevrilmişdir. Hesab edir ki, məhkəmənin belə mövqeyi ədalətsiz, qanunsuz və qərəzlidir. Nəticə etibarı ilə onun hüquqları pozulmaqda davam edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili X3 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışına tədqiq edilən: İş materiallarında olan, 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 31%-lə, 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan, 09.06.2014-ci il tarixli, ZM-69743240 saylı zaminlik müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün zamin qismində məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan, ödəniş cədvəlindən görünür ki, borclu 6300 ABŞ dolları məbləğində pulu 24 ay müddətinə hər ayın 09-dan gec olmayaraq 356 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişlərdən görünür ki borclular bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdar edilmişlər. İş materiallarında olan, 10.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 1647,86 ABŞ dolları əsas, 3281,54 ABŞ dolları faiz, 4485,87 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 10.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 249,32 ABŞ dollarıc olmaqla, ümumilikdə 9664,59 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan, 07.08.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Mərkəzi Bankının 09.12.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019-cu il tarixli nömrəli Fərmanın təsiri dairəsinə düşmüşdür. Belə ki, fərmanın qüvvəyə mindiyi günə-yəni 01.03.2019-cu il tarixinə cavabdehin sözügedən müqavilə üzrə 3592.32 AbŞ dolları (6106.94 manat) keçmiş kredit borcu qalmışdır. Bundan başqa, bankla Cavabdeh1 arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə Fərmanın tələblıri çərçivəsində cəmi 3305.59 manat kompensasiya, hesablanmış və məbləğ Fərmanın 2-ci hisssinə əsasən ilk növbədə borclunun həmin kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcuna yönəldilmiş və qalıq qalan 2801.35 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin hallarından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsinə əsasən illik 31%-lə, 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 09.06.2014-ci il tarixli, ZM-69743240 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Zamin isə zaminlik öhdəliyinə əməl etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutub, Azərbaycan Respublikası Mərkəzi Bankının rəyində qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi üzrə 2801.35 manat borc tutulmalıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi üzrə 4485.87 ABŞ dolları məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 4485.87 ABŞ dolları məbləğində dəbbə silinməlidir. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi üzrə 2801.35 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 09.12.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019-cu il tarixli nömrəli Fərmanın təsiri dairəsinə düşmüşdür. Belə ki, fərmanın qüvvəyə mindiyi günə-yəni 01.03.2019-cu il tarixinə cavabdehin sözügedən müqavilə üzrə 3592.32 AbŞ dolları (6106.94 manat) keçmiş kredit borcu qalmışdır. Bundan başqa, bankla Cavabdeh1 arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə Fərmanın tələblıri çərçivəsində cəmi 3305.59 manat kompensasiya, hesablanmış və məbləğ Fərmanın 2-ci hisssinə əsasən ilk növbədə borclunun həmin kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcuna yönəldilmiş və qalıq qalan 2801.35 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur, lakin 2801.35 manat əsas kredit borcuna həmin vaxtda cavabdehin etiraz etməsi iş materialları ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(007)-451/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar