Məhkəmə qərarları › İş №2(103)-6708/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6708/2020

17.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6708/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 1337/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon Məhəməsinin 2(008)-2007/17 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin 2(008)- 2007/17 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmiş aliment hazırda yetərli deyil. Buna görə də alimentin məbləği artırılmalıdır. Belə ki, hazırda ölkə üzrə Yaşayış minimumu 2019-cu il üzrə uşaqlar üçün 164 manat müəyyən edilmişdir. Ona görə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı ən azı buna uyğun müəyyən edilməlidir. Eyni zamanda qeyd edir ki, Cavabdeh fərdi əməklə məşğuldur, taksi fəaliyyəti ilə də məşğuldur və avtomobili var, kifayət qədər qazanc əldə edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 1337/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-2007/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq, İddiaçı verilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1337/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərardadı ilə onların arasında razılıq (barışıq) sazişinin bağlanması faktı təsdiqləndiyini, lakin hakim tərəfindən bu sazişin şərtlərinin müəyyən edilmədiyini və araşdırılma aparılmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Pemununun qərarına əsaslandığını, qərarda “məhkəmə tərəfindən alimentin miqdarının müəyyən edilərək, yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyətinin öyrənilməlidir”, “Məhkəmə alimenti sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır”, “Sabit aliment ödəməli şəxsin gəlirlərinin olub-olmamasını müəyyən etməli, əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif edilməlidir”, əmək haqqından yüksək miqdarda vəsait verilməsi səbəbi ilə alimentin sabit pul məbləğində məhkəmənin müəyyən edə biləcəyi qeyd olunmuşdur. Bununla alimentin tutulması yalnız qazancın, əmək haqqının müəyyən ediləndən sonra mümkün olduğunun bildirmişdir. Hakim tərəfindən qazancının, əmək haqqının miqdarının müəyyən edilmədiyini, bu barədə iddiaçıdan sübutlar təqdim edilməsini tələb etmədiyini, yalnız yaşayış minimumu haqqında qanunun qətnamədə göstərilməklə kifayət etdiyini bildirmişdir. Bu yaşayış minimum məbləğinin onun tərəfindən əldə edilməsi faktının müəyyən edilmədiyini və subutlarla təsdiq edilmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi hansı qazancından, gəlirindən alimentin tutulması məsələsinə əsaslanmadığını, əsassız qətnamə çıxarıldığını bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2012-ci ildə Bakı şəhərində anadan olmuş X2 atası Cavabdeh, anası X3r. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv olunması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 259 nömrə ilə qeyd edilmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-2007/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2016-cı il tarixdən hesablanmaqla xx xxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmiş və həmin qətnamə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşağın saxlanılması və onun maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşağın lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini vəyuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsaslar mövcuddur. Belə ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün məhkəmə tərəfindən 140 manat məbləğində aliment 2017-ci ildə müəyyən olunmuş, həmin vaxtdan 3 ildən artıq vaxt keçmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi, qazanca malik olmaması və ya az gəlirli olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının artırılması üçün qanuni əsasın olması nəticəsinə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlimtərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia tələbində alimentin 200 manatadək artırılması tələb olunsa da, cavabdehin daha yüksək gəlirə malik olması barədə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 170 manat yaşayış minimumundan çox azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını əhəmiyyətli dərəcədə pozduğundan məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarının artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi hansı qazancından, gəlirindən alimentin tutulması məsələsinin əsaslandırılmaması dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 170 manat yaşayış minimumundan çox azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını əhəmiyyətli dərəcədə pozduğundan məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. olması ilə bağlı 1-ci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Həmçinin, Kollegiya qeyd edir ki, artırılması tələb olunan aliment məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 1337/2020 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar