Məhkəmə qərarları › İş №2(103)-6709/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6709/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6709/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və X1 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-491/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Nizami Rayon Məhkəməsinin 2(007)-491/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 721.67 manat kredit borcu və 49 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

3. İddiaçı qətnamədən apellyasiya şikayət verib və şikayətinin dəlili kimi qeyd etmişdir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. X3 xx.xx.2016-cı iltarixdə vəfat etmişdir və Cavabdeh (arvadı) vərəsəlik şəhədətnaməsinə əsasən xx.xx.2017-cı il tarixdə mirası qəbul etmişdir. 52 saylı notariat ofisinin İddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən onlara məlum olmuşdur ki, Cavabdeh (arvadı) vəfat etmiş şəxs X2 qanuni vərəsəsidir. Beləliklə də, İddiaçı ASC hüquqlarının pozulduğunu xx.xx.2022-ci il tarixdən vərəsələrin öhdəliyi yerinə yetirmədikləri məlum olmuş və məhkəməyə müraciət olunmuşdur. Hazırki vəziyyətdə iddia müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Nizami rayon Məhkəməsi isə vərəsəlik barədə məlumatı əldə etmək öhdəliyini əfsuslar olsun ki, onların üzərinə qoyaraq iddia tələbinə qərəzli mövqe bildirmişdir. Halbuki, mülki normadan da görmək olur ki, bu öhdəlik onların deyil mirası qəbul edən şəxsin öhdəliyidir. Odur ki, qətnamənin qismən ləğv olunmasını, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi, həmçinin ödəniş qəbzləri təqdim edərək, borcu ödədiyini, heç bir borcu olmadığını bildirdi.

5. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsi ilə göndərdiyi ərizədə işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:

6. 6. X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MM/14005/50/4 saylı müqavilədən görünür ki, bank cavabdehə 3345 ABŞ dolları kredit vermişdir.Kredit 21.99%-lə 22 ay müddətinə verilmişdir.

7. X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL147534/13 saylı müqavilədən (kredit kartı) görünür ki, bank cavabdehə 800 manat kredit vermişdir.Kredit 2,5%-lə 1il 6 ay müddətinə verilmişdir. X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit sazişindən görünür ki, həmin müqavilənin şərtlərində dəyişiklik edilmiş,kredit xəttinin maksimal məbləği 10000 manat, ilkin olaraq istifadə edilməsi mümkün olan məbləğ 1200 manat, kredit xəttinin maksimal müddəti 10 il müəyyən edilmişdir.

8. X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, DK085524/13 saylı müqavilədən(bolkart) görünür ki, bank cavabdehə 150 manat məbləğlərində kredit verib.xx.xx.2015-ci il tarixli, MM/14005/50/4 saylı müqavilədən görünür ki, bank cavabdehə 150 manat kredit vermişdir.Kredit 2,5%-lə 12 ay müddətinə verilmişdir.

9. 03.11.2022-ci il tarixli maliyyə arayışından görünür ki,həmin kredit müqavilələri üzrə cavabdehin banka xx.xx.2015-ci il tarixli, MM/14005/50/4 saylı müqaviləyə əsasən 1076.22 ABŞ dolları əsas,153.53 ABŞ dolları faiz borcu,xx.xx.2013-cü i tarixli BAL147534/13 saylı müqaviləyə əsasən 618.04 manat əsas,15.45 manat faiz, xx.xx.2013-cü il tarixli, DK085524/13 saylı müqaviləyə əsasən isə 85.2 manat əsas,2.98 manat faiz borcu,cəmi 1229.75.ABŞ dolları və 721.67 manat kredit borcu vardır.

10. Məxaric qəbzindən görünür ki,bank məhkəməyə müraciət etmək üçün 49 manat dövlət rüsumu ödəmişdir.

11. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.

12. Cavabdeh məhkəməyə ünvanladığı ərizədə qeyd olunur ki, o, vərəsəliyi 2016-cı il tarixdə, ərindən miras qalmış əmlak isə onun adına xx.xx.2017-cı il tarixdə qəbul etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Tətbiq edilən prosessual hüquq normaları:

14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

15. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MM/14005/50/4 saylı müqavilə və xx.xx.2013-cü il tarixli, DK085524/13 saylı müqavilə (bolkart) üzrə iddia müddəti ötürülmüşdür, cavabdeh isə mübahisəyə iddia müddəti tətbiq olunması barədə ərizə vermişdir.

18. Buna əsasən, rayon məhkəməsi həmin xx.xx.2015-ci il tarixli, MM/14005/50/4 saylı müqavilə və xx.xx.2013- cü il tarixli, DK085524/13 saylı müqavilələr üzrə iddia müddətini tətbiq etməklə iddia tələbini həmin müqavilələrə aid hissədə təmin etməmişdir.

19. İddiaçı rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, X3 xx.xx.2016-cı iltarixdə vəfat etmişdir və Cavabdeh (arvadı) vərəsəlik şəhədətnaməsinə əsasən xx.xx.2017-cı il tarixdə mirası qəbul etmişdir. 52 saylı notariat ofisinin İddiaçıya ünvanladığı xx.xx.2022-ci iltarixli məktubuna əsasən onlara məlum olmuşdur ki, Cavabdeh (arvadı) vəfat etmiş şəxs X2 qanuni vərəsəsidir. Beləliklə də, İddiaçı ASC hüquqlarının pozulduğunu xx.xx.2022-ci il tarixdən vərəsələrin öhdəliyi yerinə yetirmədikləri məlum olmuş və məhkəməyə müraciət olunmuşdur. Hazırki vəziyyətdə iddia müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır.

20. Kolegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayaraq bildirir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

21. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

22. Göründüyü kimi müqavilə tələbləri üzrə iddia müddətinin axımının icra müddəti bitdikdə başlanması qanunla müəyyən edilmişdir. X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MM/14005/50/4 saylı müqavilə 22 ay və xx.xx.2013- cü il tarixli, DK085524/13 saylı müqavilə 12 ay müddətinə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MM/14005/50/4 saylı 22 ay müddətinə bağlanmış müqavilə üzrə iddia müddətinin axımı xx.xx.2017-cı il tarixdən, xx.xx.2013-cü il tarixli, DK085524/13 saylı 12 ay müddətinə bağlanmış müqavilə üzrə xx.xx.2014-cü il tarixdə başlamış, bu səbəbdən də hazırkı vəziyyətdə iddia müddətinin başlanğıcının xx.xx.2022ci il tarixdən hesablanması barədə iddiaçının dəlili əsassızdır.

23. Belə olan halda, məlum olur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Nəticə:

24. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

26. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

27. Hazırkı halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-491/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar