Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6711/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, ərazi aidiyyətinə görə iddia ərizəsinə Sabunçu Rayon Məhkəməsində baxılmalı deyil, tərəflərin hər ikisi Naxçıvan MR-nın Kəngərli rayonunda qeydiyyatdadırlar, iddia ərizəsində iddiaçının ünvanı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavodu, Yeni məhəllə kimi qeyd edilsə də, iddiaçının həqiqətən həmin ünvanda yaşaması barədə arayış iddia ərizəsində əlavə edilməyib. Bundan başqa, qərardadda qeyd olunub ki, iddia ərizəsini etibarnamə əsasında iddiaçının nümayəndəsi kimi vəkil imzalasa da, vəkilin orderi iddia ərizəsinə əlavə edilməyib. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalı, qərardad ləğv edilməli və iş həmin məhkəməyə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Birinci, iddiaçının Sabunçu rayonunda yaşadığı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq olunub. Bu qətnamələr Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(008)-4219/2016 nömrəli və xx.xx.2021-ci il tarixli 2(008)-4244/2021 nömrəli qətnamələridir. Həmin qətnamələrdən görünür ki, iddiaçı bundan əvvəl 2 dəfə eyni cavabdehə qarşı iddia ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Birinci iddia ərizəsində nikahın pozulması, uşaqların iddiaçının yanında qalması və aliment tutulması tələb olunub, ikinci iddia ərizəsində alimentin miqdarının artırılması tələb olunub, hər iki iddiaya iddiaçının yaşadığı yer üzrə Sabunçu Rayon Məhkəməsi tərəfindən baxılıb. Bu isə onu təsdiq edir ki, iddiaçının Sabunçu rayonunda qeydiyyatsız yaşadığı əvvəlki iddialara baxılarkən məhkəmə tərəfindən təsdiq olunub. Hazırkı iddia alimentin miqdarının artırılması barədədir, yəni əvvəlki iddialarla əlaqəlidir. Mülki-Prosessual Məcəllənin 36.3-cü maddəsinə görə, alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə verilə bilər. Alimenin miqdarının artırılması barədə iddia bu maddənin məqsədi baxımından alimentin alınması barədə iddiaya bərabər tutulur, ona görə də iddiaçı həmin iddianı yaşadığı yer üzrə məhkəməyə - Sabunçu Rayon Məhkəməsinə verə bilər. İkinci, iddia ərizəsini nümayəndə kimi imzalayan vəkilin orderi iddia ərizəsinə əlavə edilməsə də, həmin zaman (iddia ərizəsinin imzalandığı zaman) order mövcud olub (iş v. 17) və o, hazırkı şikayətin verilməsindən əvvəl elektron kabinet vasitəsilə məhkəməyə göndərilib. Birinci instansiya məhkəməsinin imkanı olub ki, bu halı nəzərə almaqla şikayəti təmin etsin və öz qərardadını ləğv etsin, lakin şikayət təmin edilməyib. Məhkəmə qeyd edir ki, orderin mövcud olmamasının və mövcud olan orderin iddia ərizəsinə əlavə edilməməsinin fərqi var. İddia ərizəsi o halda səlahiyyətsiz şəxs tərəfindən imzalanmış sayılır ki, order mövcud olmur. Mövcud olan orderin iddia ərizəsinə əlavə edilməməsi pozuntudur, lakin həmin order sonradan məhkəməyə təqdim edilirsə və iddia ərizəsinin imzalanması zamanı orderin mövcud olduğu müəyyən edilirsə, pozuntu aradan qalxmış olur və iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmış sayılır. Belə halda birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytarılması barədə öz qərardadını şikayət əsasında ləğv etməli idi. Əgər iddia ərizəsinin imzalanması zamanı order mövcud olmasayıdı, bu hal iddia ərizəsinin səlahiyyətsiz şəxs tərəfindən imzalanması sayılardı. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 69.1-1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olan şəxs tərəfindən imzalanıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6711/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6711/2023
03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver