Məhkəmə qərarları › İş №2(103)-6714/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6714/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6714/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-1502/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə 5963.57 manat əsas, 380.07 manat faiz borcunun, cəmi 6343.64 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 28.44% olmaqla 7034 manat məbləğində kredit verilmişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Sabunçu rayon Məhkəməsinin 2(008)-4738/2017 saylı, xx xxxxx 2017-ci il tarixli məhkəmə əmrinə əsasən borclu-xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas kredit borcu üzrə 5963.57 manat və 380.07 manat cərimə borcu, cəmi 6343.64 manat məbləğində pulun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh Sabunçu Rayon Məhkəməsinin 2(008)-4738/2017 saylı, xx xxxxx 2017-ci il tarixli məhkəmə əmrinə etiraz etmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-4738/2017 saylı qərardadına əsasən Sabunçu rayon Məhkəməsinin 2(008)-4738/2017 saylı, xx xxxxx 2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilərək, işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-1502/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, əsas borc üzrə 4679.70 manat, dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, sözügedən qətnamədə işin halları ətraflı araşdırılmadan, iddianın təmin edilməsi qət edilmişdir. Belə hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1502/2020 saylı qətnaməsi aşağıda qeyd etdiyi hallara əsasən ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, 2015-ci ildən bu yana o, davamlı olaraq borcu ödəmişdir. Onu da qeyd edir ki, onun maaş kartından hər ay 221 AZN çıxılır və bu proses indiyə qədər davam edir. İddiaçı isə öz iddia ərizəsində göstərmişdir ki, Cavabdeh öz öhdəliyini yerinə yetirmir. Çıxarılan 4679,70 manat borc əsassızdır. Məhkəmə Mühasibatlıq Ekspertizasının keçirilməsini əsas bilir. Onun hesabı ilə göstərilən məbləği çoxdan ödəyib bitirmişdir. O, ödədiyi borcu yenidən ödəyə bilmər. Buna onun maddi imkanı çatmır. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidentinin də Sərəncamını qeyd etmək istəyirəm. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanını nəzərə alınmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli kredit sazişinin məzmunundan görünür ki, İddiaçı ASCilə Cavabdeh arasında kredit sazişi imzalanmışdır. Həmin sazişə əsasən bank tərəfindən 60 ay müddətinə, illik 28.44% olmaqla 7034 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 4679.70 manat məbləğində əsas borcu vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinəəsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, düzgün nəticəyə gəlmişdir. Apellyator iş üzrə borcun düzgün müəyyən olunmamasını, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də, işdə olan maliyyə sənədlərini şübhə altına ala biləcək sübutlar təqdim etməmişdir. Buna görə də, onun bu dəlili əsaslı hesab edilə bilməz. Bundan əlavə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanının 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxildir. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2018-ci ildə yerinə yetirildiyi üçün, 360 gün gecikmə halı baş verməmişdir. Buna görə də, Fərmanla bağlı dəlil əsaslı hesab oluna bilməz. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu ilə bağlı məsələ düzgün olaraq həll edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası əsaslı olduğu üçün, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-1502/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar