Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6715/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdehlər X13, X13nın nümayəndəsi X9, Cavabdeh3, İddiaçı qızı, iddiaçınını nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh2 Dərdail oğlu, Cavabdeh3 və X8 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-544/2009 saylı, 04.02.2009-cu il tarixli qətnaməsindən cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 Dərdail oğlu, Cavabdeh3 və evin mülkiyyətçisi X3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbi” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsində yerləşən 9 saylı evə istifadə hüququnun tanınmasını xahiş etmişdir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürüldükdən sonra, cavabdeh Kiçikxanım Həşimova ölmüşdür. Bunu nəzərə alaraq iddiaçı iddia ərizəsinə əlavə ilə Rayon Məhkəməsinə müraciət edərək həmin tələbi cavabdehlər Cavabdeh2 Dərdail oğlu, Cavabdeh3 və evin yeni mülkiyyətçisi X8 qarşı irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 nikaha daxil olmasalar da, 26.09.1996-cı il tarixdə ailə münasibətlərinə daxil olmuş və iddiaçı yaşamaq üçün mübahisəli evə gəlin köçmüşdür. Həmin vaxt evin mülkiyyətçisi Cavabdeh3 anası X4 olmuşdur. Evdə yaşadığı dövrdə iddiaçı ilə Cavabdeh3 münasibətlərindən bir uşaq doğulmuşdur – 06.02.2003-cü il təvəllüdlü Südabə. İddiaçı, yaşayış yeri üzrə evə qeydiyyata alınmasa da, uzun illərdir ki cavabdehlərlə birgə təsərrüfat apararaq, evdən açıq, fasiləsiz və etirazsız istifadə etmişdir. Buna baxmayaraq son vaxtlar Kiçikxanım Həşimova, onun ölümündən sonra isə evin yeni mülkiyyətçisi Lətifə Abasova iddiaçının evdə yaşamasına mane olmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1496/2009 saylı, 05.08.2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı qızının Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Q.A.Ağaverdiyev küçəsindəki 9 saylı evin yaşayış sahəsindən istifadə hüququnun tanınması qət edilmişdir (sədrlik edən: Rəna Hüseynova). Qətnamədən cavabdeh X13 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1496/2009 saylı, 05.08.2009-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2750/2020 saylı, 05.08.2020-ci il tarixli qətnaməsi ilə, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Məmməd Məmmədov). Qətnamədən narazı qalan cavabdeh L.Abasova kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-1582/2021 saylı, 13.04.2021-ci il tarixli qərarı ilə, cavabdeh X13nın kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2750/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (Sədrlik edən: İlqar Dəmirov). Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev əvvəllər Kiçikxanım Həşimovanın mülkiyyətində olmuş, onun ölümündən sonra vərəsəlik hüququ əsasında mərhumun övladı Lətifə Abasovanın mülkiyyətinə keçmiş və bu barədə Daşınmaz əmlakın dövlət reyestrindən 26.09.2008-ci il tarixdə “Çıxarış” verilmişdir. Lətifə Abasovanın ögey qardaşı Cavabdeh2 övladı Cavabdeh3 İddiaçı ilə ailə qursa da, iddiaçı evə köçməmiş və yaşamamışdır. Bu səbəbdən İddiaçı evdən istifadə hüququ yaranmamışdır. Daha sonra qeyd edilməlidir ki, qüvvədə olan qanunvericiliyə əsasən, İddiaçı mübahisəli evə istifadə hüququnun yaranması üçün iddiaçı ilə evin hazırki mülkiyyətçisi Lətifə Abasova arasında notarial qaydada bağlanmış razılığa əsasən yarana bilər. Lakin belə bir müqavilə mövcud deyil. Bundan başqa, nəzərə alınmalıdır ki, Sabunçu Rayon Məhkəməsinin 16.11.2006-cı il tarixli, 2-1269/2006 №-li qətnaməsindən görünür ki, anası K.Həşimova həmin vaxt cavabdehlər Mübariz və Cavabdeh3ların evdən çıxarılmaları və onlar tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə iddia irəli sürmüş və həmin iddia təmin edilmişdir. Əgər İddiaçı həmin vaxt evdə yaşamış olsa idi, K.Həşimova İddiaçı da qarşı iddia irəli sürərdi. Həmin məhkəmə aktından görünür ki, 2008-ci ilədək mənzilin mülkiyyətçisi olmuş K.Həşimova hazırkı iş üzrə iddiaçını cavabdeh qismində qoymamış, ona qarşı mənzildən çıxarılma barədə tələb irəli sürməmişdir. Belə olan halda həmin qətnamə hazırki iş üzrə iddiaçıya münasibətdə preyudisial xarakter daşımır. Həmin məhkəmə aktı bir daha təsdiq edir ki, iddiaçının istifadə hüququna xitam verilməmişdir və onun tələbi əsaslıdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili E.Muradov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehlər L.Abasova, onun nümayəndəsi R.Abasova apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Kollegiya iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətnin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh L.Abasova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə əsasən verilmiş 04.08.2000-ci il tarixli, FM seriyalı, 007211 nömrəli “Qeydiyyat vəsiqəsindən” görünür ki, Bakı şəhəri, Kürdaxanı qəsəbəsi, Ağaverdiyev küçəsindəki 9 saylı yaşayış evi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi X2 adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 26.09.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli ev xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Lətifə Abasovanın adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfin istinad etdiyi 16.11.2006-cı il tarixli (İş № 2- 1269/2006) qətnamədən görünür ki, iddiaçı K.Həşimovanın cavabdehlər Rauf, Mübariz və Sevil Həşimovaların hazırkı iş üzrə mübahiəsli yaşayış sahəsindən çıxarılmaları və qanunsuz inşa etdikləri tikililərin sökülməsi barədə iddiası təmin edilmişdir. Hüquqi dəyərləndirmə: İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İH Tİ və MHQİ tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə əsasən verilmiş 04.08.2000-ci il tarixli, FM seriyalı, 007211 nömrəli “Qeydiyyat vəsiqəsi” və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 26.09.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli ev əvvəllər Kiçikxanım Həşimovanın mülkiyyətində olmuş və onun ölümündən sonra ev vərəsəlik hüququ əsasında mərhumun övladı Lətifə Abasovanın mülkiyyətinə keçmişdir. İddiaçı mübahisəli yaşayış sahəsinə 1996-cı ildə köçmüşdür. Belə olan halda mövcud mübahisə Azərbaycan Respublikasında 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarının tələbləri baxımından həll edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qeyd edilən xüsusatlara və hüquq normalarının tələblərinə müvafiq olaraq kollegiya vurğulayır ki, İddiaçı Cavabdeh3 ilə 1996-cı ildə ailə quraraq, mübahisəli yaşayış sahəsinə gəlin köçmüşdür və hazırda da orda yaşayır. Cavabdeh3 04.08.2000-ci il tarixədək həmin evin icarədarı, qeyd edilən tarixdən sonra isə evin mülkiyyətçisi olmuş K.Həşimovanın nəvəsidir. Qanunun göstərişindən göründüyü kimi şəxsin mənzilə yaşayış hüququnun tanınması üçün o, ya icarədarın ailə üzvü olmalı, və ya icarədar tərəfindən qeyd-şərtsiz mənzilə köçürülmüş digər şəxs olmalıdır. Hazırkı işdə iddiaçının uzun müddət mübahisəli mənzildə mübahisəsiz yaşaması onu təsdiq edir ki, o, həmin vaxt evin icarədarı, sonra isə mülkiyyətçisi olmuş K.Həşimova tərəfindən qeyd-şərtsiz həmin mənzilə yaşamaq üçün köçürülmüşdür və həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq da onun mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Cavabdeh L.Abasova mübahisəli mənzilə 26.09.2008-ci il tarixdən mülkiyyət hüququna dair çıxarış əldə etmiş və mübahisəli mənzil həmin tarixdən onun mülkiyyətinə keçmişdir. L.Abasova hesab edir ki, iddiaçının onun mülkiyyətində olan mübahisəli yaşayış sahəsinə istifadə hüququnun tanınması onun mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması deməkdir. Çünki iddiaçıya evdən istifadə hüququnu əmələ gətirən notarial qaydada təsdiq edilmiş razılıq verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında göstərilmişdir ki, « ...apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 ilə 1996-cı ildə faktiki nikaha daxil olaraq mübahisəli evə gəlin gəlmiş hazırkı iş üzrə İddiaçı 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbləri baxımından mübahisəli evə hansı əsasla istifadə hüququ əldə etməsinə hüquqi qiymət verməmişdir.» İşə yenidən apellyasiya qaydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən araşdırma zamanı kollegiya iclasında şahidlərin izahatları dinlənilmişdir. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərnə və şahidlərin ifadələrinə əsasən, Ali Məhkəmənin göstərişlərini rəhbər tutaraq qeyd edir ki, cavabdeh L.Abasovanın iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnu mübahisələndirməsi barədə şikayəti əsaslı hesab oluna bilməz. Belə ki, iddiaçı mübahisəli əmlaka istifadə hüququnu yaşayış sahəsini 26.09.2008-ci il tarixdə cavabdehin mülkiyyətinə keçməzdən əvvəl, yəni 1996-cı il tarixdə əldə etmişdir. X1, X10 və X11 ifadələrində bildirdilər ki, İddiaçı 1996-cı ildə həmin evə gəlin köçmüşdür, köçən bir günnən hazırki vaxtadək həmin mübahisəli ünvanda yaşamış, uzunmüddətə yaşadığı yeri tərk edib başqa yerə getməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə istinad edərək, qeyd edir ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur (maddə 158.3.). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4.). İş materiallarına əlavə edilmiş, cavabdeh tərəfin istinad etdiyi 16.11.2006-cı il tarixli (İş № 2- 1269/2006) qətnamədən görünür ki, iddiaçı K.Həşimovanın cavabdehlər Rauf, Mübariz və Sevil Həşimovaların hazırkı iş üzrə mübahiəsli yaşayış sahəsindən çıxarılmaları və qanunsuz inşa etdikləri tikililərin sökülməsi barədə iddiası təmin edilmişdir. Kollegiya qeyd edir ki, həmin məhkəmə qətnaməsindən görünür ki, 2008-ci ilədək mənzilin mülkiyyətçisi olmuş K.Həşimova hazırkı iş üzrə İddiaçı cavabdeh qismində göstərməmiş və ona qarşı evdən çıxarılma barədə tələb irəli sürməmişdir. Belə olan halda hesab edilməlidir ki, həmin qətnamə hazırki iş üzrə iddiaçıya münasibətdə preyudisial xarakter daşıya bilməz. Bunu və İddiaçı mübahisəli evə 1996-cı ildə köçərək hazıra kimi yaşamasını təsdiq edən şahid ifadələrini, habelə Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəlik tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş 22.07.2009-cu il tarixli, 1251 №-li arayışını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ 1996-cı ildə yaranmış və bu hüquq hazırda da mövcuddur. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal olaraq mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh L.Abasovanın apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-544/2009 saylı, 04.02.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6715/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6715/2021
29.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver