Məhkəmə qərarları › İş №2(103)-6716/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6716/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6716/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı “Bank VTB(Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəlməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4506/2014 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəlməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4506/2014 saylı iş üzrə xx.xx.2014- cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 107086-1-3522 nömrəli avtomobil krediti müqaviləsi üzrə yaranmış 11910,13 ABŞ dolları əsas borc, 647,51 ABŞ dolları faiz borcu, 57,20 ABŞ dolları cərimə borcu, cəmi 12614,84 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus, ipoteka ilə yüklü edilmiş «Chevrolet Cruze-minik» markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 12614,84 ABŞ dolları məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh1 qaytarıması qət edilmişdir. Qətnamə xx.xx.2014-cü il tarixli məktubla tərəflərə göndərilmiş, qətnamədən apellyasiya şikayəti verilmədiyindən xx.xx.2014-cü il tarixdə icraya yönəldilmişdir. Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi məlumat üçün məhkəməyə göndərilmişdir. Daha sonra qeyd olunan qətnaməsindən Cavabdeh2 (bundan sonra cavabdeh) apellyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpasına dair ərizə təqdim etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4506/2014 saylı qərardadı ilə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə qaytarılmışdır. Bundan sonra, cavabdeh xx.xx.2024-cü il tarixdə qəbzə imza etməklə qərardadı almış, xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4506/2014 saylı qərardadı ilə (hakim Nail Abbasov) ərizə təmin olunmamış, apellyasiya şikayəti qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəifndən təmin olunmamış, baxılması üçün iş materialları ilə birgə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Şikayətin dəlilləri: Şikayət qərardadın qanunsuz olması, prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, məhkəmə mübahisəsindən xəbərsiz olması, məhkəmə sənədlərinin ona çatdırlmaması, Qarabağ müharibəsinin iştirakçısı olması, kəllə-beyin travması alması, müalicəsinin davam etməsi, səhhəti ilə bağlı üzrlü səbəbdən müddəti ötürməsi və s. kimi əsaslandırılmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4506/2014 saylı qərardadı ləğv edilməli, iş prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən tələbə mahiyyəti üzrə baxılarkən cavabdehə göndərilən məhkəmə sənədləri (bildirişlər, qətnamə) rabitə xidməti tərəifndən ünvana çatdırılmadan məhkəməyə qaytarılmışdır. Bununla yanaşı, işdən görünür ki, qətnamə uzun müddət əvvəl icraya yönəlmiş, xx.xx.2014-cü il tarixdə icra məmuru tərəfindən icraata başlanılmış, lakin birinci instansiya məhkəməsi qətnaməni icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülübötürülməməsini tam və hərtərəfli araşdırmamış, eləcə də icra işini tələb edərək ona baxış keçirməmiş, cavabdeh tərəfin qətnamədən hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini (qətnamənin dərhal əldə edilməsi üçün edilən cəhdlər və ya hərəkətsizlik göstərilməsi) yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Bununla yanaşı, məhkəmə müddətin bərpası məsələsinə cavabdehin iştirakı ilə baxmamış, həmçinin sonuncunun ərizəsində göstərdiyi dəlilləri (həmçinin, Qarabağ müharibəsinin iştirakçısı olması, kəllə-beyin travması alması, müalicəsinin davam etməsi, bunun işə baxılan dövrə aid olub-olmaması və s.) onun iştirakı ilə araşdırmamışdır. Halbuki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-in 9-cu maddəsi). “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar” “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Həmçinin qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). Qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. Bu səbəbdən də, məhkəmə kollegiyası yuxarıda qeyd olanan halların mövcudluğunu tam, hərtərəfli və obyektiv araşdırmalı, yəni cavabdehin məhkəmə və icra icraatından məlumatlı olub-olmamasını, qətnamədən nə vaxt məlumatlı olmasını və bundan sonrakı hərəkətlərini, eləcə də səhhəti ilə sübutların mövcudluğunu, vaxtında məhkəmə aktından şikayət vermək imkanının olub-olmamasını və s. bu kimi zəruri halları yoxlamalı, məsələyə formal yanaşmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş prosessual müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar icra işi tələb olunub ona baxış keçirməklə, işdə iştirak edən şəxslərin iştirakı ilə tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 4506/2014 saylı qərardadı ləğv edilsin, iş cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar