Məhkəmə qərarları › İş №2(103)-6717/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6717/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6717/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: MMC, iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, “xxxxxx” əmtəə nişanı ilə fəaliyyət göstərən MMC-nin kabel şəbəkəsinə cavabdeh tərəfindən müvafiq müqavilə bağlamadan qanunsuz qoşulması nəticəsində 54 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi isə 224 manat məbləğində pulun cavabdehdən onun (MMC-nin) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxx” əmtəə nişanı ilə fəaliyyət göstərən MMC Azərbaycan Respublikasının Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR D57 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar MMC ilə müqavilə bağlamadan MMC-yə məxsus kabel şəbəkəsinə qanunsuz qoşulurlar. Bunun qarşısının alınması məqsədi ilə MMC tərəfindən “xxxxxxxx” Hüquq Firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 75 №-li evin 41 №-li mənzilinin mülkiyyətçisidir. Həmin ünvanda yaşayan X1 MMC ilə bağlanmış müqaviləyə əsasən əvvəllər MMC-nin abunəçisi olmuşdur. Lakin sonradan N.Şəfəqətov ilə MMC arasında bağlanmış müqavilə münasibətlərinə xx.xx.2015-ci il tarixdə son qoyularaq, kabel şəbəkəsi həmin ünvandan ayrılmışdır. Sonra isə xx.xx.2016-cı il tarixdə MMC-nin, “xxxxxxxx” Hüquq Firmasının və Rabitə Nazirliyinin əməkdaşları tərəfindən ərazidə baxış keçirilən zaman müəyyən edilmişdir ki, cavabdeh həmin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulmuşdur. Bu barədə 5122 №-li akt tərtib edilmişdir. Belə olan halda, MMC-yə maddi ziyan dəymişdir. Rayon Məhkəməsi tərəfindən işə sadələşdirilmiş icraat qaydasında baxılaraq mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Cavabdehin qanunsuz olaraq kabel şəbəkəsinə qoşulması yalan və uydurmadır, çünki həmin mənzil cavabdeh tərəfindən N.Şəfəqətova kirayəyə verilmiş və sonuncu həmin ünvanda 2017-ci ilin sonlarında yaşamışdır. N.Şəfəqətov cavabdehə məlumat vermədən MMC ilə müqavilə bağlamışdır. MMC-nin kabel xəttinə də elə N.Şəfəqətov qanunsuz olaraq qoşulmuşdur. Rayon Məhkəməsi isə bütün bu halları araşdırmamış və iddiaçının sübut olunmamış dəlillərinə inanaraq ədalətsiz qətnamə qəbul etmişdir. Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, mübahisənin maddi hüquqi əsasının düzgün müəyyən edilməməsi, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən, qətnamədə gəlinən nəticənin işin hallarına uyğun olmadığına görə ləğv edilməlidir. Apellyasyia baxışı iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı MMC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin qismən edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilməlidir. Belə ki, 84 №-li MKİS-nin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, cavabdeh Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 75 №-li evin 41 №-li mənzilinin sahibidir. MMC-nin xx.xx.2019-cu il tarixli “Arayışından” görünür ki, həmin mənzildə yaşayaq N.Şəfəqətov arasında bağlanmış “kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə” əsasən həmin ünvan “xxxxxx” kabel televiziyasının şəbəkəsinə qoşulub xx.xx.2015-ci il tarixədək son ödəməsini etmişdir. xx.xx.2015-ci il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. “xxxxxxxx” hüquq firmasının və “xxxxxx” kabel televiziyasının əməkdaşları tərəfindən tərtib edilmiş 3122 nömrəli xx.xx.2016-cı il tarixli “kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktdan” görünür ki, ünvan 2 41 ünvanda cavabdeh tərəfindən kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilmişdir. “xxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “Ödəniş tapşırığından” görünür ki, cavabdehə qarşı məhkəməyə iddia verilməsi ilə əlaqədar nümayəndəyə 150 manat ödənilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı MMC bildirir ki, cavabdehin mülkiyyətçisi olduğu mənzildə qanunsuz olaraq “xxxxxx” kabel televiziyası şəbəkəsinə qoşulma halı baş vermişdir. Qanunsuz qoşulma halını mübahisələndirməyən cavabdeh bildirir ki, o, mənzilin mülkiyyətçisi olsa da, həmin mənzil onun tərəfindən 2017-ci ilin sonunadək N.Şəfəqətova kirayəyə verilmişdir. Həmin kabel televiziyası şəbəkəsinə qanunsuz qoşulma da məhz N.Şəfəqətova tərəfindən həyata keçirilmişdir. Ona görə də, qanunsuz qoşulma nəticəsində MMC-yə vurulmuş zərərə görə cavabdeh məsuliyyət daşımır. Göründüyü kimi sübuta yetir ki, cavabdehin mülkiyyətçisi olduğu mənzildə MMC-yə məxsus kabel televiziyası şəbəkəsinə qanunsuz qoşulma halı baş vermişdir. Belə olan halda həmin qoşulmanın cavabdeh tərəfindən həyata keçirilməməsini sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu tələbə dair etirazını sübuta yetirə bilmir. Odur ki, hesab edilməlidir ki, cavabdehin mülkiyyətində olan mənzilindən kabel televiziyası şəbəkəsinə qanunsuz qoşulmaya görə iddiaçı MMC qarşısında mülki məsuliyyəti cavabdeh daşıyır. Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə Rayon Məhkəməsi iddianın əsaslı olması barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi mülki hüquq pozuntusu nəticəsində iddiaçıya vurulmuş maddi zərərin məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, cavabdehə məxsus mənzildə yaşamış və MMC-nin abunəçisi olmuş N.Şəfəqətov ilə müqavilə münasibətlərinə xx.xx.2015-ci il tarixdə son qoyulmuş, mənzil kabel şəbəkəsindən ayrılmışdır. “xxxxxx” kabel televiziyası şəbəkəsinə qanunsuz qoşulma isə xx.xx.2016-cı il tarixdə aşkar edilmişdir ki, bu müddət 180 gün təşkil edir. Həmin müddət ərzində iddiaçıya dəymiş zərər 54 manat (180 gün x 0,30 qəpik abunə haqqı) təşkil edir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. İddiaçı MMC-nin bu tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında bildirdiyinə görə MMC-yə məxsus kabel şəbəkəsinə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə yoxlamalar mütəmadi olaraq hər ay aparılır. MMC-nin abunəçisi olmuş N.Şəfəqətov ilə müqavilə münasibətlərinə son qoyulduqdan və cavabdehə məxsus mənzil kabel şəbəkəsindən ayrıldıqdan 9 ay sonra mənzilin “xxxxxx” kabel televiziyası şəbəkəsinə qanunsuz qoşulması aşkar edilmişdir. Bel olan halda, hesab edilməlidir ki, cavabdehin mənzilindən qanunsuz qoşulma yalnız 2016cı ilin yanvar ayında baş vermişdir. Odur ki, Məhkəmə hesab edir ki, qanunsuz qoşulma nəticəsində cavabdehin iddiaçıya vurduğu maddi zərər 9 manat (30 gün x 0,30 qəpik abunə haqqı) məbləğində qiymətləndirilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı MMC-nin cavabdehə qarşı irəli sürdüyü digər tələb isə MMC-nin hazırki iddianın irəli sürülməsi üçün hüquq firmasına ödədiyi 150 manat məbləğində pulun tutulması barədədir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia qismən əsaslıdır. Məhkəmənin qənaətinə görə bu məbləğ ağlabatan məbləğdə - 20 manat məbləğində müəyyən edilməlidir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə görə, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyatı operatora, pravayderə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MPM-nin 115.0.5-ci maddəsinə görə, nümayəndəyə ödənilmiş xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Rayon Məhkəməsi iddianı tam təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir; onun iş üzrə gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Şərh olunanlara əsasən və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddianın tam təmin edilməsi hissəsində ləğv edilməli, iddia qismən edilməli, MMC-nin kabel şəbəkəsinə cavabdeh tərəfindən müvafiq müqavilə bağlamadan qanunsuz qoşulması nəticəsində vurulmuş maddi zərərə görə 9 manat, hüquqi xidmətin göstərilməsinə görə 20 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə qismən, yəni iddianın tam təmin edilməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdeh X4 qarşı “pulun ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. İddiaçı MMC-yə məxsus kabel şəbəkəsinə cavabdeh X7 tərəfindən qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədi ilə 9 (doqquz) manat, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzinin əvəzinin ödənilməsi məqsədi ilə 20 (iyirmi) manat cavabdeh X3 tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin qalan hissəsi, yəni İddiaçı MMC-yə məxsus kabel şəbəkəsinə cavabdeh X7 tərəfindən qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzinin və hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin 20 (iyirmi) manat məbləğində pulun cavabdeh X3 tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar