Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6717/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1963/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 12.468,64 ABŞ dolları və 98 manat dövlət rüsumu əvəzi, hazırkı iddianın verilməsinə görə ödənilmiş 155 manat dövlət rüsumu və hüquqi yardıma görə 1000 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1963/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, İddiaçı ilə "xxxx" arasında kredit müqaviləsi və X2 ilə "xxxx" arasında isə həmin kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanmışdır. "xxxx" kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və qətnamə ilə İddiaçı və X1 müştərək qaydada ümumilikdə 114555,78 ABŞ dolları məbləğində borcun və 58,80 manat məhkəmə xərclərinin "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən 4a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin 305,000 manat müəyyən edilməsi qət edilmişdir. Bundan sonra Yasamal Rayon Məhkəməsi sözügedən qətnamədə yanlışlığın düzəldilməsi barədə qərardad qəbul edərək, qətnamənin nəticə hissəsinin 3-cü abzasının Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən 4a nömrəli fərdi yaşayış evinə yönəldilsin və ilkin satış qiyməti 305,000 manat müəyyən edilsin kimi oxunması qərara alınmışdır. İcra sənədi icraya yönəldilmiş və əmlak hərracda "xxxx" ASC tərəfindən 228,750 manata əldə edilmişdir. Daha sonra iddiaçının apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilərək, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən 4a nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 375,000 manat müəyyən edilmiş və icrada dönüş edilərək yenidən həmin qiymətlə satılması üçün icraya yönəldilmişdir. Sonradan "xxxx" ASC gecikdirilmiş müddət üçün illik 5 % məbləğində pulun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixədək illik 5 faiz hesabı ilə hesablanmış 12468,64 ABŞ dolları məbləğində faizin və 98 manat dövlət rüsumunun İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçının hazırki tələbinin əsası ondan ibarətdir ki, Yasamal Rayon Məhkəməsi 31 avqust 2017-ci il tarixli qətnaməni qəbul edərkən, ekspert rəyi ilə müəyyən edilmiş əmlakın ilkin satış qiymətini 375,000 manat müəyyən etsə idi, işin məhkəmələrdə baxılması uzanmayacaq, məhkəmə qətnaməsinin icrası yubanmayacaq və gecikdirilmiş müddət üçün iddiaçıya hesablanmış faiz məbləği yaranmayacaqdı. Məhkəmə qeyd edib ki, Azərbaycan Respublikasında üçpilləli məhkəmə hakimiyyəti fəaliyyət göstərir. Məhkəmənin mülki işlər üzrə qəbul etdiyi qərardad və qətnamələr tərəflərin şikayəti əsasında yuxarı instansiya məhkəməsi tərəfindən yenidən yoxlanılır. Qanunvericiliyin iş üzrə tərəflərə tanıdığı bu imkanın mahiyyəti ondan ibarətdir ki, tərəf məhkəmənin aktından narazı qalarsa, onu mübahisələndirə bilsin. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayarkən onun səlahiyyətlərindən biri də qətnaməni dəyişdirməkdir. İddiaçı ərizəsində birinci instansiya məhkəməsində işə baxılarkən Yasamal Rayon Məhkəməsi tərəfindən ekspert rəyi ilə ona məxsus torpaq sahəsinə qoyulmuş 70,000 manat qiymətin nəzərə alınmamasına istinad edir. Qanunun tələbindən də görünür ki, ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımır və iş materiallarında olan sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyi ilə torpaq sahəsi və üzərindən yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 375,000 manat müəyyən edilməsinə baxmayaraq, Yasamal Rayon Məhkəməsi işə baxılması nəticəsində əmlakın ilkin satış qiymətini 305,000 manat məbləğində müəyyən etmişdir. İş materiallarından da görünür ki, Yasamal Rayon Məhkəməsi qətnamə qəbul etdikdən sonra qətnamədə yanlışlığın düzəldilməsi barədə qərardad qəbul etmiş və həmin qərardadda qiyməti dəyişməmiş, sadəcə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğunu qeyd etmişdir. Bu isə o deməkdir ki, məhkəmə ilkin satış qiymətini müəyyən edərkən yanlışlığa yol verməmiş, sadəcə gəldiyi nəticəni qeyd etmişdir. İddiaçının ərizəsində məhkəmənin əmlakın ilkin satış qiymətini düzgün müəyyən etməməyi ilə bağlı yekun olaraq məhkəmə qeyd edir ki, məhkəmə daxili inamına və işdə olan digər sübutlara əsaslanaraq əmlakın ilkin satış qiymətini ekspert rəyində qeyd olunan məbləğdən fərqli müəyyən etmişdir və bu barədə məhkəmə müstəqildir. İddiaçı ərizəsində həmçinin məhkəmə aktının icrasının gecikdirilməsinin Yasamal Rayon Məhkəməsinin təqsiri nəticəsində baş verdiyini və bu səbəbdən gecikdirilmiş müddət üçün hesablanmış illik 5 % borcun yaranmasını qeyd edir. Lakin iş materiallarından görünür ki, iddiaçı özü birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman isə haqlı olaraq işə baxılması müddəti davam etmiş və sonda "xxxx"-nin kassasiya şikayəti üzrə AR Ali Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərək iş icraya yönəldilmişdir. Göründüyü kimi, işə baxılmasının birinci instansiya məhkəməsindən sonra yuxarı instansiya məhkəmələrində davam etdirilməsi ilkin olaraq iddiaçının vermiş olduğu apellyasiya şikayətinin davamında olmuşdur. Yekun olaraq məhkəmə qeyd edib ki, birinci instansiya məhkəməsinin qəbul etmiş olduğu qətnamənin yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilməsi yaxud ləğv edilməsi qanunvericiliklə məhkəmə hakimiyyətinə verilmiş səlahiyyətdir və hazırki işdə bu hal məhkəmənin hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması anlamına gələ bilməz. Bundan başqa eyni zamanda qanunun tələbindən göründüyü kimi, ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Hazırki işdə isə bu halı təsdiqləyən heç bir dəlilə rast gəlinməmişdir. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, iddia tələbini rədd edən məhkəmənin mövqeyinə görə mübahisəli mülki işdə məhkəmə səhvi olmamışdır. Yəni Cavabdeh ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməməsi məhkəmə səhvi deyildir. Bunu isə məhkəmənin müstəqil olması və ekspert rəyinin məhkəmə üçün məcburi xarakter daşımaması ilə əlaqələndirmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, özü tərəfindən aradan qaldırıla bilən texniki yanlışlıqlar istisna olmaqla, məhkəmənin qətnaməsinin nəticə hissəsində yol verilən və yuxarı məhkəmələr tərəfindən aradan qaldırılan səhvlər məhkəmə səhvi hesab olunur. Hakimlərin müstəqil olması və ya ekspert rəyinin məhkəmə üçün məcburi xarakter daşımasının bu məsələyə heç bir təsiri yoxdur. Belə ki, hakimin müstəqilliyi onun öz mülahizəsinə əsasən düzgün olmayan (səhv) qərarı qəbul etmək səlahiyyəti kimi başa düşülməməlidir. Hakimlərin müstəqilliyi ədalət mühakiməsini həyata keçirən hakimə qanunsuz təsirin və kənar müdaxilənin yolverilməzliyini ehtiva edir. Belə ki, Mülki Prosessual Məcəlləyə əsasən, ədalət mühakiməsini həyata keçirərkən hakimlər müstəqildirlər (7.1). Hakimlər mülki işləri və kommersiya mübahisələri kənar müdaxilə təsirindən azad şəraitdə həll edirlər (7.2). Başqası tərəfindən məhkəmə icraatının bilavasitə və yaxud dolayısı ilə məhdudlaşdırılması, qanunsuz təsir, hədə-qorxu, müdaxilə yol verilməzdir və qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur (7.3). Göründüyü kimi, hakimin müstəqilliyi onun qanunsuz qərar qəbul etmək imkanı demək deyildir. Əksinə, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Göründüyü kimi, işə baxan məhkəmə “məhkəmə səhvi” və “hakimin müstəqilliyi” anlayışlarını düzgün təfsir etməmiş və bu isə düzgün olmayan qərarın qəbul olunması ilə nəticələnmişdir. Burada ilkin olaraq müəyyən edilməli hal məhkəmə səhvinin olub-olmamasıdır. Hazırkı işdə də Cavabdeh özünün qətnaməsində səhvə yol verməsi işin mübahisəsiz halıdır. Yuxarı məhkəmə tərəfindən Cavabdeh ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirməsi məhkəmə səhvinin düzəldilməsidir. Lakin işə baxan məhkəmə Yasamal Rayon Məhkəməsinin buraxıdığı səhvi məhkəmə səhvi hesab etməmişdir. Bu işdə müəyyən edilməli olan digər hal isə, məhkəmə səhvi nəticəsində iddiaçıya zərər dəyib-dəyməməsidir. İşdən də göründüyü kimi, Cavabdeh ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən kobud səhvə yol vermişdir. Məhz bu məhkəmə səhvi isə məhkəmə qətnaməsinin icrasının yubanmasına səbəb olmuşdur. Belə ki, Cavabdeh xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 305.000 manat müəyyən edilmiş, həmin qətnamə icra edilərək ipoteka predmeti ilkin satış qiyməti 305.000 manat olmaqla ilkin və təkrar hərraclar keçirilmiş, hərraclar baş tutmamış, ipoteka predmeti 228.750 manat qiyməti ilə xx.xx.2018-ci il tarixli hərrac protokolu əsasında bankın mülkiyyətinə verilmiş və ipoteka predmetinin satışından əldə edilmiş vəsaitdən artıq qalan 8.859,63 manat məbləğ ipoteka qoyan Akif Şiriyevə ödənilməsi üçün Yasamal rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüşdür. Sonradan İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini ilkin satış qiyməti hissəsində mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh qətnaməsi ləğv edilmiş və ipoteka predmetinin ilkin satış qiyməti 375.000 manat müəyyən edilmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə icrada dönüş edilməsi nəticəsində xx.xx.2018-ci il tarixli hərrac protokolu və müqavilə ləğv edilmiş, ipoteka predmeti Akif Şiriyevin mülkiyyətinə qaytarılmış, bundan sonra ipoteka predmeti 375.000 manat ilkin satış qiyməti ilə yenidən hərraca çıxarılmış, hərraclar baş tutmamış və ipoteka predmeti 281.250 manat qiyməti ilə bankın mülkiyyətinə verilmişdir. Bununla da icra sənədi tam icra olunmuş, ipoteka predmetinin hərracdan realizə edilməsi nəticəsində banka olan bütün borc bağlanmış, qalan məbləğ, yəni 72.815,63 manat isə ipoteka qoyan - Akif Şiriyevin bankda açılmış hesabına köçürülməklə ona qaytarılmışdır. Göründüyü kimi, kredit borcu İddiaçı tərəfindən ipoteka ilə təminat altına alınmış, nə o, nə də ki, ipoteka qoyan X2 tələbin ipoteka predmetinə yönəldilməsinə etiraz etməmiş, könüllü surətdə ipoteka predmeti banka təqdim edilmişdir. İşdən də göründüyü kimi, Cavabdeh xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında ipoteka predmeti xx.xx.2018-ci il tarixli hərrac protokolu əsasında bankın mülkiyyətinə verilərək məhkəmə qərarı tam şəkildə icra olunmuşdur. Yəni, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq artıq 3 ay əvvəldən xx.xx.2018-ci il tarixdə məhkəmə qərarı icra edilmişdir. Lakin Cavabdeh tutmanı ipoteka predmeti olan fərdi yaşayış evinə (altındakı 0,07 ha torpaq sahəsi ilə birlikdə) yönəltdiyi halda, səhvə yol verərək ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən torpaq sahəsinin qiymətini nəzərə almadığından İddiaçı apellyasiya şikayəti vermək məcburiyyətində qalmış və apellyasiya şikayəti əsaslı hesab edilərək təmin edilmiş və Cavabdeh buraxdığı məhkəmə səhvi aradan qaldırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Konstitusiyanın 60-cı maddəsinin İ və İV hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir...Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 125-ci maddəsinin İİ hissəsinə əsasən məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 153.2., 153.2.1-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə məhkəmə qaydasında baxılmalı olmayan hazırki iddia ərizəsini icraata qəbul edib iddia icraatı qaydasında mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul etməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Əvvəla ona görə ki, Cavabdehnə qarşı yolverilməz iddia ilə məhkəməyə müraciət edilə bilməzdi. Düzdü, Cavabdeh bir hüquqi şəxs olaraq ədalət mühakiməsindən kənar hansısa iddia üzrə iddiaya cavab verməli olan şəxs ola bilər(MPM. 44.2.4). Məsələn Cavabdeh mülkiyyətində olan avtomobillə vurulmuş zərərlə bağlı, əmək mübahisələri zamanı cavabdeh işəgötürən kimi və.s. Lakin məhkəmə hakimiyyətinin subyekti olaraq məhkəmələr bilavasitə həyata keçirdikləri peşə fəaliyyəti, yəni ədalət mühakiməsi ilə əlaqədar onlara qarşı hansısa iddia üzrə işə məhkəmə qaydasında baxılması yolverilməzdir. Çünki məhkəmələrin icraatında olan yüz minlərlə işlər üzrə istər-istəməz tərəflərdən ən azı biri məhkəmə aktından haqlı olsa da, olmasa da narazı qala bilir. Bu cür vəziyyətdə məhkəmə aktından narazı qalan tərəfin, məhz narazı olduğu bu hallara görə məhkəmənin özünə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsi isə məhkəmə hakimiyyətinin fəaliyyətinə inamsızlığı və güvənsizliyi təbliğ və təşviq etmiş olur. Hətta Mülki Məcəllənin 1101-ci maddəsinin tələblərinə əsasən ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi Azərbaycan Respublikası tərəfindən o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin(MM.1101.3). Göründüyü kimi, bu cür hallarda da, yəni hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirildiyi halda belə iddialar konkret hansısa məhkəməyə yaxud hakimə qarşı deyil Azərbaycan Respublikasına qarşı irəli sürülür. Birinci instansiya məhkəməsinin məhkəmə qaydasında baxılmalı olmayan işi icraata götürüb mahiyyəti üzərə baxaraq iddianı rədd etməsindən belə məna hasil olur ki, bu cür iddia nəzəri cəhətdən təmin edilə də bilər. Bu cür vəziyyət isə məhkəmə hakimiyyətinin fəaliyyətində bir xaos yaratmış olar. Yəni, hansısa məhkəmə aktından “narazı” olan istənilən şəxs həmin aktı qəbul etmiş məhkəmənin yaxud hakimin özünə qarşı bu cür yolverilməz iddialarla ayrı-ayrı məhkəmələrə müraciət edə bilər. Nəticədə həm məhkəmə hakimiyyətinin nüfuzuna və fəaliyyətinə kölgə yaranar, həm də əsassız və lüzümsuz çoxsaylı iddialar ortaya çıxar. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1963/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və məhkəmədə baxılmalı olmadığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5 və 387.2.8ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1963/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və məhkəmədə baxılmalı olmadığına görə hazırkı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6717/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6717/2024
16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver