Məhkəmə qərarları › İş №2(103)-672/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-672/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-672/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2020 saylı iş üzrə 24 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kredit tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyul 2007-cu il tarixli 67 E saylı kredit müqaviləsi üzrə yaranmış müqaviləsi üzrə yaranmış 170 000 (bir yüz yetmiş min) ABŞ dolları məbləğində əsas borc, 285 000 (iki yüz səksən beş min) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə: 301 860(üç yüz bir min səkkiz yüz altmış) ABŞ dolları olmaqla, cəmi 756 860(yeddi yüz əlli altı min səkkiz yüz altmış) ABŞ dolları məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh LPO "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2020 saylı iş üzrə 24 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 17.07.2007-ci il tarixli 67E saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 170000 ABŞ dolları əsas, 30600 ABŞ dolları faiz, cəmi 200600 (iki yüz min altı yüz dollar) və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(005)-24/2020 nömrəli qətnaməsini qismən, yəni əldən çıxmış faydanın cavabdehdən tutulmasının rədd olunması hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh X2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(005)-24/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2(005)- 24/2020 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu zaman cavabdeh X2 nümayəndəsi, Vəkil vasitəsi ilə ərizə verərək iddianın iddia müddətini tətbiq etməklə rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(103)-439/2021 nömrəli qətnaməsi ilə iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(005)-24/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir. İddiaçının həmin qətnamədən verdiyi kassasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.08.2021-ci il tarixli, 2(102)-3553/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(103)-439/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi H.İskəndərov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu, bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: LPO İddiaçı ASC-nin “Bakı” filialı ilə Cavabdeh arasında bağlanmış 17.07.2007-ci il tarixli 67E saylı, kredit müqaviləsinə əsasən, kreditor borcluya illik 18% olmaqla qaytarmaq şərti ilə 200000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh banka olan borcu – 170000 ABŞ dolları əsas, 285000 ABŞ dolları faiz, 301860 ABŞ dolları əldən çıxmış fayda, cəmi 756860 ABŞ dolları təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borcunun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan 21.01.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh banka olan borcu – 170000 ABŞ dolları əsas, 30600 ABŞ dolları faiz, 97745 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz, cəmi 298345 ABŞ dolları təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/3613 saylı, 29 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla cavabdehin iddia qaldırılan 13.03.2018-ci il tarixə əldən çıxmış fayda üzrə borcu 82.776,38 ABŞ dolları məbləğində müəyyən edilir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən, qismən- iddia tələbinin əldən çıxmış fayda hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən- iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, apellyasiya məkəməsinin bundan öncəki qərarını ləğv etmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.08.2021-ci il tarixli, 2(102)- 3553/2021 saylı qərarında qeyd edilir ki, ... apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddiaçının apellyasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsi özü apellyasiya baxışının hədlərini müəyyən edərkən göstərmişdir ki, həmin hədləri “birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddiaçıya münasibətdə yoxlanılması təşkil edir”. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh apellyasiya şikayəti versə də, həmin şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmış və bununla bağlı qərardad mübahisələndirilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə əsasən qətnaməni məhdud hissədə yoxladığı halda həmin şikayətin dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməmiş, apellyasiya şikayəti verməyən şəxsin ərizəsini əsas götürməklə, qətnaməni apellyatorun mübahisələndirmədiyi hissədə də ləğv etməklə, iddianı tam rədd etmişdir. Hazırkı halda iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən əldən çıxmış fayda hissəsində mübahisləndirmiş, rayon məhkəməsinin qətnaməsinin məhz həmin hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instaniya məhkəməsi cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsini müəyyən edərək iddia tələbini əsas borcu və faiz borcu hissəsində təmin etmiş, iddia tələbini əldən çıxmış fayda hissəsində təmin etməmiş, həmin hissədə iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni də əsaslandırmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə bu fakt özü, yəni məhkəmə aktının əsaslandırılmaması öz-özlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab vermir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır. Eyni tələb MPM-in məhkəmə aktlarının qanuni və əsaslı olmasını tənzimləyən 217-ci maddəsində də nəzərdə tutulmuşdur. (Maddə 217.3) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmə aklarının əsaslandırılmaması, qərarlarda qanunvericilik aktlarının sadəcə olaraq sadalanması ədalətli məhkəmə araşdırmasına olan hüquqa xələl gətirir, başqa sözlə Konvensiyanın 6-cı maddəsində təzərdə tutulmuş tələblərə cavab vermir. Avropa Məhkəməsi «Kastravet Moldovaya qarşı» iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Avropa Məhkəməsi həmin işdə milli məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsinin pozuntusunu müəyyən etmişdir. Kollegiya iddiaçının cavabdehdən tələb etdiyi (iddia tələbinin) əldən çıxmış fayda hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki: “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan öncəki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 9/3613 saylı, 29 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla cavabdehin iddia qaldırılan 13.03.2018-ci il tarixə əldən çıxmış fayda üzrə borcu 82.776,38 ABŞ dolları məbləğində müəyyən edilir. Beləkilə, iddia tələbi əldən çıxmış fayda hissəsində əsaslı olduğundan həmin hissədə qismən təmin edilməli, əldən çıxmış faydaya görə ekspert rəyinə uyğun olaraq 82.776,38 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya cavabdehin bundan əvvəlki apellyasiya baxışı zamanı təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə apellyasiya məkəməsinin bundan öncəki qərarını ləğv etmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.08.2021-ci il tarixli, 2(102)-3553/2021 saylı qərarında qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri ilə məlumatlandırılmış, həmin bildirişlərin ona göndərilməsini təsdiq edən poçt reyestrləri işə əlavə edilmiş və azı 10 may 2018-ci il tarixli bildirişin 18 may 2018-ci il tarixdə cavabdehin yaşadığı ünvana çatdırılmasını təsdiq edən poçt xəbərnaməsi məhkəməyə təqdim olunmuşdur (s. 47). Yəni cavabdeh ona qarşı olan hazırki iddianın birinci instansiya məhkəməsinin icraatında olması barədə xəbərdar olmuş, lakin dəfələrlə təxirə salınmış məhkəmə iclaslarına gəlməmiş, iddia müddətinin tətbiqinə dair yazılı ərizəni təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun səlahiyyətlərini müəyyən edən MPM-in 371 və 372-ci maddələrinin və iddia müddətinin tətbiqinə dair MM-in 375.2-ci maddəsinin tələblərini pozmuşdur. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Qeyd olunan normanın tələbindən də aydın olur ki, iddia müddətinin tətbiqinə dair ərizə məhkəmə aktı – qətnaməsi çıxarılanadək verilməlidir. Bu isə o deməkdir ki, həmin ərizə birinci instansiya məhkəməsində təqdim olunmalıdır. Hazırkı işin araşdırılmış halları nəticəsində müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsində iş üzrə məlumatlı olmasına baxmayaraq iddia müddətinin tətbiqinə dair ərizəni həmin vaxt birinci instansiya məhkəməsinə təqdim etmədiyindən, apellyasiya icraatı zamanı iddia müddətinin tətbiqinə dair ərizənin verilməsi gecikmiş kimi qiymətləndirilməlidir. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən-iddia tələbinin “əldən çıxmış fayda” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hisədə qismən təmin edilməlidir, cavabdehdən 82.776,38 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) məbləğində əldən çıxmış fayda alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2020 saylı iş üzrə 24 yanvar 2020-ci il tarixli qətnaməsi qismən-iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh 82.776,38 (səksən iki min yeddi yüz yetmiş altı ABŞ dolları, otuz səkkiz) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) alınaraq iddiaçı LPO İddiaçı ASC-yə verilsin. Əldən çıxmış faydanın tutulmasına dair iddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar