Məhkəmə qərarları › İş №2(103)-672/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-672/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-672/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X9 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2699/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu Qanuni nümayəndə tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 300.000 ABŞ dolları məbləğində borc verməyi (borc verir), “Borclu” isə borc müqaviləsi üzrə aldığını xx.xx.2021-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər.

2. X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, X3 Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsi, 3 saylı evin 68 saylı mənzili 456.000 manata Cavabdeh satmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2016-ci il tarixində kredit müqaviləsi ödənilməli olan 300.000 ABŞ dolları (510.000 manat) məbləğində pul vəsaiti və eyni zamanda həmin vəsaitin gecikdirilmiş 1 illik müddət üçün 5 faiz (1 il üçün beş faiz olmaqla 510000x5/100=25.500) 25.500 manat olmaqla, ümumilikdə 204.000 manat (cəmi: 714.000 (yeddi yüz on dörd min) manat) məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2016-ci il tarixində kredit müqaviləsi bağlanmışdır və həmin müqavilə xx.xx.2016-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən təsdiq edilmişdir. Həmin müqavilə üzrə o, Cavabdeh 300.000 ABŞ dolları (510000 manat) məbləğində borc pul vermişdir. Müqavilədə həmin borcun cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixinədək bütöv şəkildə ödənilməsi öhdəliyi müddəalarda öz əksini tapmışdır. xx.xx.2016-ci il tarixli kredit müqaviləsində göstərilən öhdəliyin son icra tarixindən, yəni xx.xx.2021-ci il tarixindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh öhdəliyi icra etməmişdir. Belə ki, 28 fevral 2023-cü il tarixində İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi ilə bağlı bildiriş xx.xx.2023-cü il tarixində cavabdehin ünvanına çatdırılmışdır. Buna baxmayaraq, hələ də cavabdeh borcunu ödəməmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2699/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsinin bağlanması mübahisələndirilmir, hər iki tərəf bu müqavilənin öz sərbəst iradələri ilə bağlandığını qeyd edir. Tərəf arasında mübahisə bu müqavilənin məzmunu ilə, yəni müqavilə bağlandıqdan sonra tərəflərin öz üzərlərinə götürdükləri hüquq və vəzifələrlə bağlıdır. Cavabdeh tərəfin iddia ərizəsinə ilk münasibətini onun tərəfindən kredit müqaviələsinin predmeti olan kredit məbləğini almadığı barədə etirazları olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinin əsaslılığına dair məhkəməyə təqdim olunmuş yeganə yazılı sübut kredit müqaviləsi və icra qeydinin aparılacağına dair cavabdehə ünvanlanmış xəbərdarlıq məktubu olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən kredit müqaviləsinin kreditin verilməsi faktını təsdiq etmədiyi nəzərə alınarsa, iddiaçı tərəfindən bu pul məbləğinin cavabdehə verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

7. İş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmış sübutlar tərəflər arasında borc pul məbləğinin alınması və qaytarılmasına dair öhdəliklərin tərəflərin öz üzərlərinə götürmələrini sübut edir, lakin öhəliyin icrasını, yəni borc məbləğinin verilməsini və bununla da qaytarılması öhdəliyinin yaranmasını sübut etmir. Mülki qanunvericiliyə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı isə məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən hazırki iddia tələblərinin təmin edilməsi qanuni və ədalətli deyil.

8. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 324.5, 404.1, 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2699/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qətnaməsində tətbiq olunan hüquq norması kimi Mülki Məcəllənin 5.3-cü maddəsinə istinad etsə də, həmin maddənin tələblərinə müvafiq olaraq cavabdeh tərəfindən hüquq və vəzifələrinin vicdanla həyata keçirilməməsini nəzərə almamışdır. Onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsində onun cavabdeh X4 300.000 ABŞ dolları məbləğində pul borc verməsi təsdiq olunsa da, həmin məbləğdə borcun Cavabdeh tərəfindən müqavilədə qeyd olunan xx.xx.2021-ci il tarixdən xeyli müddət keçməsinə baxmayaraq, ödənilməməsi məhkəmə tərəfindən cavabdehin öz vəzifələrini vicdanla həyata keçirməməsi kimi dəyərləndirilməmişdir. O, cavbdeh Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə notariat qaydasında kredit müqaviləsi bağlamış və cavabdeh X4 300000 ABŞ dolları məbləğində pul borc vermişdir. 300000 ABŞ dollarının Cavabdeh verilməsi faktı müqavilənin 1-ci bəndiilə təsdiqlənir. Müqaviləni təsdiq edən notarius müqavilədə ““Borc verən” “Borc alana” 300000 ABŞ dolları (üç yüz min) məbləğində borc pul verir” cümləsini işlətməklə borc pulun Cavabdeh verilməsini təsdiqləmiş, ona görə də müqavilənin digər bəndlərində pulun cavabdehə verilməsi ilə bağlı onun üçün digər öhdəlik müəyyən etməmişdir. Bunun əvəzində isə, müqavilənin ikinci bəndində Cavabdeh Eidar qızının aldığı 300000 ABŞ dollarını xx.xx.2021-ci il tarixə kimi ona qaytarmağı öhdəsinə götürməsi qeyd olunmuşdur: “Borc alan” krediti xx.xx.2021-ci tarixədək bütöv şəkildə olmaqla “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Beləliklə, notariat orqanı onun 300000 ABŞ dolları pulu verməsini təsdiq etmiş, onun üçün müqavilədə əlavə öhdəlik nəzərdə tutmamış, Cavabdeh isə xx.xx.2021-ci il tarixə kimi ona 300000 ABŞ dolları ödəmək öhdəliyini müqavilənin şərti kimi müəyyənləşdirmişdir. Qeyd olunanlar Mülki Məcəllənin 16.1-ci maddəsinin müddəlarının onun xeyrinə şərh olunmasını tələb edir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 404.1-ci maddəsinə istinad etsə də, yenə də həmin maddəni düzgün şərh və tətbiq etməmişdir. Ümumiyyətlə, ölkənin reallığında tərəflərin notariat orqanılarında borc müqaviləsi bağlaması bir qayda olaraq, verilmiş borcun dövlət orqanında təsdiq etməsi kimi qəbul edilir. Notariat orqanı müqaviləni təsdiq etməklə artıq “borc verən” tərəfindən “borcalana” verilmiş borcun qaytarılması ilə bağlı “borc alan”ın öhdəliklərini müəyyənləşdirir. Məhz tərəflər arasında bağlanmış 16 iyun 2016-cı il tarixli müqavilə də eyni qaydada bağlanmış, o, 300000 ABŞ dolları pulu cavabdehə vermiş, bunun üçün təminat kimi onlar notariat orqanına müraciət etmiş və notariat orqanında təsdiq edilmiş müqavilə ilə Cavabdeh xx.xx.2021-ci il tarixə kimi ona 300000 ABŞ dolları ödəmək öhdəliyi müqavilənin şərti kimi müəyyənləşdirmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad edərək, belə qənaətə gəlmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsinin bağlanması mübahisə predmeti deyildir. Lakin borc müqaviləsinin bağlanması həmin müqavilədə nəzərdə tutulan 300000 ABŞ dollarının tərəfindən X4 verilməsinin təsdiqi üçün əsas kimi qəbul edilə bilməz. Hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tərəflər arasında mövcud olmuş faktiki münasibətlərə müvafiq deyildir. Yuxarıda qeyd olunduğu kimi tərəflərin notariat orqanına müraciət etməkdə məqsədi onun Cavabdeh vermiş olduğu 300000 ABŞ dolları məbləğində borcun təsdiq edilməsi və borcun qaytarılması ilə bağlı Cavabdeh üzərinə notariat qaydasında öhdəlik götürməsi olmuşdur. Notariat orqanı da məhz bu faktı rəsmiləşdirmiş, onun üzərinə əlavə heç bir öhdəlik qoymadığı halda, X2 xx.xx.2021-ci il tarixə kimi ona 300000 ABŞ dolları ödəmək öhdəliyini müəyyən etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsində qətnamə qəbul edilərkən qanunvericiliyin tələblərinə riayət edilməmiş, eyni zamanda prosessual hüquq normaları pozulmuşdur. Tərəflər arasında 2016-cı il tarixində bağlanmış müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh üç yüz min ABŞ Dolları pul verildi. Bu hal danılmaz haldır. Həmin pulun verilməsi ilə müqavilədə borcverənin üzərinə əlavə öhdəlik qoyulmamışdır. Lakin qarşı tərəfin üzərinə müqavilənin beşinci bəndində öhdəlik qoyulmuşdur. Konkret olaraq müqavilədə göstərilir ki, Cavabdeh həmin pul məbləğini 2020-ci il tarixində ödəməlidir. Əgər pul verilməmişdirsə o zaman müqavilədə İddiaçı da üzərinə müəyyən vaxt pulun verilməsi ilə bağlı öhdəlik qoyulardı. Məhkəməyə bütün etibarlı sübutlar tərəfindən təqdim edilmişdir. Qarşı tərəf pulun alınmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmir. Məhkəmə müqavilənin etibarsızlığının nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. Əgər müqavilə etibarsız idisə nəyə görə cavabdeh müqavilənin etibarsızlığı ilə bağlı iddia irəli sürməmişdir. Cavabdeh hüquqlarını müdafiə etdiyi şəxsin rəhmətlik qardaşının yoldaşı olmuşdur. 2016-cı ildən 2023-cü ilə qədər borcun verilməsi ilə bağlı danışıqlar aparılmış, dəfələrlə müraciətlər olmuşdur. Tərəfindən notariusa icra qeydinin verilməsi ilə bağlı müraciətlər olmuşdur. İddiaçı Rusiya vətəndaşıdır. Pulun verilməsində məqsəd evin alınması ilə bağlı idi və həmin ev alındı. İddiaçı qeyd edir ki, həmin pul vəsaitini bankdan çıxararaq qarşı tərəfə vermişdir. Pul vəsaitinin bankdan çıxarılması ilə bağlı sübutlar növbəti məhkəmə iclasında məhkəməyə təqdim edilə bilər. İddiaçı çox imkanlı adamdır, tanınan, seçilən adamdır. Onun imkanın olması ilə bağlı sübutlar növbəti məhkəmə iclasında məhəkəməyə təqdim edilə bilər. Pul verildikdən sonra notariusa gedərək müqavilə bağlanmışdır. Cavabdeh borc müqaviləsinin evin alınması üçün bağlandığını etiraf edir. 13.İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. Həmçinin bildirmişdir ki, 1998-ci ildən rəhmətlik qardaşı “Nasos”nuda hərbi xidmətdə işləyirdi, 1998–ci ildən Baş Leytenant oldu. 1998-ci ildən baş leytenant işləyən vaxtdan işdən çıxmaq istəyirdi, ona bizneslə məşğul olmaq istədiyini bildirirdi, lakin o, icazə vermədi. 1998-ci ildə o, qardaşına köməklik etdi. 1999-cu ildə 744 nömrəli maşın aldı verdi. Daha sonra 2002-2003-cü ildə “Nasos”nuda balaca “kosmos” küçəsində yaşayırdılar, otaqlar balaca idi. Əhmədlidə Nargilə kafesinin yanında onlara üçotaqlı ev aldı verdi. 2016-cı ildə xəstə qardaşını İsrailə apardı. Qayıdandan sonra 2016-cı ildə gəlinləri ona dedi ki, pul lazımdır, qardaşı xəstədir, yuxarı mərtəbəyə çıxıb-düşmək onun üçün çətin olacaq, ona görə də aşağı mərtəbədə ev tapsın və ona pul versin. O da dedi ki, pulu yoxdur. Cavabdeh də narahat olmaq üçün əsasların olmadığını, lazım olsa evi satıb pulu geri qaytaracağını və lazım olarsa bu barədə notariusda müqavilə bağlayacağını bildirmişdir. Daha sonra o, qardaşına yaxınlaşmış və bildirmişdir ki, yoldaşı ondan pul istəyir. Qardaşı ona dedi ki, “əgər vermək istəyirsənsə pulu notariusda ver, mən öz canımın hayındayam. Mənim başıma iş gəlsə Səidədən pulu alarsan.” Onlar sonra İsrailə getdi, 2 il keçdi, o, Səidədən pulu geri istəyəndə problem olmadığını, qaytaracağını bildirdi. 2022-ci ildə qardaşı Türkiyədə əməliyyat olanda o, qardaşının yanına getdi, Səidə nə İsraildə, nə də Türkiyədə qardaşının yanında qalmadı. Daha sonra qardaşını Sank-Peterburqa apardılar və yenidən Azərbaycana qayıdanda qardaşına ona pul lazım olduğunu bildirdi. Qardaşını evə gətirəndə Səidə heç qardaşının evdə qalmağına icazə vermədi və o biri qardaşına kəndə aparmalarını bildirdi. Qardaşını kəndə apardılar, kəndə gedəndən sonra dedilər ki, qardaşının vəziyyəti yaxşı deyil və ondan sonra xx.xx.2022-ci ildə qardaşı rəhmətə getdi. O, daha sonra Səidədən pulu geri istəyəndə ona pulu verəcəyini bildirdi. Qardaşının 40 mərasimində Səidə dəyişildi və pulu verməkdən yayındı. O, Səidəyə rəsmi məktub yazdı. Pulu nəğd şəkildə 52 saylı notariusda verib. Pulu anası kənddə saxlayırdı. Cavabdeh ona 30 min manat pulu olduğunu, 300 min ABŞ Dolları çatmadığını bildirdi. O, biznesmendir, biznesi meyvə-tərəvəz, restoran və mağazalardır. Onlar 7 qardaşdılar, onların hamısına kömək etmişdir. Qardaşı Hərbi Hava Qüvvələrində çalışırdı, o polkovnik idi. O, pulu verənə qədər qardaşının pulu yox idi. Səidə ona demişdi ki, evi və maşını sataraq borcu qaytaracaqdır. Pulu müqavilə bağlanan tarixdə, xx.xx.2016-cı il tarixdə vermişdir, ev də həmin tarixdə alınmışdı. Həmin zaman Səidə xanım işləmirdi, o heç vaxt işləməyibdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini əsassz hesab etdiyini bildirərək qeyd etmişdir ki, pulun verilmədiyini sübut etmək olmur. Pulun verilməsini sübut etmək mümkündür. Müqavilədə “verildi” qeyd yox, “verilir” qeyd edilmişdir. Müqavilə o zaman öhdəlik yaradır ki, borc verən borcu alana borcu versin və ondan sonra müqavilədə nəzərdə tutulan tarixdə həmin pul vəsaitinin geri qaytarılmasını tələb etsin. Borcverən borcun verildiyini heç nə ilə təsdiq edə bilmir. Borcverən ancaq sözlə qeyd edir ki, borc pul veriblər. Borcverən borcun bankdan çıxarılaraq verildiyini bildirir, belə olan halda həmin sübut hardadır? Pulun bakdan çıxarılmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında münasibətlərin korlanması sonradan onlar arasında formal olaraq bağlanmış, icra edilməmiş müqavilənin mübahisə predmeti olmasına gətirib çıxarmışdır. Müqaviləyə pulun verilməsi ilə bağlı qol çəkilmişdir. Pul mənzilin alınması ilə bağlı verilmişdir. Orucəliyev dövlət məmuru idi, general idi. Ona görə də o pulunun olmasını göstərmək istəmirdi. Ona görə də alverlə məşğul olan qardaşı ilə guya müqavilə bağlandığını göstərmişdir. Pulun iddiaçıdan alınmasında məqsəd onun alverlə məşğul olması idi. Belə ki, bizneslə məşğul olan şəxsin həmin pulun mənbəyini izah etmək zərurəti yoxdur, lakin dövlət məmurunda həmin pulun olması sual yarada bilərdi. Bügünkü günə guya borcalan qardaş rəhmətə getdiyindən və onun əmlakı yalnız uşaqları və yoldaşı arasında bölündüyündən və iddiaçıya heç bir əmlak verilmədiyindən formal olaraq bağlanmış müqaviləni mübahisələndirmişdir. İddiaçıdan pul alınmamışdır. “Notariat haqqında” qanunda da göstərilir ki, pul ancaq depozit hesabına ödənildikdən sonra borc müqaviləsi notarial qaydada təsdiq edilə bilər. Lakin müqavilə bağlanan vaxt həmin qaydalar olmadığından pulun faktiki verilməsi ya müqavilənin arxa hissəsində notarius tərəfindən pulun verilməsi təsdiq olunmalı idi, ya müqavilənin özündə müqavilə bağlanan ana qədər pulun verildiyi təsdiq olunmalı, ya da borcun etirafı formada müqavilə bağlanmalı idi. Həmin pulun faktiki olaraq verilməsi heç bir halda təsdiq olunmur, ona görə də həmin pul vəsaitini geri tələb edə bilməz. Hüquqlarını müdafiə etdiyi şəxsin yoldaşı rəhmətə gedəndən sonra dərhal Səidənin qayınanasının və s. kəslərin adına alınmış əmlaklar Səidənin adına bağışlanmışdır. Məhkəməyə alğı-satqı və kredit müqaviləsini təqdim edir. Bu sənədlərdən görünür ki, pulun ödənilməsi ilə əmlakın alınması vaxtı arasında zaman fərqi vardır. İddiaçının evin nə zaman və hansı məbləğə alınmasından xəbəri yoxdur. 15.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 2016-cı il tarixində yoldaşı dövlət məmuru olduğuna görə İddiaçı ilə borc müqaviləsi bağlamalı oldu. İddia əsassızdır, o, evi öz pulu ilə almışdır. Bu əqd üzrə ona heç bir pul vəsait verilməmişdir. Yoldaşı 2023-cü il tarixində vəfat etmişdir. Yoldaşı xəstə idi, dəfələrlə əməliyyat olunduğu üçün başı qarışıq idi ona görə də müqaviləni mübahisələndirməmişlər. Onun yoldaşı hərbi hava qüvvələrində işləyirdi. Hazırda Nemətin işlətdiyi mağaza və restoranlar yoldaşına məxsusdur, sadəcə Nemət işlədir. 2011-ci ildə, 2016-cı ildə mülkləri var idi. Nemət onun köməkliyi ilə özünə bağ evi almışdır. Nemətin Piterdən bura hər hansı məclisə gəlib-gedən zaman onun bilet pulunu da o, verirdi. Nemətin heç bir biznesi yoxdur, küçə alveri ilə məşğul olurdu. Nemət hazırda bankrotdadır. Onun yoldaşı dövlət məmuru idi. Onun Zirədə qızının adına ferması vardır. Yoldaşı rəhmətə gedəndən sonra oranı satışa çıxarıb. Özü heç yerdə işləməyib, sadəcə yoldaşına dəstək olmuşdur. Onun 2016-cı il tarixinə qədər mülkləri olmuşdur, o, heç kimdən borc almamışdır. Yoldaşı dövlət məmuru olduğuna görə müqavilə onun adına bağlanmamışdır. Yoldaşının əmək haqqısı dörd min manat idi. Onun 2 övladı vardır.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

20.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 21.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 24.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

26.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 27.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 28.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 29.Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.1-ci və 89.2-ci maddələr).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.

31. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu Qanuni nümayəndə tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 300.000 ABŞ dolları məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığını xx.xx.2021-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh verdiyi borc məbləğinin, həmçinin əsas borcun gecikdirildiyi vaxt üçün illik beş faiz məbləğinin ondan tutulmasını tələb edir, Cavabdeh isə kredit müqaviləsinin predmeti olan borc məbləğini almadığını bildirir.

32. Kollegiya qeyd edir ki, tərəflər arasında yazılı borc müqaviləsinin bağlanması mübahisələndirilmir, hər iki tərəf bu müqavilənin öz sərbəst iradələri ilə bağlandığını qeyd edir. Tərəflər arasında mübahisə bu müqavilənin məzmunu ilə, yəni müqavilə bağlandıqdan sonra tərəflərin öz üzərlərinə götürdükləri hüquq və vəzifələrlə bağlıdır. Belə ki, cavabdeh borc müqaviləsinin tərəfindən imzalandığını inkar etmir, lakin bu müqavilənin predmeti olan pul məbləğinin ona verilmədiyini, müqavilənin görünüş üçün bağlandığını bildirir. İddiaçı öz növbəsində onunla cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına və bununla da iddia tələblərinin əsaslılığına dair notariat qaydasında təsdiqlənmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə, həmin müqavilə tərtib edilərkən istifadə edilən ifadələrin məzmununa istinad edir. Belə ki, müqavilənin 1-ci bəndinə görə borcverən borcalana 300.000 ABŞ dolları məbləğində borc verir; 2-ci bəndinə görə isə borcalan krediti xx.xx.2021-ci il tarixədək bütöv şəkildə olmaqla borcverənə qaytarmağı öhdəsinə götürür.

33. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi tərəflər arasında borc pul məbləğinin alınması və qaytarılmasına dair öhdəliklərin tərəflərin öz üzərlərinə götürmələrini sübut edir, lakin öhəliyin icrasını, yəni borc məbləğinin verilməsini və bununla da qaytarılması öhdəliyinin yaranmasını sübut etmir.

34. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, borc müqaviləsi üzrə pulun verildiyini sübut etmək vəzifəsi borc verənin, alınmış pulun geri qaytarılmış olduğunu isə - borc alanın üzərinə düşür. Belə ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırki işdə borc məbləğinin verildiyi barədə müqavilə borcalan tərəfindən imzalandığından, habelə notarius tərəfindən, müqavilə bağlanan zaman qüvvədə olmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata riayət edilməklə təsdiqləndiyindən, müqavilənin pul verilmədən görünüş üçün bağlanmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

35. Beləliklə apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq qeyd etməyi zəruri sayır ki, cavabdeh müqavilə üzrə pul vəsaitinin ona verilmədiyini bildirsə də, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, o, 300.000 ABŞ dolları borc aldığını qeyd etməklə müqaviləni imzalamışdır. xx.xx.2016-cı il tarixli borc müqaviləsinin bağlanmasının əsas məqsədi evin alınması olmuş, X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən də Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsi, 3 saylı evin 68 saylı mənzilini 456.000 manata X1 əldə etmişdir.

36. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin görünüş üçün bağlandığını bildirsə də həmin müqavilənin əhəmiyyətsiz əqd olmasını təqdim etdiyi materiallara əsasən müəyyən etmək mümkün olmamışdır. Tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc müqaviləsi mövcuddur. Borc müqaviləsi ləğv edilməmiş və müqavilə indiyədək məhkəmə qaydasında mübahisələndirilməmişdir. Müqavilənin həqiqiliyi prezumpsiyası qüvvədədir və bunun əksini, yəni borc məbləğinin verildiyini göstərən müqavilə üzrə müqavilə imzalanan zaman və ya imzalanmazdan əvvəl pulun əslində verilmədiyini sübut etmək yükü cavabdehin üzərinə düşür.

37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata “Pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir.” məzmununda dəyişiklik 11 iyun 2018-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə edilmişdir. Belə olan halda iddiaçıdan, tərəfindən qarşı tərəfə müvafiq müqaviləyə əsasən yuxarıda qeyd olunan məbləğdə pul verildiyini təsdiq etmək üçün əlavə yazılı sübutların (mədaxil qəbzi və s.) təqdim edilməsini tələb etmək yolverilməzdir.

38. Beləliklə, iddiaçı cavabdehdən aralarında bağlanmış borc müqaviləsinə əsasən verilmiş pulun qaytarılmasına dair öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir və o, həmin müqaviləyə istinad edərək verdiyi pulu cavabdehdən geri tələb etməkdə haqlı olmuşdur. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini ona qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.

39. İddiada əks olunan hallar öz təsdiqini tapsa da, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alan kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən ona verilmiş pulun iddiaçıya qismən və ya tam formada qaytarılması halı da sübuta yetirilmir.

40. Məhkəmə iddianın “Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş faiz borcunun ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır.

41. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

43. Borcalan-cavabdeh borc müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra borcverənin etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, sonuncu isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, məhkəmə iddianı bu hissədə qismən təmin edərək hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla Cavabdeh 15.000 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. 44.Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 315.000 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. 45.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 46.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2699/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 315.000 (üç yüz on beş min) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar