Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-672/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4775/2024 nömrəli, xx.xx.2024-cü il qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2023-cü il tarixdə İddiaçı (borc verən) ilə Cavabdeh (borc verən) arasında notarial qaydada bağlanmış borc müqaviləsindən görünür ki, borc verən borcalana 400.000 manat məbləğində borc verir, borcalan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc verən borc alana 400.000 manat məbləğində borcu notariusun bankda depozit açılan hesabı vasitəsi ilə borc verir.
2. "xxxx" Tikinti Kooperativinin təsisçisi Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli Qarşılıqlı öhdəliklər barəsində M-91 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar və Cavadxan küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni 1-ci Bloklu yaşayış binasında, qeyri-yaşayış mərtəbəsinin 1 mərtəbəsində yerləşən, 80 kv.m-dən ibarət obyekti bir pay kimi bu müqavilənin 1.2-ci bəndində göstərilmiş şərtlərə uyğun olaraq “Payçı”ya verməyi öz öhdəsinə götürür. Tərəflər razılaşırlar ki, bu müqavilə, “Təsiçi” ilə “Payçı” arasında xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsinin təminatı kimi çıxış edir və “Təsisçi” xx.xx.2023-cü il tarixində bağlanılmış müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə müqavilə predmeti olan daşınmaz əmlak tam olaraq “Şirkət” tərəfindən “Payçının” mülkiyyətinə verilir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər tam olaraq yerinə yetirildikdən sonra “Payçı” bu müqavilə üzrə ona verilməsi nəzərdə tutulmuş bu Müqavilənin 1.1-ci maddəsində göstərilən obyektdən imtina edir. Qeyri-yaşayış binasının ümumi dəyəri xx.xx.2023-cü il tarixdə bağlanılmış kredit müqaviləsinin dəyərinə bərabərdir və 400.000 manat təşkil edir.
3. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanılmış M-91 saylı müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə təsisçi tərəfindən öhdəliklər kredit müqaviləsində razılaşdırılmış qaydada tam olaraq yerinə yetirmədiyi təqdirdə o, qeyri yaşayış sahəsinin dəyərini tam olaraq ödəmiş və şirkət qarşısında heç bir öhdəliyi qalmamış sayılır.
4. İddiaçı Cavabdeh xx.xx.2024- cü il tarixdə ünvanladığı ərizənin surətindən görünür ki, sonuncudan 441.200 manat məbləğində borc vəsaitini 3 gün ərzində ödənilməsi tələb edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 400.000 manat məbləğində borc, gecikdirilmiş ödənişə görə 44.000 manat olan dəbbə pulu və 7250 manat pul gecikmə faizi və 742 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində borc müqaviləsi bağlanılmışdır. Sözügedən müqavilənin 1-ci maddəsinə əsasən, müqavilənin predmetini nümayəndəsi olduğu şəxsin Cavabdeh 400.000 manat məbləğində vəsaiti borc verməsi təşkil edir. Müqaviləyə əsasən 400.000 manat məbləğində vəsait müqavilə bağlandıqdan sonra notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh borca verilmişdir. Borc alan borcunu müqavilədə qeyd olunan vaxt ərzində (xx.xx.2024) heç bir faiz əlavəsi olmadan borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, müqavilə üzrə borc ödənişinin icra müddəti keçməsinə baxmayaraq, ümümilikdə 441.200 manat borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Qeyd olunmuş borc məbləğinin 400.000 manatı müqavilənin birinci bəndinə əsasən borc kimi verilən məbləğ, geridə qalan 44.000 manat isə müqavilənin 3-cü bəndinə əsasən yaranan dəbbə pulundan ibarətdir. Dəbbə pulu borc alan və borc verən arasında bağlanılan müqavilənin 3-cü bəndinə əsasən borc alan borcunu qaytarmazsa, gecikdirilən hər gün üçün məbləğin 0.1 faizindən ibarətdir. Mövcud borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində cavabdehə rəsmi olaraq xəbərdarlıq edilmiş, lakin cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Müqavilənin 10-cu maddəsinə əsasən borc alan müqavilə ilə müəyyən edilmiş vaxt ərzində borcunu qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 11 ay ərzində ona məxsus pulu özündə saxladığı üçün, gecikdirilmiş ödənişə görə cavabdehdən bank uçot dərəcəsinə uyğun olaraq 7250 manat (400000/100*7,25/12*3=7250) pul gecikmə faizi kimi tutularaq iddiaçıya ödənilməlidir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4775/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə iddiaçının iddia tələbi cavabdehlə xx.xx.2023-cü il tarixdə notariat qaydada bağlanmış borc müqaviləsi təşkil edir. İddiaçı iddia edir ki, o, məhz həmin müqavilə əsasında cavabdehə 400.000 manat məbləğində borc vermiş, lakin cavabdeh həmin borcunu ödəmədiyindən onun yuxarıda qeyd edilən məbləğdə borcu yaranmışdır. Yuxarıda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixli notarial borc müqaviləsinin 2-ci bəndində 400.000 manat borc məbləğinin notariusun bankda açılan depozit hesabı vasitəsilə borc alana verilməsi nəzərdə tutulmuşdur. Bununla belə iddiaçı 400.000 manat məbləğində pulu həqiqətən də notariusun bankda açılan hesabı vasitəsi ilə cavabdehə borc kimi verməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsi, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77, 119, 217.4,216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4775/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı onunla cavabdeh arasında bağlanan borc müqaviləsinin predmeti olan 400.000 manat məbləğində pulu həqiqətən də notariusun bankda açılan hesabı vasitəsi ilə cavabdehə təqdim edib və buna görə də notarius sözügedən müqaviləni təsdiq edib. Başqa sözlə, sözügedən borc müqaviləsi üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi tam icra etdiyi üçün notarius bu müqaviləni təsdiq edib və iddiaçının öz öhdəliyini icra etdiyini təsdiq edən əlavə sübut təqdim etməsini şərtləndirən heç bir hal yoxdur. Belə ki, cavabeh borc müqaviləsi ilə nəzərdə tutulmuş pulun depozitə qoyulmamasını təsdiq edən bir sübut və ya halı məhkəməyə təqdim etməmiş, məhkəmə də müqavilənin konsensual olduğundan şübhələndiyi halda notariat kontorundan bu barədə heç bir sübut tələb etməmişdir. Qeyd edilənlər bir daha təsdiq edir ki, işə baxan məhkəmənin qəbul etdiyi qətnamə qanuna və sübutlara əsaslanmır. Göründüyü kimi cavabdeh iddia edir ki, hazırki mübahisənin predmetini təşkil edən borc müqaviləsi formal xarakterlidir, yəni faktiki olaraq tərəflər arasında 400.000 manata dair borc münasibətləri olmamış və iddiaçı ona qeyd edilən məbləği ödəməmişdir. Lakin, cavabdeh bu günə qədər nə sözügedən borc müqaviləsinin, nə də etirazda qeyd etdiyi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmamış və buna dair işə baxan məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı sözügedən borc müqaviləsini məhkəməyə təqdim etmişdir, hansı ki, şərh edildiyi kimi Notariat haqqında qanunun və notariat hərəkətlərinin aparılmasına dair təlimatın tələbləri baxımından notariusun müqaviləni təsdiq etməsi sözügedən borc məbləğinin notariusun depozit hesabına ödənilməklə cavabdehə verildiyini təsdiq edir. Digər tərəfdən, əgər məhkəmə hesab edirdisə ki, sözügedən müqavilə əsasında işə baxmaq mümkün deyil və əlavə sübutlar təqdim edilməlidir, bu halda istinad edilən prosessual hüquq normasının tələbinə uyğun olaraq iddiaçıya əlavə sübut təqdim etməli olduğunu təklif etməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, qətnamə tamamilə əsassızdır. Rayon məhkəməsi işi araşdırmayıb. 13 noyabr 2023-cü il tarixli qəbz təsdiq edir ki, məbləğ iddiaçı tərəfindən notariusun bankda açılan depozit hesabına köçürülmüşdür.Həmin qəbz iş materiallarına əlavə edilib. Tərəflər arasında münasibət olub, hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Borc sahibkarlıqla bağlı verilməyib. Onların əsas öhdəlikləri depozit hesabına pulun köçürülməsidir. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmişlər. Tərəflər arasında münasibət olub, hazırki münasibət mülki xarakterlidir. İşin görülməsi məqsədi ilə pul verilməyib. İddiaçı şəxsi pulundan vermişdir. Borc məqsədi ilə verilmişdir. Qarşılıqlı təminat müqaviləsi girov kimi bağlanmışdır. Girov qoyulan qeyriyaşayış sahəsi iddiaçıya verilməyib. Cavabdeh məhkəmədə etiraf edib ki, borc müqaviləsi bağlanılıb. Əgər müqavilənin real olmadığına dair şübhəsi olsa idi,qarşılıqlı iddia verə bilərdi. Məhkəmənin gəldiyi nəticə ilə razı deyillər. Sorğunun cavabı da iddianın əsaslı olmasını təsdiq edir. Qarşılıqlı təminat müqaviləsindəki əmlakı iddiaçı tələb etməyəcək. Hansı mərtəbədə, hansı ünvanda veriləcəyi qeyd edilməyib.Gələcəkdə icrası mümkün olmayacaq. Əmlakı iddiaçı istəmir.
14. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil3 izahatında bildirmişdir ki, tərəflər arasında dostluq münasibəti olub, işgüzar fəaliyyətləri olmayıb. Müqavilə təminat xarakterli olub. Cavabdeh bugün də borcunu etiraf etmir. Məbləğ notariusun bankda açılan depozit hesabına yerləşdirilib. Dəfələrlə iclas təxir edilsə də cavabdeh iştirak etmir. Heç bir sübut təqdim etməyib. İddianın rədd edilmə əsası tamamilə əsassızdır.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
22. İşin halları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı (borc verən) ilə Cavabdeh (borc verən) arasında notarial qaydada bağlanmış borc müqaviləsinə əsasən borc verən borcalana 400.000 manat məbləğində borc verir, borcalan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc verən borc alana 400.000 manat məbləğində borcu notariusun bankda depozit açılan hesabı vasitəsi ilə borc verir.
23. Eyni gündə "xxxx" Tikinti Kooperativinin təsisçisi Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli Qarşılıqlı öhdəliklər barəsində M-91 nömrəli müqavilə imzalanmışdır.
24. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanılmış M-91 saylı müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə təsisçi tərəfindən öhdəliklər kredit müqaviləsində razılaşdırılmış qaydada tam olaraq yerinə yetirmədiyi təqdirdə o, qeyri yaşayış sahəsinin dəyərini tam olaraq ödəmiş və şirkət qarşısında heç bir öhdəliyi qalmamış sayılır.
25. İddiaçı cavabdeh tərəfindən borc müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət emiş və tələbi aşağıdakı hissələrdən ibarətdir: müqavilə üzrə ödənilməmiş 400.000 manat məbləğində borcun ödənilməsi, gecikdirilmiş ödənişə görə 44.000 manat olan dəbbə pulunun tutulması və müqavilə üzrə borcun vaxtında ödənilməməsi ilə bağlı olaraq 7250 manat məbləğində gecikmə faizinin tutulması.
26. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, ona istinad edilmişdir ki, borc müqaviləsi konsensual deyil, real müqavilədir. Yəni borc müqaviləsinin bağlanmış hesab edilməsi üçün müqavilənin tərtib olunması və imzalanması kifayət etmir. Bunun üçün Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilən hərəkətlər tam icra olunmalı və borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana verməlidir. Yalnız bu hal baş verdikdən sonra borc müqaviləsi bağlanmış hesab edilir və borc alanın aldığı əşyanın borc verənə qaytarması öhdəliyi yaranır. xx.xx.2023-cü il tarixli notarial borc müqaviləsinin 2-ci bəndində 400.000 manat borc məbləğinin notariusun bankda açılan depozit hesabı vasitəsilə borc alana verilməsi nəzərdə tutulmuşdur. Bununla belə iddiaçı 400.000 manat məbləğində pulu həqiqətən də notariusun bankda açılan hesabı vasitəsi ilə cavabdehə borc kimi verməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
27. Birinci instansiya məhkəməsinin qətnaməsi iddaçı tərəfindən mübahisələndirilmişdir.
28. İşə apellyasiya qaydasında baxılması zamanı xx.xx.2023-cü il tarixdə İddiaçı (borc verən) ilə Cavabdeh (borc verən) arasında notarial qaydada bağlanmış və Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş borc müqaviləsi üzrə (xx.xx.2023-cü il tarixli, 3054 nömrəli qəbz) "xxxx" ASC-nin X6 depozit qismində qoyulmuş 400 000 manat məbləğində pul vəsaitinin kim tərəfindən çıxarılması ilə bağlı məlumatların götürülməsi ilə bağlı "xxxx" ASC-yə sorğu göndərilmişdir.
29. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin 14 fevral 2025-ci il tarixli, 72 nömrəli məktubuna əlavə edilmiş qəbzə əsasən 400 000 manat məbləğində pul vəsaiti 32 saylı notariat ofisinin notariusu X3 həyata keçirdiyi əməliyyat üzrə Cavabdeh ödənilmişdir. Qəbzdə göstərilən məbləğin alınması ilə bağlı pul alan şəxs tərəfindən imza edilmişdir. Pul alanın şəxsiyyətini təsdiq edən qeydlər hissəsində alan şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AA******* olaraq qeyd edilmişdir ki, bu da Cavabdeh şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə eynilik təşkil edir.
30. Bundan başqa **********944 nömrəli kassa məxaric orderindən görünür ki, 400000 manat məbləğində pul vəsaiti BR-378277 saylı qəbz üzrə Cavabdeh ödənilmişdir.
31. Göründüyü kimi, borc müqaviləsinin predmeti olan pul vəsaiti iddiaçı tərəfindən cavabdehə verilmiş, Cavabdeh pul vəsaiti üzərində sərəncam vermək və eyni zamanda müqavilə üzrə müəyyən edilmiş müddətdə - xx.xx.2024-cü il tarixinədək borc məbləğinin qaytarılması öhdəliyi yaranmışdır.
32. Hər bir tərəf öz sübutlarını məhkəməyə təqdim etməlidir. Cavabdeh məhkəmə iclasında iştirakının təmin edilməsi üçün lazımi qaydada məlumatlandırılsa da və bir neçə dəfə iclas təxirə salınsa da məhkəmə iclasına gəlməmişdir. Cavabdeh borcun tutulması barədə iddia tələbinin təmin edilməsini istisna edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
33. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə yoxlama aparmış, borc müqaviləsi üzrə 400 000 manat pulun cavabdeh tərəfindən götürüldüyü təsdiq edilmişdir.
34. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və 400000 manat məbləğində borcun cavabdehdən tutulması ilə bağlı iddia tələbi təmin edilməlidir.
35. Kollegiya o cümlədən qeyd edir ki, tərəflər arasında borc müqaviləsinin bağlandığı eyni gündə xx.xx.2023-cü il tarixli Qarşılıqlı öhdəliklər barəsində M-91 nömrəli müqavilə imzalanmışdır. "xxxx" Tikinti Kooperativinin təsisçisi Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli Qarşılıqlı öhdəliklər barəsində M-91 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar və Cavadxan küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni 1-ci Bloklu yaşayış binasında, qeyri-yaşayış mərtəbəsinin 1 mərtəbəsində yerləşən, 80 kv.m-dən ibarət obyekti bir pay kimi bu müqavilənin 1.2-ci bəndində göstərilmiş şərtlərə uyğun olaraq “Payçı”ya verməyi öz öhdəsinə götürür. Tərəflər razılaşırlar ki, bu müqavilə, “Təsiçi” ilə “Payçı” arasında xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsinin təminatı kimi çıxış edir və “Təsisçi” xx.xx.2023-cü il tarixində bağlanılmış müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə müqavilə predmeti olan daşınmaz əmlak tam olaraq “Şirkət” tərəfindən “Payçının” mülkiyyətinə verilir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər tam olaraq yerinə yetirildikdən sonra “Payçı” bu müqavilə üzrə ona verilməsi nəzərdə tutulmuş bu Müqavilənin 1.1-ci maddəsində göstərilən obyektdən imtina edir. Qeyriyaşayış binasının ümumi dəyəri xx.xx.2023-cü il tarixdə bağlanılmış kredit müqaviləsinin dəyərinə bərabərdir və 400.000 manat təşkil edir.
36. Kollegiya hesab edir ki, iddiaçının borc müqaviləsi üzrə borcunu tələb etmək hüququ vardır. Suala cavab olaraq da iddiaçının nümayəndəsi bildirmişdir ki, əmlakı deyil, borcu tələb edirlər. Müqavilədə də xüsusi olaraq qeyd edilmişdir ki, borc ödənildikdən sonra payçə müqavilə üzrə nəzərdə tutulan əmlakdan imtina edir.
37. İddiaçının gecikdirilmiş ödənişə görə 44.000 manat olan dəbbə pulunun tutulması tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 13 noyabr 2023-cü il tarixli borc müqaviləsinin 4-cü bəndində tərəflərin razılığına əsasən “Borc alan” bu müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş müddətdə “Borc verən”ə borclu olduğu məbləği qaytarmazsa, gecikdirilən hər gün üçün borc məbləğinin 0,1 məbləğində dəbbə pulu ödəyəcəkdir. Həmçinin müqavilənin 5-ci bəndində qeyd edilir ki, tərəflər borcun faizsiz verilməsini şərtləndirirlər.
38. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 4000 manat məbləğində dəbbə pulunun tutulması işin halları baxımından daha ağlabatan və ədalətlidir.
40. İddiaçı müqavilə üzrə borcun vaxtında ödənilməməsi ilə bağlı olaraq 7250 manat məbləğində gecikmə faizinin tutulması barədə iddia tələbi üzrə ona istinad edir ki, Mülki Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilir və 2024-cü ilin may ayı üçün müəyyən edilmiş uçot faiz dərəcəsi illik 7,25 % təşkil edir. Cavabdeh tərəfindən 11 ay ərzində pul məbləğinin saxlanılmasına görə 400000/100*7,25/12*3=7250 məbləğində pul gecikmə faizi kimi cavabdehdən tutulmalıdır.
41. Mülki Məcəllənin 449.1-ci maddəsində qeyd edilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehin ona məxsus pul vəsaitindən faydalanmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyi üçün iddia tələbi bu hissədə təmin edilməməlidir.
43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında qeyd edilir ki, “...MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.”
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilən hüquqi mövqedən göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin məzmununda qeyd edilən faydalanma anlayışı özündə istifadə etmə, fayda gəlir, artım, bəhər, törəmə və başqa formaları özündə ehtivatı edir. Bu hal iddiaçı tərəfindən subuta yetirilmədiyi üçün Mülki Məcəlləsinin 449.2-ci maddəsində qeyd edilmiş faiz dərəcəsinə uyğun pul vəsaitinin cavabdehdən tutulmasının heç bir hüquqi əsası yoxdur.
45. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-4775/2024 nömrəli, xx.xx.2024-cü il qətnaməsi ləğv edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 400.000 (dörd yüz min) manat məbləğində əsas borc və 4000 (dörd min) manat məbləğində dəbbə borcu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
46. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri sayır. Bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu məsələyə qiymət verərkən məhkəmə tərəflərin belə tələbinin olub olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 694 (altı yüz doxsan dörd) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 347 (üç yüz qırx yeddi) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4775/2024 nömrəli, xx.xx.2024cü il qətnaməsi ləğv edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 400.000 (dörd yüz min) manat məbləğində əsas borc və 4000 (dörd min) manat məbləğində dəbbə borcu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 694 (altı yüz doxsan dörd) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 347 (üç yüz qırx yeddi) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov