Məhkəmə qərarları › İş №2(103)-6725/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6725/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6725/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 6-Z1-3-0- 562-15 saylı kredit müqaviləsinə əsasən Bank borcalana istehlak məqsədilə 5 il müddətinə, illik 1% ödəmək şərti ilə 12116,84 manat kredit verməyi öhdəsinə götürmüşdür.

2. Borcverən "xxxx" ASC borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 6-Z1-3-0- 562-15 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına görə bank qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2022ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 əsas borca görə 8751,65 manat, faiz borcuna görə 21,85 manat, cəriməyə görə 24,43 manat borcu vardır.

3. İddia ərizəsi verildikdən sonra kredit müqaviləsi üzrə 5000 manat ödənilmiş və bank bu ödənişləri əsas borcdan silmişdir.

4. xx.xx.2022-ci il tarixli yeni maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli 6-Z1-3-0-562-15 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3751,65 manat, faiz borcuna görə 49,89 manat, cəriməyə 161,73 manat borcu vardır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8751,65 manat əsas, 21,85 manat faiz, 12.22 manat cərimə borcu olmaqla, cəmi 8785,72 manat və 107.86 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Bank müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş olsa da, cavabdehlər üzərlərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməmiş, banka olan boclarını tam ödəməmişlər. Ona görə də xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş qalan əsas, faiz, cərimə borcunun və dövlət rüsumuna görə 107,86 manatın cavabdehlərdən müşatərək qaydada bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edirlər.

7. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3057/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada xx.xx.2019cu il tarixli 6-Z1-3-0-562-15 saylı kredit müqaviləsi üzrə əsas borc görə 3751,65 manat, faiz borcuna görə 21,85 manat, cəriməyə görə 12,22 manat, dövlət rüsumuna görə 107,86 manat olmaqla cəmi 3893,58 manat pulun Yelo Bank ASCnin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.1, 442ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, iddiaçı və digər cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı yalnız həmin cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apelyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Belə ki, apellyator etdiyi ödənişlər nəticəsində Banka qət olunmuş məbləğdən daha az borcunun qaldığına dair heç bir sübut təqdim etməmiş, apellyasiya şikayətinin dəlilləri maddi hüquq normaları və iş materiallarına istinadla açıq-aşkar əsaslandırılmamışdır.

21. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

22. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisələndirilən hissədə idianın qiyməti 5000 manatdan az olduğundan MPM-in 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 27 iyul 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar