Məhkəmə qərarları › İş №2(103)-6725/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6725/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6725/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-694/2023 nömrəli 07 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə 21 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2014-cü il tarixdə verilən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu M.Əlizadə küçəsi ev 69 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir.

2. Maarifçi-2 MTK-nın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, xx.xx.2022-ci il tarixində M.Əlizadə, ev 42, mənzil 75-dən 69, 63-cü mənzillərə kütləvi su basması hadisəsi baş vermiş, nəticədə İddiaçı məxsus 69-cu mənzilə ziyan dəymişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakı və təmir bərpa işlərinin aparılması üçün 5000 manat dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu M.Əlizadə küçəsi 69 saylı mənzilin sahibidir. 05 sentyabr 2022-ci il tarixdə mənzili bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində su basmışdır. Həmin mənzildən bir-neçə dəfə onun mənzilinə ziyan dəymişdir. O və digər bina sakinləri dəfələrlə mənzil sahibinə dəfələrlə xəbərdarlıq etsələr də, sözlərinə məhəl qoymamış və ona məxsus mənzilə dəymiş hər hansı bir ziyanı ödəməkdən imtina etmişdir. Cavabdeh onun mənzilindən yuxarıda 75 nömrəli mənzildə yaşayır. Baş verənlərin səbəbi isə mətbəx kranının açıq qalması və suyun yüksək təzyiqi nəticəsində su sızmış, evdə adam olmadığından evinə su dolmuşdur. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu mənzil istismar sahəsinin əməkdaşlarının iştirakı ilə 08 sentyabr 2022-ci il tarixli yoxlama aktına əsasən təsdiq olunmuşdur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür, yararsız vəziyyətə düşmüş əmlakın və təmir bərpa işlərinin aparılması üçün dəymiş ziyanın ümumi dəyəri 5000 manat təşkil edir.

5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video-diskdə olan görüntülərdən aydın olur ki, mənzilin müxtəlif hissələrində tavandan aşağıya doğru xeyli miqdarda su axır.

6. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/726 nömrəli, 11 may 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu M.Əlizadə küçəsi ev 42 saylı evin 69 saylı mənzilinin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan Maarifçi-2 MTKnın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, həmin 69 saylı mənzilə yuxarı mərtəbədəki 75 saylı mənzildən suyun axıdılması müəyyən edilir. Su sızma nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42 saylı evin 69 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4976 manat məbləğində müəyyən edilir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 iyun 2023-cü il tarixli 2(005)-694/2023 nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən maddi zərərin əvəzi kimi 4976 manat pulun cavabdehdən alınaraq İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyərinin Cavabdeh tutularaq, 100 manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu M.Əlizadə küçəsi ev 42, 69 saylı mənzilinə cavabdehin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu M.Əlizadə küçəsi ev 42, 75 saylı mənzildən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 4976 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz 5000 manat miqdarında olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1115, Mülki Prosessual Məcəllənin 107, 115, 217.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, su kranının açıq qalması ilə suyun yüksək təzyiq səbəbindən sızması tamamilə ayrı-ayrı hallardır. Məhkəmə isə bu halların fərqini araşdırmamışdır. Su kranının açıq qalması onun təqsiri ilə bağlı hal olsa da, suyun təzyiqi nəticəsində su sızması onun təqsirli olmasını müəyyən edən hal deyil. Onun mənzilində mətbəx su kranı açıq qalmamışdır. Su sızması binaya verilən suyun təzyiqinin normadan artıq olması ilə bağlıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Qətnamə cavabdehin apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Beləliklə müəyyən edilmişdir ki Bakı şəhəri, Nərimanov rayonu M.Əlizadə küçəsi 69 saylı mənzil iddiaçının mülkiyyətində olmaqla, iddiaçı bu mənzildə yaşayır, həmin mənzilə ondan yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus 75 saylı mənzildən su sızması hadisəsi baş vermiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir, ekspert rəyinə əsasən susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin xərci 4976 manat müəyyən edilmişdir.

28. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını, ekspert rəyini əsas götürərək, dəymiş maddi ziyanın əvəzi olaraq 4976 manatın iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

29. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.

30. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

31. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır, belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan mənzilə cavabdehə məxsus olan 75 saylı mənzildən susızma baş vermişdir.

32. Cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdıldığı müvafiq akt, ekspertiza rəyi cavabdehin özünün izahatı ilə təsdiqini tapır.

33. Həmçinin iş materiallarına əlavə edilmiş videodiskdə olan görüntülərə baxış keçirdikdə müəyyən edilir ki, iddiaçının mənzilində müxtəli yerlərdən tavandan xeyli miqdarda su axmışdır.

34. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, su kranının açıq qalması ilə suyun yüksək təzyiq səbəbindən sızması tamamilə ayrı-ayrı hallardır. Məhkəmə isə bu halların fərqini araşdırmamışdır. Su kranının açıq qalması onun təqsiri ilə bağlı hal olsa da, suyun təzyiqi nəticəsində su sızması onun təqsirli olmasını müəyyən edən hal deyil. Onun mənzilində mətbəxdəki su kranı açıq qalmamışdır.

35. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, su sızma hallarının baş vermə səbəbinə 75 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə səbəbindən baş verə bilər. Cavabdeh özü da bu halı inkar etmir, yalnız ona əsaslanır ki, suyun təzyiqi yüksək olmuşdur ki, bu da onun təqsiri deyil. Halbuki, mənzildəki su kranlarına nəzarət etmək mənzil sahibinin vəzifəsidir və göstərilən hal (təzyiqin yüksək olması) onun məsuliyyətini aradan qaldırmır.

36. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti əsassızdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-694/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar