Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6726/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6726/2024 (Açar sözlər: aliment miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2509/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 18 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-6821/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2017-ci il tarixdən hər ay uşaq üçün 136,60 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
2. İddiaçı hazırda yanında və himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə minimumundan az olmamaqla hər ay 235 manat sabit məbləğdə alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşağın xx.xx.2015-ci il təvəllüdlü X1 görə hər ay sabit pul məbləğində 235 manat alimentin ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdeh ilə rəsmi nikahından xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Cavabdehlə yola gedə bilmədiyinə görə aralarında olan rəsmi nikahları Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan anadan olan övladları onun himayəsinə verilmiş, onun saxlanılması üçün hər ay 136,40 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək 30 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Lakin bugünədək cavabdeh Ağazadə Hikmət övladı Ağazadə Nurhatın saxlanılması üçün 136 manat aliment ödəyir. Tərəfindən cavabdehə müraciət edilmiş və övladlarının saxlanılması üçün bugünki yaşayış minimumuna uyğun olaraq aliment ödəməsini xahiş etmişdir, lakin o xahişini rədd etmişdir. Beləliklə, məhkəmədən Cavabdeh birgə nikahdan anadan olan xx.xx.2015-ci il təvəllüdlü X2 üçün hər ay 235 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2509/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6821/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsimə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4, 13 və 19-cü maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 112-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə alimentin artırılması ilə bağlı işə ədalətli baxmamışdır. Qeyd edilən normada göstərilən mənim ailə və maddi vəziyyətimi və diqqətəlayiq digər halları nəzərə almamışdır. Belə ki, o, hazırda ilk nikahından olan uşaqlarına aliment verir. Yeganə qazanc yeri aldığı əmək haqqıdır. Bu baxımdan təyin edilmiş aliment miqdarı əsassızdır və məbləğ çoxdur. Bununla bağlı AR Ali Məhkəməsinin Plenum Qərarında konkret göstəriş vardır. Həmin qərarın 8.7-ci bəndində alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olmasının nəzərə alınmalı olduğu göstərilir. Ancaq o məhkəməyə bununla bağlı qətnamə təqdim etsə də məhkəmə bunu nəzərə almamış və ədalətsiz qətnamə qəbul etmişdir. Bundan əlavə onu da qeyd edir ki, adı çəkilən plenum qərarının 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olmalı olduğu və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməli olduğu bildirilmişdir. Ancaq Məhkəmə buna diqqət ayırmamış və onun maddi vəziyyətini çox ağırlaşdırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştiak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
12. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir
13. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
20. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı
21. 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
23. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu:
25. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Hazırki iş üzrə iddia tam təmin edildiyindən və cavabdeh qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
34. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə və ya ləğvinə hər hansı hüquqi əsas yoxdur.
35. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasındakı nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2017-ci il tarixdən hər ay uşaq üçün 136,60 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
36. Hazırda iddiaçı bu alimentin məbləğinin artırılaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat aliment məbləğinin tutulmasını tələb edir və tələbini uşağın artan tələbatları, uşağı tək saxlamaqda çətinlik çəkməsi, uşaqlar üçün yaşayış minimumun artması ilə əsaslandırır.
37. "xxxx" ASC-nin arayışından görünür ki, X7 həmin bankda aparıcı mütəxəssis vəzifəsində çalışır və aylıq əmək haqqı 1100 manat təşkil edir.
38. Cavabdeh şikayətin dəlillərində bildirmişdir ki, o, başqa nikahdan olan övladları üçün də aliment ödəyir və yeganə gəlir mənbəyi əmək haqqı olduğundan hazırki artırılmış alimenti ödəməsi onun maddi durumunu ağırlaşdıracaqdır.
39. Kollegiya ilk növbədə qeyd edir ki, məhkəmə iddia tələbində alimentin məhz sabit pul formasında tutulmasını nəzərə alaraq, alimentin cavabdehin qazancının müəyyən hissəsi miqdarında deyil, sabit məbləğdə tutulmalı olması barədə düzgün nəticəyə gəlmişdir.
40. Alimentin məbləğinə gəlincə isə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.
41. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.
42. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.
43. Kollegiya hazırki mübahisəyə qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin artırılması ilə bağlı mövqe qanuni və əsaslı olmuşdur. Belə ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulan xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Cavabdeh 136,60 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə, həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.
44. Kollegiya yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi alimentin məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir. Cavabdehin aliment ödədiyi digər uşaqlarının olması ilə bağlı dəlillərə münasibətdə kollegiya qeyd edir ki, bu hal onu İddiaçı ilə birgə nikahından olan övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir və həmin uşağın layiqli həyat səviyəsində yaşaması, əvvəlki yaşayış şərtlərinin maksimum həddə qorunması hazırki mübahisənin həlli ilə bağlı mühüm məsələdir.
45. Kollegiya ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını hər ay 235 manat sabit pul məbləğində müəyyən etmişdir və həmin məbləğin azaldılması üçün əsaslar yoxdur.
46. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
48. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2509/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev