Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6727/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nurid Hümbətovun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi tələbinə dair 2(010)-97/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə xx.xx.2013-cü il tarixli, 1333 nömrəli kredit müqaviləsi üzrə 14217,02 ABŞ dolları əsas borc, 2925,32 ABŞ dolları faiz borcu və 3258 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 20.400,34 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh iddiaçı “X1” ASC-in xeyrinə tutulmalı olan məbləğ ilk növbədə, xx.xx.2013-cü il tarixli, 1333 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus “HYUNDAİ VELOSTER” markalı, ** SU *** qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2013, tip xetçbek, Ban 1800061, rəng ağ) yönəldilməsi və avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə dar qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1333 nömrəli kredit müqaviləsinə əsasən Bank Cavabdeh minik avtomobilinin alınması üçün 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 20.753 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan “HYUNDAİ VELOSTER” markalı, ** SU *** qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili-2013, tip-Xetçbek, Ban-*180061, rəng-ağ) ipoteka ilə yüklü edilmiş və cavabdehlə xx.xx.2013-cü il tarixli, 1333 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. İpoteka müqaviləsinə əsasən isə ipoteka qoyan kredit müqaviləsi və bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə tələblərinin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu tələb olunan qaydada ödəməmişdir. Belə ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə 2.000 ABŞ dolları olmuşdur. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə edilən müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixə Cavabdeh Banka 14.085 ABŞ dolları əsas borc, 2.204 ABŞ dolları faiz borcu, 698 ABŞ dolları gecikdırilmiş vaxt üçün illik beş faiz, 3.258 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 20.245 - ABŞ dolları təşkil edir. Beləliklə, Cavabdeh borc öhdəliyini müqavilə ilə müəyyən edilmiş qaydada icra etmir, buna görə də öhdəliyin icrası vaxtından əvvəl tələb edilərək, təminat kimi ipotekaya qoyulmuş avtomobil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il tarixli, 1333 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 14217,02 ABŞ dolları əsas borc, 2925 ABŞ dolları faiz borcu, 58 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 17.200,02 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş ipoteka predmeti olan, Cavabdeh məxsus “HYUNDAİ VELOSTER” markalı, ** SU *** qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2013, tip- Xetçbek, Ban-*180061, rəng-ağ) yönəldilsin və avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə olan borcun ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı ilə razı deyil. Hesab edir ki, iş üzrə ekspertiza keçirilməli, banka ödəmiş olduğu kredit yenidən hesablanmalı, əsas məbləğə, faizə və dəbbə puluna nə qədər məbləğ silinməsi göstərilməlidir. Bu zaman ilk növbədə cavabdehin əsas məbləği və faizlərindən tutulmalar aparıldıqdan sonra qalmış yekun məbləğ çıxarılmalıdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamənin iddianın təmin olunmuş hissəsində qanuniliyi və əsaslığı yoxlanılır. Çünki qətnaməni cavabdeh mübahisələndirmiş, iddiaçı apelyasiya şikayəti verməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2013-cü il tarixli, 01333 saylı kredit müqaviləsinə əsasən, bank borcalana 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 20753 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, həmin kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus “HYUNDAİ VELOSTER” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qaşısında ipoteka ilə yüklü edilmiş, həmin yüklülük AR DİN Baş Dövlət X2 qeydə alınmışdır. İddiaçı ASC tərəfindən verilən arayışa əsasən, müqaviləsinin müddətinin bitdiyi tarixə - xx xxxxxx 2016-cı il tarixinə Cavabdeh 14085 (ir min dörd yüz səksən beş) ABŞ dolları, müqavilə bitəndən sonra 5% ilə hesablanma qaydası ilə 697,76 ABŞ dolları təşkil etmişdir, ödənilməmiş faiz 2204 ABŞ dolları, dəbbə pulu 3258 ABŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 13195 nömrəli ekspert rəyinə əsasən, müqavilə müddəti bitən xx xxxxxx 2016-cı il tarixə əsas borc üzrə 14217,02 ABŞ dolları, faiz boru üzrə 4222,37 ABŞ dolları, cəmi 18439,39 ABŞ dolları təşkil edir. Sual üzrə xx xxxxxx 2017-ci il tarixə əsas borc üzrə 14217,02 ABŞ dolları, faiz borcu üzrə 2925,32 ABŞ dolları olmaqla, cəmi 17142,34 ABŞ dolları kredit borcu təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 462.1, 463.1, 467 və 739-cu, «İpoteka» Haqqında Azərbaycan Respublikası Qanununun 33, 34 və 47.5-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34-cü maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Həmin qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. “Zvierzinski Polşaya qarşı iş üzrə” xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. " Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olubolmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı və cavabdeh arasında kredit hüquq münasibətləri üzrə qarşılıqlı hüquq və vəzifələri müəyyən edən müqavilə imzalanmış, bank müqavilə öhdəliyini həyata keçirərək qeyd edilən kredit vəsaitini borcalana versə də, borcalan kredit borcu üzrə öhdəliyini tam və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh hazırkı iş üzrə borcun tutulmasına dair məhkəmə qətnaməsini mübahisələndirsə də, həmin borcun daha az olmasına və ya tam ödənilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Belə olan iddianı qismən tutulması hissəsində qətnamə qanuni və əsaslıdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-97/2019 saylı mülki iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6727/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6727/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver