Məhkəmə qərarları › İş №2(103)-6729/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6729/2025

21.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6729/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(003)-3214/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixində X-1567 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X2 Departamenti tərəfindən **********01880 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147,20 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 2134,08 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 241,92 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2025ci il tarixli ******* saylı akt əsasında 190 manat; cəmi 7311,36 (yeddi min iki yüz bir manat 36 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Cavabdehin ödənilməmiş 2019-cu il üzrə qalıq 175,20 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 20 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 2 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir (175,20+2=177,20) 2020-ci ilin dekabr ayından 2025-ci ilin may ayına qədər cavabdeh 67,20 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 110 (bir yüz on) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin SALDO və Gasrep üzrə ümumi 7311,36 (yeddi min üç yüz on bir manat 36 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 7311,36 (yeddi min üç yüz on bir manat 36 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 110 (bir yüz on) manat və 93,12 (doxsan üç manat 12 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 7404,48 (yeddi min dörd yüz dörd manat 48 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(003)- 3214/2025 nömrəli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov) iddia qismən təmin edilərək, Cavabdeh 110,00 manat debitor borcunun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən etiraf edilməyən və qanunuliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, işin hallarının məhkəmədə tədqiq olunması zamanı Cavabdeh tələb edilən 7201,36 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə iddia tələbi bu hissədə təmin edilməməlidir.

5. Birinci instansiya məhkəməsi həmçinin, iş materiallarında olan abonentin saldosunda təbii qazdan faktiki istifadəyə görə cavabdehin 110,00 manat debitor borcunun ödənilməmiş qalmasını əsas götürərək, iddianı həmin hissədə təmin etmişdir.

6. Birinci instansiya məhkəməsi həmçinin, iddia tələbinin “93,12 manat dövlət rüsumunun cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilən hissəsi tələbin cüzi hissəsini təşkil etməsini nəzərə alaraq, ödənilmiş 93,12 manat rüsum İddiaçınə aid edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri:

7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Tərəflərindən inzibati tənbeh vermə haqqında MN №1276623 saylı xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərar ilə cavabdehin xx.xx.2025-ci il tarixli ******* saylı akt üzrə qeyd edilmiş xətanı törətdiyi sübuta yetirilmişdir. Bu Qərara əsasən 190 manat dəymiş ziyan məbləği sübuta yetirilmişdir. Lakin nədənsə Xəzər Rayon Məhkəməsi bu sübutu əsas kimi nəzərə almamışdır. Obyektivliyi təmin etmək məqsədilə debitor borc olan 110 manat və Energetika Nazirliyinin inzibati xəta haqqında qərarla təsdiq edilmiş 190 manat məhkəmə tərəfindən nəzərə alınmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilən maddi zərərin həddinin çox olması səbəbindən, müəyyən olunan məbləği ödəmək üçün maddi imkanı yoxdur. Hazırda da borcunun olması ilə bağlı qaz xidmətlərindən istifadə edə bilmir. İnzibati tənbeh tətbiq olunması barədə qərarla müəyyən olunan 190 manat cərimə məbləğinə dair hər hansı etirazı yoxdur, sayğacdan istifadə olunan yaşayış sahəsi fərdi yaşayış evidir, sayğacdan kənar istifadə müddəti təqribən 10- 15 gün müddət təşkil etmiş, sonradan sayğaca yenidən qoşulma həyata keçirilmişdir. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

11. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazpaylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

14. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin yeni redaksiyasına görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

16. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

21. İş materiallarında olan qaz paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2019-cu il tarixində X-1567 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.

22. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********07880 saylı qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) 7311,36 manat (7201,36 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə akt əsasında hesablanmış borc, 110,0 manat debitor borc) manat zərər hesablanmışdır.

23. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147,20 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 2134,08 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 241,92 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2025ci il tarixli ******* saylı akt əsasında 190,0 manat dəymiş ziyanın ödənilməsi tələb olunur.

24. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının qəbul etdiyi xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə qərarından görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük 0980-1880 ünvanında xx.xx.2025-ci il tarixində qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulmaqla qaz paylayıcısına 190 manat zərər vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsinə əsasən 100 manat cərimə olunmuşdur.

25. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 93,12 manat dövlət rüsumu ödənilmişdir.

26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 110,00 manat debitor borcunun tutularaq İddiaçınə ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, abonentin saldosuna əsasən təbii qazdan istifadəyə görə cavabdehin 110,0 manat debitor borcunun olduğu müəyyən edilir və işin bu halı işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmir.

27. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi - İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilməsi və abonentin həmin aktları imza etməkdən imtinası, həmin aktların qanunsuz olduğuna dəlalət etməməsi barədə dəlilinə məhkəmə kollegiyası qiymət verərək qeyd edir ki, qanunvericiliyə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), təqdim etməlidir. Lakin iş materiallarından həmin aktların surətinin cavabdehə (və ya onun ailə üzvlərinə) təqdim edilməsi müəyyən edilmir. Cavabdehin bu aktları qəsdən qəbul etməməsi faktı isə hər hansı sənədlərlə (məsələn, bu barədə tərtib olunmuş müvafiq aktla və ya foto-video material ilə) sübut olunmur. Belə olan halda məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir və birinci instansiya məhkəməsinin iddianın bu hissədə təmin edilməməsi barədə mövqeyi ilə razılaşır.

28. Bundan əlavə, iş materiallarından görünür ki, qanunvericiliyə müvafiq olaraq iddiaçı xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında 190,0 manat dəymiş ziyanla bağlı tərtib olunmuş aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərmiş və Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının qəbul etdiyi xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə qərarı ilə Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük 0980-1880 ünvanında xx.xx.2025-ci il tarixində qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulmaqla qaz paylayıcısına 190 manat zərər vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsinə əsasən 100 manat cərimə olunmuşdur. Məhkəmə kollegiyası bu faktı əsaslı sübut kimi qəbul edir və iddiaçının apellyasiya şikayətində qeyd etdiyi bu dəlili ilə razılaşaraq hesab edir ki, iddia - qaz paylayıcısına 190 manat zərər vurulması hissəsində də təmin edilməlidir.

29. Məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin təmin edilən hissəsi tələbin cüzi hissəsini təşkil etdiyindən, ödənilmiş rüsum İddiaçınə aid edilməlidir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh qaz paylayıcısına zərər vurulmasına görə 190 (bir yüz doxsan) manat pul tutularaq İddiaçınə ödənilməli, qətnamə Cavabdeh 110 (bir yüz on) manat debitor borcun tutulması və 93,12 (doxsan üç manat on iki qəpik) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-3214/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh qaz paylayıcısına zərər vurulmasına görə 190 (bir yüz doxsan) manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamə Cavabdeh 110 (bir yüz on) manat debitor borcun tutulması və 93,12 (doxsan üç manat on iki qəpik) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar