Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-673/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(004)-2371/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cavabdeh və İddiaçı 03 noyabr 2001-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından 15 yanvar 2005-ci il tarixdə X5 və 03 may 2008-ci tarixdə X6 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaqların İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh 15 yanvar 2005-ci il təvəllüdlü X2 və 03 may 2008-ci təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay aylıq qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaç İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2005-ci il təvəllüdlü X2 və 03 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli qətnaməsi əsasında cavabdehdən hər ay aylıq qazancının və başqa gəlirinin üçdə bir hissəsi miqdarında tutulan alimentin dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 2000 manat olmaqla, cəmi 4000 manat sabit pul məbləğində, həm də hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlə birgə nikahdan anadan olmuş 15 yanvar 2005-ci il təvəllüdlü X2 və 03 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçının xeyrinə hər ay hər uşaq üçün 2000 manat olmaqla, 4000 manat sabit pul məbləğində alimentin, həmçinin 15 yanvar 2005-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar hər ay 500 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə ayrıldıqdan sonra hər iki uşağın problemlərini özü təkbaşına həll etmişdir. Hazırki iqtisadi vəziyyət nəzərə alınaraq iki uşağın saxlanılması üçün kifayət qədər məbləğdə vəsait tələb olunur. İddiaçı heç bir yerdə işləmir, cavabdehdən hər ay aylıq qazancının və başqa gəlirinin üçdə bir hissəsi miqdarında alimentin tutulub ona verilməsi barədə məhkəmə qətnaməsi mövcud olsa da, eləcə də o, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq külli miqdarda gəlir əldə etsə də, aliment ödəməkdən yayınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(004)2371/2020 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 15 yanvar 2005-ci il təvəllüdlü X2 və 03 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin dəyişdirilməsi, Cavabdeh 15 yanvar 2005-ci il təvəllüdlü X2 və 03 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması, Cavabdeh 15 yanvar 2005-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar hər ay 100 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 07 noyabr 2019-cu il tarixli məktubuna əsasən Cavabdeh 3 kommersiya hüquqi şəxsdə təsisçidir. Eyni zamanda "xxxx" MMC-nin 18 mart 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh 13 mart 2016-ci il tarixindən həmin MMC-də direktor vəzifəsində çalışır və onun əmək haqqısı 1100 manat təşkil edir. "xxxx" MMC-nin 27 oktyabr 2014-cü il tarixli arayışına əsasən Cavabdeh həmin MMC-də çalışır və əmək haqqısı 1387,50 manat təşkil edir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(004)-2371/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və 15 yanvar 2005-ci il təvəllüdlü X2 və 03 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat məbləğində alimentin, həmçinin 15 yanvar 2005-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar hər ay 50 manat məbləğində pulun cavabdehdən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(004)-2371/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(103)-509/2021 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Şirinovdan və R.Ə.Eyvazovdan ibarət tərkibdə) İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(004)-2371/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(103)-509/2021 nömrəli qətnaməsinin qismən, yəni “2 uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşaq üçün 2000 manat olmaqla, hər ay sabit pul məbləğində 4000 manat, həm də hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin alınaraq İddiaçı ödənilməsi” tələbinin rədd olunması hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(102)-3616/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(103)-509/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Qeyd olunan qərarda kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, işin mübahisəsiz hallarından müəyyən olunur ki, qüvvədə olan qətnamə ilə tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulmuşdur. İddiaçı hazırki iddiada qeyd olunan qətnamənin icra edilmədiyini əsas gətirməklə alimentin Ailə Məcəlləsinin 78.1-ci maddəsinə uyğun sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Lakin işin faktiki hallarını araşdıran məhkəmələrdə mübahisəsiz olaraq müəyyən olunmuşdur ki, cavabdeh bir neçə kommersiya hüquqi şəxsin təsisçisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur, həmçinin təsis etdiyi hüquqi şəxslərin ikisində vəzifə tutmaqla, sabit aylıq əmək haqqı alır. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, alimenti sabit pul məbləğində müəyyən etmiş, apellyasiya instansiyası məhkəməsi isə qətnaməni dəyişdirilmədən saxlamışdır. Ancaq məhkəmələr, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qüvvədə olan 12 may 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay tutulan alimentin faktiki hansı məbləği təşkil etməsini, alimentin sabit pul məbləğində tutulması üçün Ailə Məcəlləsinin 78-ci maddəsində göstərilən əsasların mövcudluğunu, o cümlədən hazırda iki uşağın saxlanılması üçün tutulacaq ümumilikdə 400 manat məbləğində alimentin əvvəlki qətnamə ilə tutulan alimentin məbləğinə uyğunluğunu, yəni uşaqların əvvəlki təminatı səviyyəsinin saxlanılması üçün kifayət edib-etməməsini araşdırmamışlar. Halbuki, iddiaçının apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə faktiki olaraq alimentin məbləği azaldılmışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında irəli sürülmüş mövqeyə görə məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, özünün və təsis etdiyi şirkətlərin yüksək gəlirə malik olmasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlillərini araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə etməklə, "xxxx" MMC-nin 26 noyabr 2020-ci il tarixli Audit hesabatı işə əlavə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində həmin hesabatda gəlinən nəticəni göstərsə də, qətnamənin əsaslandırılmasında iddiaçının apellyasiya şikayətinin dəlillərinə, o cümlədən həmin hesabata hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır ( Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir. Ailə Məcələsinin 78.2-ci maddəsində sabit pul məbləğinin miqdarının müəyyən edilməsinin 4 meyarı (maddi vəziyyət, ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, əvvəlki təminatın səviyyəsi) göstərilsə də, bu meyarlar ümumi xarakterli olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına imkan vermir. Bununla əlaqədar, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76-cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbət. İşdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə bu qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər. Belə ki, məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanunda göstərilən(artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan və daimi iş yeri olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə(inzibati və cinayət) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur. Əlbətdə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmaya bilər. Lakin sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur. Bununla yanaşı, aliment müəyyən edilərkən uşaqların, o cümlədən hazırki işdə olan uşaqların da mənafeyi nəzərə alınmalıdır. Bu mənada kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən məcburi göstərişləri nəzərə alınmalıdır. Əvvəla ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu, uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu doğulmuş uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Belə ki, işdə olan "xxxx" MMC-nin 18 mart 2020-ci il tarixli arayışına əsasən Cavabdeh 13 mart 2016-ci il tarixindən həmin MMC-də direktor vəzifəsində çalışır və onun əmək haqqısı 1100 manat, "xxxx" MMC-nin 27 oktyabr 2014-cü il tarixli arayışına əsasən Cavabdeh həmin MMC-də çalışır və əmək haqqısı 1387,50 manat təşkil edir. Göründüyü kimi, cavabdeh hər iki MMC-dən aldığı cəmi əmək haqqı 2487,50 manat təşkil edir. Birinci instansiya məhkəməsi isə bir uşağa görə 250 manat sabit pul məbləğində aliment, X2 xəstəliyi ilə əlaqədar hər ay 100 manat, cəmi 600 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qət etmişdir. Məhz bu məbləğ 2 uşağa görə tutulmalı olan alimentin məbləğinin Ailə Məcəlləsinin 76 və 78.2-ci maddəlrində nəzərdə tutulan meyara cavab vermir. Baxmayaraq ki, cavabdehin digər qazancı və gəliri barədə işdə başqa mötəbər sübutlar yoxdur və aliment ödəyən şəxsin başqa qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyil. Düzdür, qüvvədə olan qətnamə ilə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Tərəflərin apellyasiya baxışı zamanı verdikləri izahtlardan da bəlli oldu ki, bu qətnamə hər ay təxminən hər iki uşağa görə 400 manata yaxın bir məbləğdə icra olunur. Ancaq alimentin qazancın müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutulması məhz iddiaçının seçimi və istəyi olmuş, iddia tələbini də buna görə dəyişdirmişdir. Buna görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qüvvədə olan 12 may 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay tutulan alimentin faktiki məbləği təxminən 400 manata yaxın olduğu müəyyən edildiyindən, alimentin sabit pul məbləğində tutulması üçün Ailə Məcəlləsinin 78-ci maddəsində göstərilən əsasları mövcuddur, o cümlədən hazırda iki uşağın saxlanılması üçün tutulan ümumilikdə 400 manata yaxın məbləğin uşaqların əvvəlki təminatı səviyyəsinin saxlanılması üçün kifayət etmir. Çünki, hazırda birinci instansiya məhkəməsinin qətnaməsi ilə qazancın və digər gəlirin müəyyən hissəsi kimi tutulan alimentin məbləği faktiki olaraq cüzi artmış olur. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi uşaqların mənafeyni nəzərə alaraq hər uşaq üçün sabit pul məbləğində müəyyən olunmuş alimentin məbləğinin 250 manatdan, 400 manatadək artırılmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. İddiaçının apellyasiya şikayətində göstərilən dəlillərə ətraflı hüquqi qiymət verildiyindən və bu hüquqi mövqe cavabdehin apellyasiya şikayətində göstərilənlərə də bilavasitə aid olduğundan, sonuncunun şikayətində göstərilən dəlillərə ayrıca hüquq qiymət verilməsinə zərurət və lüzum yoxdur. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(004)-2371/2020 nömrəli qətnaməsi sabit pul məbləğində tutulan alimentin məbləği hissəsində qismən, yəni hər ay, hər uşağa görə 250 (iki yüz əlli) manat, iki uşağa görə 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirlsin və həmin məbləğ artırılaraq hər ay hər uşağa görə 400 (dörd yüz) manat, iki uşağa görə cəmi 800(səkkiz yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-673/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-673/2022
10.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver