Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-673/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1922/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, GZK3226 saylı kredit müqaviləsi imzalanmış və müqaviləyə əsasən Cavabdeh 60 ay müddətinə xx.xx.2024-cü il tarixədək, illik faiz dərəcəsi 1%-lə 1 il güzəşt müddəti tətbiq edilməklə, 6201,85 manat məbləğində kredit verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh GZK3226 saylı kredit müqaviləsi üzrə 5.877,91 manat əsas borc, 90,04 manat faiz borcu, 3.062,74 manat cərimə borcu olmaqla, cəmi 9.030,69 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 111 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında GZK3226 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi imzalanmış, bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 1%, kreditin faktiki illik faiz dərəcəsi 1%, illik cərimə faizi 180% olmaqla, 6.201,85 manat məbləğində güzəştli kredit verilmişdir. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini 1082 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi 5.877,91 manat əsas borc, 90,04 manat faiz borcu, 3.062,74 manat cərimə borcu olmaqla, cəmi 9030,69 manat təşkil edir. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 111 manat məbləğində dövlət rüsumu ödəmişdir.
4. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1922/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, GZK3226 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 5.877,91 manat əsas borc, 90,04 manat faiz borcu, 32,05 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manat, cəmi 6080 (altı min səksən) manat məbləğində pulun tutulması qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 1% 1 il güzəşt müddəti tətbiq edilməklə, 60 ay müddətinə 6.201,85 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka 5.877,91 manat əsas, 90,04 manat faiz, 3.062,74 manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd etmişdir ki,Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətlənir. Belə olan halda bank yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin müddəalarını əsas götürərək hesab etmişdir ki, Cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitini ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, hesablanmış dəbbə borcunun ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə tutulacaq dəbbə pulunun miqdarı 32,05 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5.877,91 manat əsas, 90,04 manat faiz, 32,05 manat cərimə, cəmi 6000 manat məbləğində pul tutulmalıdır.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 443.5, 467-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1922/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh GZK3226 saylı maliyyələşdirilmə üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini 1101 gün gecikdirmişdir. Odur ki, cavabdehdən müvafiq olaraq, 3062.74 manat məbləğində cərimə borcunun tutulması məhkəmədən tələb edilmişdir. X3 qeyd edilir ki, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirmək istəyir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyrimüəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmək istəyir ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən GZK3226 saylı maliyyələşdirmə üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı müvafiq olaraq 1082 gün olduğundan cərimə məbləğinin məhkəmə tərəfindən 32,05 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Proses iştirakçılarının izahatı
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasında iştirakları olmadan keçirilməsini, Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)- 1922/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin cərimə borcunun tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin rədd edilən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, hazırkı iddiasında İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GZK3226 saylı kredit müqaviləsi üzrə 5.877,91 manat əsas borc, 90,04 manat faiz borcu, 3.062,74 manat cərimə borcu olmaqla, cəmi 9.030,69 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.
18. İddiaçı ASC-nin apellyasiya şikayətinin dəlili odur ki, cərimənin məbləği əsassız olaraq azaldılmışdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, 14 may 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, hazırkı kreditin məqsədi restrukstruzasiya olmuşdur. Belə olan halda cərimənin məbləğinin 32 manat həddində azaldılması ədalətli və qanuni olmuşdur.
20. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. §11
21. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
22. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
23. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1922/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev