Məhkəmə qərarları › İş №2(103)-6734/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6734/2021

20.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6734/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(011)-1640/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan onun xeyrinə 30000 manat məbləğində əsas borc, 50000 manat maddi ziyan olmaqla, cəmi 80000 manatın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsinin çətin maliyyə vəziyyəti ilə əlaqədar olaraq təxmini 8000 manat məbləğində kredit götürməyə qərara gəlmiş, lakin banklarda krediti ABŞ dolları ilə təklif etdikləri səbəbindən almaqdan imtina etmişdir. Nəhayət, kredit düzəltmək adı ilə X12 ilə tanış olduqda, cavabdeh onu və ailəsini aldatma yolu ilə ünvan 1 ünvanında yerləşən mənzillə bağlı alqı-satqı müqaviləsini rəsmiləşdirməyə vadar etmişdir. Dəyəri 80000 manat olan mənzili alqı-satqı müqaviləsinə əsasən 30000 manata satmışdır. Lakin buna baxmayaraq heç bir məbləğ ala bilməmişdir. Dələduzluq faktı ilə bağlı ailəsi Nəsimi rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hüquq mühafizə orqanları cinayət işini başlamaqdan imtina edib, mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə ediblər. Bütün bu faktlar Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli 2(010)-8713/2016 saylı qətnaməsi ilə təsdiq edilir. Həmin qətnamədə Nəsimi rayon Polis İdarəsinin İŞ-nin 15.10.2016-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, «Cavabdeh öz izahatında 2016-cı ilin yanvar ayında Bəhruz adlı şəxsin vasitəsi ilə Xəyal adlı şəxslə tanış olmuşdur. Xəyalın evinin sənədləri düzgün olmadığından bankdan kredit pul götürülməsi mümkün olmamışdır. Sonradan Xəyal evinin sənədlərini düzəltsə də «Novruz bayramı» ərəfəsinə düşdüyü üçün banklardan pulun götürülməsi mümkün olmamışdır. Bundan sonra onlar belə qərara gəlmişlər ki, Gözəl adlı qadından evi girov qoyaraq faizə pul götürülsün. Razılaşdıqdan sonra 31.03.2016-cı il tarixdə Nəsimi bazarının yaxınlığında yerləşən notariusda alqı-satqı müqaviləsini imzalamışdır. Evin girov qoyularaq faizə götürülmüş 30000 manat puldan 8700 manat Xəyala verilmişdir. Qalan puldan bir hissəsi faiz pulu, bank xidmət haqqı, bu faiz məsələsini həll edən şəxslərə hörmət pulu və sair xərclər çıxıldıqdan sonra yerdə qalan 12100 manat pulu isə o, Xəyaldan borc almışdır. Pulu alanda isə Xəyala bildirmişdir ki, pulun ziyanını (faiz pul, bank xidməti haqqı, bu faiz məsələsini həll edən şəxslərə hörmət pulu və sair xərclər) o, ödəyəcəkdir. Bu günə kimi pulun ödənilməməsinin səbəbi isə Gözəl adlı qadının onlardan ünvan 1 ünvanında yerləşən mənzilin girovdan çıxarılması üçün 38000 manat pul istəməsidir.» Nəticədə o, həm evsiz, həm də pulsuz qalmışdır. Cavabdehin ucbatından itirdiyi əmlakın bazar qiyməti 80000 manat təşkil etmişdir. Bu faktı Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə təsdiq edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(011)- 1640/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Cavabdehin müddətin keçməsi barədə ərizəsi olmadığı halda, məhkəmə bu məsələyə münasibət bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlmədiyindən, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. İddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillərdən və işin məhkəmədə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı cavabdehin onu aldatması nəticəsində dəyəri satış qiymətindən baha olan evinin 30000 manata satması nəticəsində dəymiş zərər olaraq pul tələb edir və dəlilinin əsası kimi də cavabdehin Nəsimi RPİ-nin İstintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad edir. İddia ərizəsinə əsasən cavabdeh həmin qərardakı izahatında 2016-cı ilin yanvar ayında iddiaçı ilə tanış olduğunu, bankdan kredit götürülməsi üçün evin sənədləri əvvəl düzgün olmadığını, sonradan düzəlsə də «Novruz bayramı» ərəfəsinə düşdüyü üçün banklardan pulun götürülməsinin mümkün olmadığını, bu səbəbdən də Gözəl adlı qadından evi girov qoyaraq faizə pul götürülməsi üçün 31.03.2016-cı il tarixdə Nəsimi bazarının yaxınlığında yerləşən notariusda alqı-satqı müqaviləsi bağlandığını və evin girov qoyularaq faizə götürülmüş 30.000 manat puldan 8.700 manatının Xəyala verildiyini, qalan pulun bir hissəsinin faiz pulu, bank xidmət haqqı, bu faiz məsələsini həll edən şəxslərə hörmət pulu və sair xərclər çıxıldıqdan sonra, yerdə qalan 12.100 manat pulu iddiaçıdan borc aldığını bildirmişdir. İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında evin satışından ədə olunmuş puldan 8.700 manat pulu aldığını etiraf etmişdir. Göründüyü kimi, cavabdeh Nəsimi RPİ-nin İstintaq şöbəsində verdiyi izahatında 12.100 manat pulu almasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan 12.100 manat pulu hər hansı müqavilə əsasında almamış, həmçinin həmin pul məbləğinin alınması üçün heç bir qanuni əsas olmamışdır. Lakin iddiaçı həmin pul vəsaitini də cavabdehdən tələb etməkdə haqlı deyil, belə ki, iddiaçı 2016-cı il tarixdə mənzilinin satışından əldə olunmuş pul vəsaitini tələb edir, halbuki iddiaçı hüququnun pozulduğunu elə həmin vaxtlarda da bilmiş, X4 ona qarşı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 1, 34 saylı mənzilə dair istifadə hüquqlarının itirilməsi tələbinə Suraxanı Rayon Məhkəməsində baxılarkən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasında mənzilin satışından (girov qoyulmasından) əldə edilmiş 30.000 manat pulun ona verilməməsini bildirmişdir. İddiaçı qanunla müəyyən edilmiş müddət çərçivəsində cavabdehdən 12.100 pulun qaytarılması barədə iddia irəli sürmədiyindən iddia həmin hissədə təmin oluna bilməz. Kollegiya hesab edir ki, məhkəmə müddətin keçməsi barədə yalnış nəticəyə gəlmişdir. Apelyasiya baxışı zamanı iddiaçı tərəfindən qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası (qarşılıqlı iddiası) üzrə qəbul edilmiş qətnamələr təqdim edilmişdir. Həmin iş üzrə yekun məhkəmə qərarı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-972/2019 saylı 25.02.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10342/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 8713/2016 saylı iş üzrə 27 oktyabr 2016-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək İddiaçı ilə X10 arasında 31.03.2016-cı il tarixdə AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X4 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 1, mənzil 34-ə dair 22.06.2016-cı il tarixli, RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia tələbi rədd edilmiş, İddiaçı ilə X10 arasında 31.03.2016-cı il tarixdə AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X4 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 1, mənzil 34-ə dair 22.06.2016-cı il tarixli, RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi, İddiaçı 30000 manat pulun alınaraq X5 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 iyul 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasnın 14 fevral 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə X4 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı X4 cavabdehlər İddiaçı, X2, X8, X13 və X9 qarşı “yaşayış sahəsinə isifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddiası təmin edilmiş, İddiaçı, X1, X3, X6 və X7 ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması qət edilmiş, İddiaçı X5 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Göründüyü kimi, həmin iş üzrə yekun məhkəmə qərarı 25.02.2019-cu il tarixdə qəbul edilmişdir və həmin tarixə qədər İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə gözləntisi olmuşdur. Hazırki iddia ərizəsi ilə iddiaçı 21.10.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir, yəni, müəyyən edilmiş iki illik müddət ötürülməmişdir. Belə olan halda cavabdeh 12.100 manat pulu hüquqi əsas olmadan əldə etməklə əsassız varlandığı üçün əsassız varlanma nəticəsində əldə etdiklərini qaytarmalıdır. Göründüyü kimi, tələb edilən 30.000 manat pulun 8.700 manatının ona verildiyini iddiaçı etiraf etmiş, 12.100 manatını cavabdehin hüquqi əsas olmadan əldə etməklə əsassız varlandığı müəyyən edilmiş, lakin qalan 9200 manat pulun isə cavabdehə verilməsi, yaxud həmin pulun cavabdeh tərəfindən alınması sübut edilməmişdir. İddia tələbi 50.000 manat maddi ziyan hissəsində də əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1640/2020 saylı iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 12.100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar