Məhkəmə qərarları › İş №2(103)-6735/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6735/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6735/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(006)-40/2018 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan cavabdeh X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxx” KB ASC-nin cavabdehlər X3, X4, X2 və Datikaşvili (İfrahimova) Anna Cumberovnaya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasının qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh Cumberi Datikaşvilinin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən icraata götürülmüşdür. İşin apellyasiya baxışı zamanı iş üzrə digər cavabdeh olan Evelina Datikaşvili də, qətnamədən apellyasiya şikayəti vermişdir. Bunu nəzərə alan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla mülki işi apellyasiya baxışından çıxarmış və Evelina Datikaşvilinin apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 362-364-cü maddələrinin tələblərinə uyğun verilməsinin müzakirə edilməsi üçün işi Rayon Məhkəməsinə göndərmişdir. Evelina Datikaşvilinin apellyasiya şikayətinin icraata qəbul edilməsi məsələsini araşdıran Rayon Məhkəməsi cavabdeh Evelina Datikaşvilinin ünvanına göndərilmiş qətnamənin sonuncu tərəfindən xx.xx.2018-ci il tarixdə almasını nəzərə alaraq, hesab etmişdir ki, apellyasiya şikayəti prosessual müddətinin buraxılması ilə verildiyindən icraata qəbul edilə bilməz və iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla apellyasiya şikayətini icraata qəbul etməyərək qaytarmışdır (cild İİ; iş v. 87-88). Cavabdeh Evelina Datikaşvili həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadı qanunsuz və əsassız hesab etdiyini bildirmiş, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir (cild İİ; iş v. 91- 92). Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə ona təqdim edilməmişdir. O həmin qətnamədən xx.xx.2019-cu il tarixdə xəbər tutmuş və dərhal, yəni xx.xx.2019-cu il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir (cild İİ; iş v. 100-102). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, Rayon Məhkəməsinin apellyasiya şikayətini qaytarmaq barədə gəldiyi nəticə düzgün deyil. Belə ki, apellyasiya şikayətini, prosessual müddətinin buraxılması əsası ilə qaytaran Rayon Məhkəməsi o hala əsaslanmışdır ki, iş üzrə xx.xx.2018-ci il tarixdə qəbul olunmuş və cavabdeh Evelina Datikaşvilinin rəsmi yaşayış yeri üzrə ünvanına göndərilmiş qətnamə xx.xx.2018-ci il tarixdə onun tərəfindən alınmışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 134.1-ci maddəsinin mənasına görə, məhkəmə, məhkəmə sənədlərini, o cümlədən məhkəmə aktlarını (qərarlarını) işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. MPM-nin 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-nin 135.3-ci maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə qeyd edir ki, iş üzrə xx.xx.2018-ci il tarixdə qəbul olunmuş və cavabdeh Evelina Datikaşvilinin rəsmi yaşayış yeri üzrə ünvanına göndərilmiş qətnamənin xx.xx.2018-cı il tarixdə “İsaxalıyev” soyadlı şəxsə verilməsi (cild İ; iş v. 233) qətnamənin cavabdeh Evelina Datikaşviliyə çatdırılması kimi qəbul edilə bilməz. Çünki, “İsaxalıyev” sayadlı şəxsin adı, ata adı, onun cavabdeh Evelina Datikaşviliyə münasibətdə kim olması bəlli deyil. Göstərilənlərə əsasən hesab edilməlidir ki, iş üzrə qəbul edilmiş qətnamənin cavabdeh Evelina Datikaşviliyə çatdırılmasını təsdiq edə biləcək sənəd işdə yoxdur. Belə olan halda cavabdeh Evelina Datikaşvili həmin qətnamənin ona çatdırılmamasını sübut etməyə borclu deyil – bu vəzifə qətnaməni post vasitəsi ilə göndərmiş Rayon Məhkəməsinin üzərinə düşür. Lakin Rayon Məhkəməsi bu məsələni araşdırmamışdır. Beləliklə, Məhkəmə MPM-nin 398-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və Evelina Datikaşvili tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilsin. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh X1 şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. Hazırki mülki iş üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2018-ci tarixli qətnamədən cavabdeh X1 verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 362-364-cü maddələrinə uyğun olaraq yenidən yoxlanılması üçün iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar