Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6736/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair 2(006)-2431/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2016-cı il tarixli 63-xx-xx-2016-AGAC saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh1 240 ay müddətinə illik 8 % ödəmək şərti ilə 81000 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür.
3. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixə 73995 manat 38 qəpik əsas borc, 9392 manat 75 qəpik faiz borcu olmaqla, cəmi 83388 manat 13 qəpik məbləğində borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 63-xx-xx-2016- AG-AC nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə olan 73995 manat 38 qəpik əsas borc, 9392 manat 75 qəpik faiz olmaqla, cəmi 83388 manat 13 qəpik pul vəsaiti, ödənilmiş 342 manat 63 qəpik dövlət rüsumu və 51 qəpik xidmət (bank xidməti) haqqının cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmiş, buna görə də bank borcun hər iki cavabdehdən müştərək qaydada tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 2(006)-2431/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 73995 manat 38 qəpik əsas borc, 9392 manat 75 qəpik faiz olmaqla, cəmi 83388 manat 13 qəpik pul vəsaiti, ödənilmiş 342 manat 63 qəpik dövlət rüsumu və 51 qəpik xidmət (bank xidməti) haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. (hakim Səməd Cəfərov)
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 qeyd olunan müqavilə üzrə "xxxx" ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 385.1ci, 386.1-ci, 442-ci, 445-ci, 448.1-ci, 470.1-ci, 472.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onunla bank arasında yaranmış kredit münasibətlərini düzgün qiymətləndirməmişdir. Belə ki, işdə olan ödəniş qəbzlərindən görünür ki, ödəniş etməməsinin səbəbi pandemiyadır. Bu baxımdan məhkəmə tərəfindən bu mütləq nəzərə alınmalı və ədalətli qərar qəbul edilməli idi. Bundan əlavə məhkəmə zamanı o, fikrini bildirsə də, məhkəmə faiz məbləği ilə bağlı şifahi vəsatətini təmin etməmişdir. Bu baxımdan qətnamədə müəyyən edilmiş faiz məbləği həqiqəti əks etdirmir və məbləğ çox hesablanmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. İddiaçı, eləcə də digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.
14. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin, eləcə də digər Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı apellyasiya şikayətində Cavabdeh1 qətnamənin tam ləğv olunub iddianın rədd olunması xahiş olunmuş, digər Cavabdeh2 tərəfindən isə qətnamə mübahisələndirilməmişdir. Buna görə də qətnamə Cavabdeh1 münasibətdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, işin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, borcalanın maddi vəziyyətinin pisləşməsi iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir. Həmçinin cavabdeh apellyasiya şikayətində borc məbləğinin (faiz borcunun) düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla və formal xarakter daşımaqla birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2431/2022 saylı mülki iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.