Məhkəmə qərarları › İş №2(103)-6743/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6743/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6743/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “kredit borcunun qaytarılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2(009)-1895/2025 saylı qətnaməsindən iddiaçı ASC «Xalq» Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ASC «Xalq» Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/025N11A02152823 saylı kredit müqaviləsindən görünür ki, bank kredit alana 36 ay müddətinə, illik 12 faiz olmaqla 25000 manat məbləğində kredit vermişdir.

2. ASC «Xalq» Bankının tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, DKM/025N11A02152823 №-li kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 11.512,91 əsas, 556.19 manat faiz, 101.06 manat cərimə, cəmi 12.170,16 manat borcu yaranmışdır.

3. ASC «Xalq» Bankı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixinə 11 909.27 manat məbləğində ümumi borcu yaranmışdır ki, bunun 9.345.69 manatın kredit üzrə əsas borc məbləği, 2167.22 manatın kredit üzrə vaxtı keçmiş əsas borc məbləği, 372.06 manatın isə hesablanmış faizlər üzrə borc məbləği təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC «Xalq» Bankı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, DKM/025N11A02152823 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısında 11 512,91 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə 12% dərəcəsi ilə hesablanmış 556,19 (beş yüz əlli altı manat 19 qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğində illik 15% dərəcəsi ilə hesablanmış 101,06 manat məbləğində penya, cəmi 12 170,16 manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğində illik 12% (on iki faiz) drəcəsi ilə hesablanan adi faizlər və illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya və dövlət rüsumu olaraq ödənilmiş 126,60 manat məbləğində vəsaitin Cavabdeh iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC «Xalq» Bankı ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/025N11A02152823 №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 (otuz altı) ay müddətinə, illik 12% (on iki faiz) ödənilməsi şərtilə 25 000 manat məbləğində kredit verlmişdir. Kredit müqaviləsinin 2.4-cü mıddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini banka qaytarmış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişditr. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixinə Cavabdeh kreditor qarşısında gecikdirilmiş borcu 12 069,10 (on iki min altmış doqquz manat 10 qəpik) manat təşkil edir ki, bunun da 11 512,91 (on bir min beş yüz on iki manat 91 qəpik) manat vaxtı keçmiş əsas borcdan, 556.19 (beş yüz əlli altı manat 19 qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 101,06 (bir yüz bir manat 06 qəpik) manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdeh M.V. Muradov (Borc alan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2025-ci il tarixli YUB-XO-21.4.2025-003 nömrəli xəbərdarlıq göndərilməsinə baxmayaraq, həmin şəxs tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1895/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 11512,91 manat əsas borc, 372,06 manat faiz borcu olmaqla, cəmi 11884,97 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 125.66 manat hissəsinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Rəna Qafarova)

7. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, iddiaçının cavabdehə qeyd edilən bildirişi göndərməsilə müqavilə ləğv edildiyindən Cavabdeh bildirişdə göstərilən 11512,91 əsas, 372.06 faiz olmaqla, cəmi 11884,97 manat məbləğində borc tutulmalıdır. Məhkəmə, iddianın “xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 101,06 (bir yüz bir manat 06 qəpik) manat məbləğində penya, xx.xx.2025-ci il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya” hissəsi üzrə qeyd edir ki, iddiaçı müqavilənin ləğvindən sonrakı dövr üçün, yəni gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.” Buna görə də məhkəmə bu hissədə iddianı əsassız hesab etmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci, 739.1-ci, maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 sentyabr 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan kredit müqaviləsixx.xx.2023-cü il tarixində 36 (otuz altı) ay müddətinə bağlanmış, yəni müqavilə xx.xx.2026-cü il tarixinə qədər qüvvədədir və həmin kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən Bank əsaslar yarandıqda kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini borcalandan tələb edə bilər. Həmin kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən cavabdeh kredit üzrə əsas borc məbləğini və hesablanmış faizləri hər ay Banka ödəmək öhdəliyi götürmüş, müəyyən müddət bu öhdəliyi yerinə yetirsə də, sonrakı vaxtlarda həmin öhdəliyi pozmağa başlamışdır. Bu səbəbdən Bank xx.xx.2025-ci il tarixində cavabdehə “Xəbərdarlıq” məktubu (iş materiallarında mövcuddur) ünvanlayaraq həmin tarixə (məktubun tarixinə) 11909.27 manat məbləğində gecikdirilmiş borcun yarandığını, bunun 11512.91 manatının kredit üzrə əsas borc məbləği, 372.06 manatının hesablanmış faizlər üzrə borc məbləği, 24.30 manatının isə cərimə faizləri üzrə borc məbləğinin təşkil etdiyi barədə məlumat verilmişdir. Eyni zamanda gecikdirilən borc məbləğinin xx.xx.2023-cü il tarixinədək ödənilməsi tələb edilməklə yanaşı, öhdəliklərin vaxtında icra edilməyəcəyi təqdirdə Kreditmüqaviləsinin 5.4-cü yarımbəndinə əsasən kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb etmək hüququnun yaranması barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, sözügedən məktubun məzmunu kredit müqaviləsi üzrə həmin günə formalaşmış gecikdirilmiş borcun qaytarılması ilə bağlıdır. Borcun tam qaytarılmasının tələb edilməsinə dair hər hansı cümlə (buna dair iradə ifadəsi) sözügedən məktubun məzmununda mövcud deyildir. Bank kredit müqaviləsinin 3.1.3-cü bəndini rəhbər tutaraq yalnız xx.xx.2025-ci il tarixində vaxtından əvvəl öhdəliklərin icrasına dair borc məbləğinin borc alandan və zamindən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna rəğmən iddia ərizəsinin verilməsi belə iddiaçının müqaviləyə xitam verilməsinə dair iradəsini ifadə etmir. Lakin, məhkəmə həminməktubu iddiaçının kredit müqaviləsi üzrə bütün borcun vaxtından əvvəl geri tələb etməsi ilə bağlı qarşı tərəfə “bildiriş” göndərdiyini və bununla da həmin tarixdən sonra müqavilənin ləğv edildiyinə dair səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iş materiallarında olan xx.xx.2023-cü il tarixli məktuba düzgün hüquqi qiymət verməmiş və bununla da mühüm əhəmiyyət daşıyan məsələ (qarşı tərəfə kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna qədər olan borc məbləğinin tələb edilməsi) üzrə səhv nəticə gələrək əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi xahiş olunduğundan, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

21. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

22. İş materiallarında olan maliyyə arayışına, hesabdan çıxarış məlumatlarına və ödəniş cədvəlinə əsasən müqavilə üzrə Cavabdeh banka olan borcu xx.xx.2025-ci il tarixə 11512.91 manat əsas, 556.19 manat faiz borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 101.06 manat faiz borcu, cəmi 12170.16 manat borc təşkil edir.

23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 sentyabr 2023-cü il tarixli Qərarında qəbul edilən hüquqi mövqeyə əsaslanaraq birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan borcun məbləğinə dair düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin qərara əsasən ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Göründüyü kimi iddiaçı bank tərəfindən bildiriş göndərilməklə müqavilədən imtina edərək xitam vermiş və bu səbəbdən bildirişdə göstərilən borc məbləği cavabdehdən tutulmalıdır.

24. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini qismən təmin etmişdir. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1895/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar