Məhkəmə qərarları › İş №2(103)-6744/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6744/2020

16.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6744/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 1280/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin tutulma formasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(008)-3383/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin tutulma formasının dəyişdirilməsi və Cavabdeh ilə birgə nikahlarından doğulmuş azyaşlı övladı xx xxxxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş N 2(008)-1280/20) iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(008)-3383/2017 saylı qətnaməsi ilə tutulan alimentin tutulma forması dəyişdirilərək xx xxxxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(008)-3383/2017 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından doğulmuş azyaşlı övladı - xx xxxxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 136 manat məbləğində aliment alınaraq X3 verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında nikahları pozulduğu üçün o, Alxazova soyadından imtina edərək Həsənova soyadına qayıtmışdır. Cavabdeh alimenti ödəməkdən boyun qaçırmasa da hazırda uşağın saxlanmasında 136 manat vəsait yetərli deyildir. Cavabdeh hazırda “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də işləyir və aylıq qazancı 1500 manatdan çox təşkil edir. Bu baxımdan aliment tələbinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-3383/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X4 arasında bağlanmış nikah pozulmuş, xx xxxxxxxx 2015-ci il təvəllüdlü X5 anası X2 himayəsində saxlanılmış, onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 136 manat məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. Elektron sorğu əsasında alınan məlumatdan görünür ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də elektormexanik işləyir və əmək haqqı 1420 manatdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında onun hansı orqanda işləməsinə dair heç bir rəsmi arayış yoxdur. Onun hansı məbləğdə əmək haqqı almasına dair məhkəmədə heç bir sübut yoxdur. Ona görə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1, 76.1.1-ci maddələrini rəhbər tutaraq və cavabdehin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də avtomatlaşdırma və elektronika üzrə elektromexanik vəzifəsində işləməklə 1420 manat əmək haqqı aldığını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-3383/2017 saylı qətnaməsi ilə təyin olunan alimentin tutulma forması dəyişdirilməli, Cavabdeh xx xxxxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində alimentin İddiaçı xeyrinə tutulması barədə iddia təmin olunmalı və alimentin yeni qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Apelyatorun mövqeyinə görə iş materiallarında onun hansı orqanda işləməsinə dair heç bir rəsmi arayış (sübut) olmadığı halda birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, işin 22-ci vərəqində olan eletron sorğudan göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən cavabdehin iş yeri barədə elektron sorğu göndərmiş və cavabdehin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də avtomatlaşdırma və elektronika üzrə elektromexanik vəzifəsində işləməklə 1420 manat əmək haqqı aldığını müəyyən etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyası özü də eyni qaydada elektron sorğu etməklə həmin faktı təsdiq edən məlumat əldə etmişdir. Göründüyü kimi, cavabdehin müvafiq MMC-də əmək müqaviləsi əsasında işləyərək 1420 mant məbləğində əmək haqqı alması tam şəkildə sübuta yetirilmişdir, bu səbəbdən də birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya da qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci bəndinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar