Məhkəmə qərarları › İş №2(103)-6745/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6745/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6745/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Səfərovanın katibliyi ilə, Cavabdeh İddiaçı2, onun vəkili X1 iştirakı ilə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)-5504/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 ASC cavabdehlər Cavabdeh və İddiaçı2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və İddiaçı2 İddiaçı1 ASC-nin xeyrinə 9330,67 manat əsas, 1155,72 manat faiz borcunun, cəmi 10486,39 manat kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 23% ilə 48 ay müddətinə 10 000 (on min) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə İddiaçı2 arasında xx.xx.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərilsə də, cavabdehlər öz öhdəliyini bu günə kimi yerinə yetirməmişdir. xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə Cavabdeh 9330.67 manat əsas, 1155.72 manat faiz borcu, cəmi 10486.39 manat kredit borcu yaranmışdır. Buna görə məhkəmədən cavabdehlər Cavabdeh və İddiaçı2 İddiaçı1 ASC-nin xeyrinə müştərək qaydada 9330.67 manat əsas, 1155.72 manat faiz borcunun, cəmi 10486.39 manat kredit borcununvə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)-5504/2019 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, əsas borc üzrə 9330,67 manat, faiz borcu üzrə 1284,80 manat, cəmi 10615,47 (on min altı yüz on beş manat qırx yeddi qəpik) manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, xidmət haqqı olaraq 0,40 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh və İddiaçı2 tutularaq İddiaçı1 ASC-yə ödənilməsi qət olunmuşdur. Cavabdeh İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, qətnamə əsassızdır, iddiaçı bankın mənafeyini üstün tutularaq çıxarılmışdır və aşağıda göstərilənlərə əsasən, ləğv ediməlidir. Məhkəmə qətnaməsində göstərilir ki, guya o, bankın onlardan tələb etdiyi kredit borcu məbləğini qismən qəbul etdiyini göstərmişdir. Bu, belə deyil, belə ki, o, məhkəmədə belə bir izahat verməmiş, əksinə, banka olan borc ondan deyil, bankla kredit (borc) müqaviləsi bağlanmış Cavabdeh tələb edilməlidir. Məhkəmədə o, iddianı qəbul etməmişəm, qətnamədə onun iddianı qismən qəbul etdiyinin göstərilməsi ən azından təəccüb doğurur. Qeyd etmək istəyir ki, məhkəmə qətnaməsində bank tərəfindən tələb edilən borcun hansı müştərək qaydada ondan və Cavabdeh tutulması əsaslandırılmamışdır. Cavabdeh qeydiyyatda olmaqla yaşadığı ünvan bəllidir, belə olan surətdə banka olan kredit borcu tamamilə Cavabdeh tutulmalıdır. Məhkəmə işə tez-tələsik baxmış, iş üzrə heç bir araşdırma aparmamışdır. Belə ki, Cavabdeh mülkiyyətində yaşayış evi, torpaq sahəsi, sex vardır, lakin məhkəmə işin obyektiv araşdırılması məqsədi ilə müvafiq orqanlara sorğular göndərməmiş, kredit borcunun onun əmlakına yönəldilməsini qərara almamışdır. Bundan əlavə, Cavabdeh pensiyaçıdır, borcun onun pensiya kartına yönəldilməsini də məhkəmə qərəzli olaraq rədd etmişdir. O, pensiyaçıdır, aldığı pensiya böyük bir ailənin saxlanmasına kifayət etmir. Cavabdeh tərəfindən alınmış kreditin onun tərəfindən ödənilməsini qət edən məhkəmə onun və ailə üzvlərinin hüquqlarını pozmuşdur. Nəzərə alınsa ki, bankdan götürülmüş kredit məbləğini Cavabdeh tamamilə götürmüşdür və həmin məbləğdən o, bir manat da olsa, götürməmişdir. Məhkəmə işin obyektiv həll edilməsi məqsədi ilə daha bir hala öz hüquqi qiymətini vermişdir. Belə ki, hələ məhkəmə qətnaməsi qəbul edilməmişdən əvvəl, iddiaçı bank Cavabdeh tərəfindən götürülmüş kredit borcunu mənim pensiyasına yönəltmişdir və bir neçə aydır ki, həmin məbləğ onun pensiyasından çıxılaraq banka ödənilir. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı2 vəkili X2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə İddiaçı1 ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin zaminə aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası cavabdehi və onun vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)- 5504/2019 saylı qətnaməsi zamin İddiaçı2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı1 ASC arasında bağlanmış müqaviləyə əsasən bank borcluya illik 23% ilə 48 ay müddətinə 10 000 (on min) manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə borclu ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri, kreditə hesablanmış faizləri kreditora vaxtında ödəmək barədə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı2 bank qarşısında zamin durmuşdur. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı1 ASC-nin Xətai filialından 10 000 manat pulu qəbul etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 1395 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 9330.67 manat əsas, 1155.72 manat faiz borcu, cəmi 10486.39 manat kredit borcu vardır. İşdə olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 9330.67 manat əsas, 1284.80 manat faiz borcu, cəmi 10615.47 manat kredit borcu vardır. İşdə olan xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, İddiaçı1 ASC tərəfindən Cavabdeh və İddiaçı2 kredit borcunun ödənilməsi barədə bank tərəfindən xəbərdar edilmişdirlər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği Cavabdeh vermiş, digər cavabdeh İddiaçı2 iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin icrasına görə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürdüyündən, onun subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, o iddiaçı qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun borcun ondan deyil, ancaq digər cavabdehdən tutulması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyatorla iddiaçı arasında zaminlik müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə şərtlərinə uyğun tələb irəli sürmüşdür. Bundan əlavə apellyator işdə olan maliyyə sənədlərini şübhə altına ala biləcək sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası əsaslı olduğu üçün, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bundan əlavə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanının 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxildir. İş materiallarından i/v 49-dan görünür ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2018-ci ildə yerinə yetirildiyi üçün, 360 gün gecikmə halı baş verməmiş, yuxarıda qeyd olunan Fərmanın təsiri dairəsinə düşməsi üçün əsas müəyyən olunmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)-5504/2019 saylı qətnaməsi İddiaçı2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar