Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6747/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6747/2025 (Açar sözlər:zaminlik və ipoteka müqaviləsinin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «zaminlik və ipoteka müqavilələrinin etibarsızlığı» barədə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 2141/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 28 yanvar 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ASC ilə borcalan X4 arasında xx.xx.2022-ci il tarixində “Əsas Kredit Limiti Razılaşması” bağlanmış və həmin razılaşmaya əsasən bank tərəfindən borcalana 120 ay miiddetine illik faiz dərəcəsi 30 faizdən artıq olmamaqla, 100.000 manat məbləğində kredit limiti açılmışdır.
2. Eyni tarixde, İddiaçı ilə Cavabdeh ASC arasında 31FİZAM124011001 nömrəli “Zaminlik müqaviləsi” bağlanılmış, zamin xx.xx.2022-ci il tarixli əsas kredit limit razılaşması əsasında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
3. Həmçnin həmin tarixdə İddiaçı ilə Cavabdeh ASC arasında 31QYASH124011001 nömrəli “İpoteka müqaviləsi” bağlanmış və ipoteka qoyan xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29 kv.m olan qeyri-yaşayış sahəsini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.
4. xx.xx.2022-ci il tarixli əsas kredit limitinin açılmasına dair razılaşmanın tərkib hissəsi olan Cavabdeh ASC ilə borcalan X4 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış razılaşmaya uyğun olaraq, borcalana 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 50.000 manat məbləğində kredit verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı - Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsızlığı barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış zaminlik müqaviləsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və yüklülükdən azad edilmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixində 31FİZAM124011001 nömrəli zaminlk müqaviləsinə əsasən Mingəçevir filialından X5 Ramiz oğluna 100000 manat məbləğində, illik 30 %, 120 ay müddətinə açılmış kredit limitinə zamin olmuşdur. Zaminliklə yanaşı müvəkkilimə məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 29 kv.m. olan qeyri yaşayış sahəsinə xx.xx.2022-ci il tarixli, 31QYASH124011001saylı ipoteka müqaviləsi bağlanmışdır. X5 Ramiz oğlu kredit müqaviləsindən irəli qələn tələbləri yerinə yetirməmiş və borc yaranmışdır. Bank Respublika ASC Mingəçevir ASAN Xidmət Mərkəzin Notariat Ofisində ipoteka predmetinə tutmanın yönəldilməsi haqda icra qeydialmaqla ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 29 kv.m. olan qeyri yaşayış sahəsini hərraca çıxarmışdır. Kredit müqaviləsinin tərkib hissəsi olan zaminlk müqaviləsinin, kreditin təminatı kimi ipoteka müqaviləsinin qanunverciliyin tələblərinə zidd olaraq tərtib edildiyi, borc yarandıqdan sonra ipoteka predmetinin hərraca çıxarılma prosedur tələblərinə əməl edilməməsi, kredit müqaviləsi üzrə ikinci tranş üzrə X5 Ramiz oğluna 50000 manat məbləğində kreditin verilməsi zaminlə razılaşdırılmamısı nəticəsində cavabdeh iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozmuş və məhdudlaşdırmışdır. Bu səbəbdən müvəkkilimlə bank arasında mübahisə yaranmış zaminlik və kredit müqavilələrin etibarsız hesab edilməsi, hərracın dayandırılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə əsas kredit limiti razılaşmasından irəli gələn öhdəliklərin təmini kimi çıxış edir və 1.2-ci bəndində qeyd edilir ki, əsas öhdəlik Kompleks Bank Xidmətləri müqaviləsinin şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbuledilməsilə borclu X3 31231122-********** saylı 23.11.22-ci il tarixliəsas kredit limiti razılaşmasına əsasən 100000 ( bir yüz min) manat məbləğində , illik dərəcəsi 30 % artıq olmamaq şərti ilə 120 ay müddətinə açılmış kredit limitidir. Müvəkkilim zamin olaraq Kompleks Bank Xidmətləri müqaviləsinin şərtlərinin Qoşulma razılaşmasında nə iştirak etmiş nə də onun şərtəri ilə tanış olmuşdur. Zaminlik müqaviləsnin müqavilə predmeti bölməsində kredit limiti, yəni borcluya verilə biləcək kredit borcu 100.000 manat məbləğində müəyyən edlir, lakin illik faiz dərəcəsi qeyri müəyyən miqdarda 30% - dən artıq olmamaq şərtilə müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-cimaddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Göründüyü kimi, cavabdeh Plenum Qərarının bu tələblərinə əməl etməmişdir. Zaminlik müqaviləsinin 1.2-ci bəndində göstərilən 100.000 manat borcluya verilə biləcək kredit borcundan alına biləcək borc fərqli ola bildiyindən zaminlik müqaviləsində kredit məbləği dəqiq rəqəmlə ifadə edilməlidir. Kreditin illik faiz dərəcəsi də müqavilədə qeyri müəyyəndir. Konstitusiya Məhkəməsi Plenumun qeyd etdiyi kimi, öhdəliyin konkret məbləğinin və faizlərin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Qeyd edilən şərtlərə əməl edilməməsi zaminlik və ipoteka müqaviləsinin etibarsız olmasına hüquqi əsas verir
7. Cavabdehin etirazında qeyd edilmişdir ki, Cavabdeh ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 31231***-*******01L saylı Əsas kredit limiti razılaşmasına əsasən, Rəhimli Şəhriyar Ramis oğluna 120 ay müddətinə 100.000 (yüz min) manat məbləğində xx.xx.2032-ci il tarixədək kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin təmin olunması üçün bankla İddiaçı arasında xx.xx.2022-ci il tarixli “Zaminlik müqaviləsi” bağlanmış və o, Əsas kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün borclu Rəhimli Şəhriyar Ramis oğlu ilə kreditor qarşısında birgə məsuliyyəti öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, tələb edilə biləcək borc: 100.000 manat kredit limiti çərçivəsində veriləcək kreditlər, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi əsas kredit limiti razılaşmasının qüvvəyə mindiyi andan qüvvəyə minir və onun qüvvədə olduğu müddət ərzində, o cümlədən əsas kredit limiti razılaşmasının müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və əsas kredit limiti razılaşmasından irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bağlanılmış xx.xx.2022-ci il tarixli 31QYASH124011001 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29 kv.m olan qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan X7 Ramis oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmaya əsasən, ona illik 18 faiz dərəcəsi ilə xx.xx.2023-cü il tarixədək 0 (sıfır) ay güzəşt olmaqla, 50.000 manat məbləğində borc pul vəsaiti “Dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə” verilmişdir. Kredit alan Rəhimli Şəhriyar Ramis oğlu kredit öhdəliklərini pozduğuna görə, öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə həm tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, həm də qanunvericilik baxımından ipoteka saxlayan - Cavabdeh ASC-nin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. xx.xx.2025-ci il tarixdə borclu İddiaçı ünvan 3 ünvanına və borclu Rəhimli Şəhriyar Ramis oğlunun ünvan 4arına Qanunun tələbinə uyğun olaraq ipoteka predmetinə tutma və icra qeydinin aparılacağı barədə bildirişlər göndərilmiş və 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş hesab edilmişdir. Öhdəliyi müəyyən edən kredit müqaviləsinin, ipoteka müqaviləsinin şərtləri və Qanunvericiliyin tələbi nəzərə alınaraq, borclulara kredit müqaviləsi üzrə yaranmış 42609.29 AZN borcun ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə notariusun icra qeydinin alınacağı barədə bildiriş göndərilmişdir və Qanunda göstərilmiş imperativ müddətlər gözlənilməklə xx.xx.2025-ci il tarixli 8İ-2954 nömrəli icra qeydi aparılmışdır. Göründüyü kimi, Bankla X5 Ramis oğlu ilə maksimum kredit məbləğini (100.000 manat) müəyyən edən xx.xx.2022-ci il tarixli Əsas kredit limiti razılaşması bağlanılmış, həmin razılaşma və ondan irəli gələn razılaşmalar əsasında borcalana 30 faizdən artıq olmamaqla, 100.000 manat limit çərçivəsində kredit verilməsi barədə müddəalar razılaşmada əksini tapmışdır. Eyni tarixdə, zamin İddiaçı ilə zaminlik müqaviləsi bağlanılmış, zamin xx.xx.2022-ci il tarixli razılaşma əsasında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş və xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29 kv.m olan qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixdə isə xx.xx.2022-ci il tarixli razılaşmaya uyğun olaraq, borcalana 50.000 manat məbləğində (100.000 manat Limit çərçivəsində), illik 18 faiz dərəcəsi ilə (30 faizdən artıq olmamaqla) kredit verilmişdir 8 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2141/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 339.3 və 477-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1 və 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, “öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-cimaddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun bu göstərişlərinə diqqət yetirməmiş, həmin tələbləri nəzərə almamış və yalnız cavabdehin mövqeyinə əsaslanaraq öz mövqeyini müəyyən etməqlə qanunsuz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı cavabdehin yazılı etirazı daxil olmuşdur. c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
16. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər
17. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər.
18. Maddə 477.0. Zzaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
İpoteka Haqqında Azərbaycan Respublikası Qanunu
19. Maddə 10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
20. Maddə 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
21. Maddə 10.5 İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək qiymətləndiricilər, qiymətləndirmə haqqında müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda, habelə qiymətləndirici təşkilat haqqında məlumatlar, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir.
22. Maddə 10.6 İpoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
23. Maddə 10.7 İpoteka müqaviləsində ipoteka predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka qoyana mənsub olduğu və bu hüququ qeydə alan dövlət orqanı göstərilməlidir.
24. Maddə 10.8 İpoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
34. Belə ki, Cavabdeh ASC (kreditverən) ilə Rəhimli Şəhriyar Ramis oğlu (borcalan) arasında bağlanmış 23 noyabr 2022-ci il tarixli Əsas Kredit Razılaşmasının 1.1-ci bəndinən görünür ki, kreditverən borcalana 100.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır.
35. Həmin Razılaşmanın 1.5-ci bəndindən görünür ki, Rəhimli Şəhriyar Ramis oğluna veriləcək kreditlər illik faiz dərəcəsi 30 %-dən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2032-ci il tarixdən artıq olmayacaqdır.
36. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli «Zaminlik Müqaviləsi»nin surətindən görünür ki, İddiaçı (zamin) bank qarşısında öz üzərinə məsuliyyət götürərək xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Rəhimli Şəhriyar Ramis oğlu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
37. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən zaminlik icrasını təmin etdiyi əsas kredit limiti razılaşmasının qüvvəyə indiyi andan qüvvəyə minir və onun qüvvədə olduğu müddət ərzində, o cümlədən əsas kredit limiti razılaşmasının müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və əsas kredit limiti razılaşmasından irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir.
38. Cavabdeh ASC, İddiaçı və Rəhimli Şəhriyar Ramis oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı qismində ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 29 kv.m olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir.
39. Cavabdeh ASC ilə Rəhimli Şəhriyar Ramis oğlu arasında bağlanmış 23 noyabr 2022-ci il tarixli Əsas Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli kredit razılaşmasının surətindən görünür ki, bank borcalana xx.xx.2022-ci il tarixli razılaşma çərçivəsində illik 18 faiz dərəcəsi ilə xx.xx.2026-cı il tarixədək 50.000 manat məbləğində borc verir.
40. İşin araşdırılmış faktiki hallarına görə Cavabdeh ASC ilə Rəhimli Şəhriyar Ramis oğlu arasında bağlanmış 23 noyabr 2022-ci il tarixli Əsas Kredit Razılaşmasına əsasən bank borcluya 100.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır. Həmin tarixdə Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə əsasən İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Rəhimli Şəhriyar Ramis oğlu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC ilə Rəhimli Şəhriyar Ramis oğlu arasında bağlanmış kredit razılaşmasına əsasən isə bank borcalana illik 18 faiz dərəcəsi ilə xx.xx.2026-cı il tarixədək 50.000 manat məbləğində borc vermişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, onunla bank arasında bağlanmış zaminlik və ipoteka müqavilələrinin etibarsızlığını tələb etmişdir. 41.Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. . Kollegiya hesab edir ki, hazırki işin faktiki halları tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iddia haqlı sayıla bilməz.
43. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının zaminlik müqaviləsinin etibarsızlığını tələb edərkən əsaslandığı dəlillər onun AR Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin dispozisiya şərtləri baxımından da yoxlanılmasına zəmin yaratmışdır.
44. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunn 31 may 2018-ci il tarixli qərarında Məhkəmə belə nəticəyə gəlmişdir ki, “Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.
45. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Kredit xətti” müqaviləsinin gələcəkdə qarşılıqlı öhdəlik münasibətlərinin ümumi şərtlərini müəyyən edən əqd olmasını nəzərə alaraq, tərəflər öz aralarında həmin öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq səkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. Öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminlik çıxış edir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə şötürür. Zaminlik müqaviləsi sələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də başlana bilər (Mülki Məcəllənin 470-ci maddəsi).
46. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında söstərilmişdir ki. Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi basa düşülür.
47. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır.
48. Mülki Məcəllənin 477.0.1-ci maddəsindən göründüyü kimi zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir.
49. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”.
50. xx.xx.2023-cü il tarixli kredit razılaşması istər kredit məbləği, istərsə də kredit faizi və müddəti baxımından əsas kredit limiti razılaşması çərçivəsində bağlanılmışdır, belə ki, zamin xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasında 120 ay müddətinə, illik dərəcəsi maksimum 30 % olan l100.000 manatadək veriləcək kredit məbləği üzrə borcalanla üzərinə birgə məsuliyyət götürmüş, ipoteka isə bütün limit razılaşması çərçivəsində verilən borclar üçün nəzərdə tutulmuşdur.
51. Beləliklə, zaminlik və borcun təminatı qismində çıxış edən ipoteka müqavilələrində bütün mühüm şərtlər aydın şəkildə göstərilmişdir, borcluya 50.000 manat kredit verilməsinə dair razılaşma isə zaminin məsuliyyətini artırmamış və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmamışdır.
52. Kollegiya iddia tələbləri ilə bağlı həmçinin aşağıdakıları qeyd edir.
53. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).
54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
55. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).
56. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunmuş normaları və müqavilə şərtləri baxımından sözügedən zaminlik və ipoteka müqavilələrinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən, müqavilələr bu cür əqdlərin bağlanması üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən, iddiaçı tərəfindən tələbin əsaslılığına dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.
57. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
59. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
61. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
62. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2141/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Fərrux Qasımov