Məhkəmə qərarları › İş №2(103)-675/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-675/2020

01.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-675/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5864/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən 45 saylı evin 16 sayı mənzilinə dəymiş ziyanın əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin, eyni zamanda ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5864/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 958 manat və ödənilmiş dövlət rüsumunun 14,40 manat hissəsinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 manat məbləğində pul vəsaitinin 23,50 manat hissəsinin Cavabdeh, 26,50 manat hissəsinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə ona heç bir məlumat verilməmişdir. Həmçinin ekspert rəyindən görünür ki, ekspert ciddi araşdırma aparmadan, iddiaçının mənzilinə baxış keçirtməklə, iddiaçının sözlərinə əsaslanaraq, kifayət qədər aydın və əsaslı olmayan yekun nəticəyə gəlmişdir. Belə ki, onun mənzilinə baxış keçirilməmiş və ekspertizanın keçirilməsindən məlumatı olmamışdır. Bundan başqa binada su ötürücü xətlər uzun müddətdir ki, yararsız vəziyyətdədir. Buna görə də, binada yerləşən mənzillərdə su sızıntısı ilə əlaqədar mütəmadi olaraq belə hallar yaranır. Bu problemin aradan qaldırılması üçün dəfələrlə iddiaçıya müraciət edərək binanı su ilə təmin edən ana xəttin öz hesabına təmir edilməsini təklif etmişdir. Lakin, iddiaçı onun təklifinə müsbət reaksiya vermədiyi üçün həmin xətti öz hesabına yeniləmişdir. İddiaçının mənzilinə dəyən zərər binanı su ilə təmin edən ana xətdə mövcud olmuş qüsura görə yaranmışdır ki, burada da onun hər hansı təqsiri və iştirakı olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X1 apellyasiya şikayətini müdafiə etdi, İddiaçı isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən 45 saylı evin 16 sayı mənzili iddiaçının, həmin mənzildən yuxarı mərtəbədə yerləşən 19 saylı mənzil isə cavabdehin mülkiyyətindədir. İddiaçı bildirir ki, cavabdehə məxsus mənzildən onun mənzilini su axıdılmış və nəticədə mənzilinə zərər dəymişdir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Kollegiya hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1097.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddənin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda zərərin yaşayış sahəsinə su sızma nəticəsində dəydiyi iddia edildiyinə görə kollegiya qeyd edir ki, vurulmuş zərərə görə məsuliyyət Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən müəyyən edilir. Həmin maddənin tələblərinə görə əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxxx 2018-ci il tarixli 23299 saylı ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, ekspertiza tədqiqatı zamanı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən 45 saylı evin 19 saylı mənzilindən 16 saylı mənzilə su sızması müəyyən edilmişdir. Lakin cavabdehə məxsus olan 19 saylı mənzildə yeni təmir işləri aparıldığından su sızmanın səbəbini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan sübutlarla təsdiq olunur ki, cavabdehə məxsus mənzildən iddiaçının mülkiyyətində olan mənzilə su sızma halları baş vermiş və bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Belə olan halda isə Mülki Məcəllənin 1111.2-ci maddəsinə görə həmin zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehə aiddir. Eyni zamanda dəymiş zərərin məbləği iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyinə əsasən müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyat ünvanına göndərilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1111.2-ci maddəsindən də görünür ki, suyun axıdılması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsi müvafiq otağı tutan, yəni hansı otaqdan su axmışdırsa həmin otağı tutan şəxs daşıyır. Eyni zamanda bunun (su axmanın) qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar olduqda, həmin şəxs məsuliyyətdən azad olunur. Lakin bu halı sübut etmək vəzifəsini həmin otağı tutan şəxs daşıyır. Cavabdeh isə su axmanın onun mənzilindən deyil, binanın boru xətlərindən baş verdiyini bildirsə də, bu halı təsdiq edən sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxxx 2018-ci il tarixli 23299 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən 45 saylı evin 19 saylı mənzilindən 16 saylı mənzilinə suyun 19 saylı mənzilindən və ya binanın boru xətlərindən axdığını dəqiqliklə müəyyən etmək mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5864/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar