Məhkəmə qərarları › İş №2(103)-6754/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6754/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6754/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi ƏSF-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2183/2022 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2017-ci il tarixli 001789 nömrəli bank xidmətləri müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 bank xidmətlərinin göstərilməsi qayda və şərtləri barədə məlumat verilmişdir.

2. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli KM037T09175838 nömrəli xx.xx.2017-ci il tarixli 001789 nömrəli bank xidmətləri müqaviləsinə 5 saylı əlavə (müqavilə)nin məzmunundan görünür ki, iddiaçı tərəfindən sonuncuya 18 ay müddətinə illik 28 faiz dərəcəsilə 3500 manat məbləğində kredit verilmişdir.

3. 119990152 AZN nömrəli 27 sentyabr 2017-ci il tarixli kassa məxaric orderindən görünür ki, xx.xx.2017-ci il tarixli KM037T09175838 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 3500 manat məbləğində kredit verilmişdir.

4. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ZM1/037T09175838 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin Cavabdeh3 xx.xx.2017-ci il tarixli KM037T09175838 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyır.

5. İddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ZM2/037T09175838 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin Cavabdeh2 xx.xx.2017-ci il tarixli KM037T09175838 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyır.

6. Cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il bildirişlərdən müəyyən olunur ki, kredit müqaviləsinə əsasən yaranmış borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 6891.52 manat olmaqla, 2279.57 manat əsas, 2231.65 manat faiz, 2043.98 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 336.32 manat faiz borcu və iş üzrə ödənilmiş 88.92 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli KM037T09175838S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında 27 sentyabr 2017-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərə dəfələrlə şifahi müraciət edilməsinə, bildiriş məktubu göndərilməsinə baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir.

9. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 2279,57 manat əsas, 2231.65 manat faiz, 2043 manat cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 336.32 manat faiz borcu olmaqla, cəmi 6891,52 manat məbləğində borcu vardır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2953 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli KM037T09175838 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu əsas borc üzrə 2272.51 manat, faiz borcu üzrə 404,76 manat təşkil edir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 avqust 2022-ci il tarixli 2(004)-2183/2022 saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2017-ci il tarixli KM037T09175838 saylı kredit müqaviləsinə əsasən 2272,51 manat məbləğində əsas borc, 404,76 manat faiz borcu, 100 manat cərimə, cəmi 2777,27 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iş üzrə ödənilmiş 88,92 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması, dövlət rüsumunun qalan 38,92 manat hissədə iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur.

13. Məhkəmə əsas və faiz borcunun ekspert rəyinə uyğun, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından 100 manat məbləğində müəyyən edilməsi qənaəti gəlmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 336.32 manat məbləğində faiz məbləğinin cavabdehlərdən tutulmasını xahiş etsə də, hal-hazırda ləğv prosesində olduğu vəziyyətdə, onun kredit vermək (əldən çıxmış faydanı yenidən tədavülə buraxaraq gəlir əldə etmək) imkanı olmadığı halda, əldən çıxmış faydanın nədən ibarət olmasına dair sübutlar təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbi gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 336.32 manat məbləğində faiz məbləği hissəsində əsassızdır və rədd edilməlidir.

15. Zaminlərə aid hissədə isə məhkəmə belə nəticəyə gəlmişdir ki, xx.xx.2017-ci il tarixli KM037T09175838 saylı kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2, 471, 472.1, 472.2, 477.0.4, 467, 449.1, 449.1-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən 2043,98 manat cərimənin azaldılaraq 100 manat edilməsi ilə 467-ci maddədə göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafelərini nəzərə almamışdır. Həmin maddəyə görə məhkəmə yalnız dəbbə pulunu azalda bilər. Məhkəmənin ekspert rəyinə istinad edərək əsas və faiz borclarını azaltması 467-ci maddənin pozulmasına gətirib çıxarmışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər.

21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

25. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

28. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apelyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. İddiaçı qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, borc məbləğinə aid hissədə mübahisələndirmiş, zaminlərə aid hissədə qətnaməni mübahisələndirməmişdir. Qətnamə iddiaçının şikayəti həddində yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

38. İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.

39. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

40. Birinci instansiya məhkəməsi borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, dəbbə pulunun azaldılması barədə əsaslı nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin bununla bağlı dəlili əsassızdır.

41. Eyni zamanda ləğv prosesində olduğu üçün onun kredit vermək (əldən çıxmış faydanı yenidən tədavülə buraxaraq gəlir əldə etmək) imkanı olmadığı halda, gecikdirilmiş günlər üçün 5 faiz hesablanmaqla faiz borcunun tələb edilməsi əsassızdır.

42. İddiaçının apelyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2183/2022 saylı iş üzrə 03 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar