Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6755/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadə katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-406/2021 saylı 07 may 2021-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, onun sahibliyində və istifadəsindədir. O, və ailə üzvləri həmin evdə qeydiyyatda olmaqla, uzun müddətdir həmin evdə yaşayır. Cavabdeh özünə məxsus evin həyətində onun razılığını almadan tikililərin quruluşların uçmasına təhlükə yaratmaqla ona məxsus evə bitişik olmaqla, qeyri qanuni tikintilər aparmışdır. Həmin özbaşına tikilinin inşa edilməsi nəticəsində ona məxsus evdə rütubət yaranmış, evə günəş şüalarının qarşısını alan hündür tikili inşa edildiyindən, rütubət nəticəsində evin divar örtüyü və divar kağızları yararsız hala düşmüş, elektrik naqilləri yararsız haldadır. Cavabdehin onun pəncərəsi qarşısında apardığı qanunsuz tikinti işləri nəticəsində onun evinə təbii işıq düşməsinə maneçilik yaranmışdır. Dəfələrlə cavabdehə iradını bildirsə də, cavabdeh onun iradına məhəl qoymamışdır. Evlər arasındakı ara məsafəsi 60 sm olduğu halda cavabdehin evi divara ümumiyyətlə bitişik inşa olunmuşdur. Bu isə iddiaçıya və ailə üzvlərimə maneçilik törədir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində özbaşına inşa edilmiş tikili onun hesabına sökülməli, cavabdehdən ona dəymiş maddi ziyanın əvəzi olaraq 500 (beş yüz) manat və ödənilmiş 31 ( otuz bir) manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-406/2021 saylı 07 may 2021-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində özbaşına inşa edilmiş tikilinin (ünvan 3 ünvanında mətbəx tikilisinin pəncərəsinin qarşısından ikinci mərtəbə səviyyəsində, ünvan 4 ünvanına aid tikili) öz hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin qismən təmin olunması hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində irəli sürülən tələbləri əsaslı və qanuni tələblər hesab etmək olmaz. Məhkəmənin düzgün olmayaraq İddiaçı iddia tələblərinin qismən təmin olunması barədə qətnamə çıxarması mülki işin mahiyyəti üzrə lazımınca tam, hərtərəfli araşdırılmamasının nəticəsidir. Bu səbəbdən hesab edir ki, qətnamə İddiaçı iddia tələbinin qismən təmin olunması hissəsində ləğv edilməli və iddia tələbləri tam rədd edilməlidir. Ona görə ki, işin faktiki halları iddia ərizəsində düzgün şərh olunmamış, həmçinin iş üzrə iddia tələbləri Azərbaycan Respublikasının qanunlarına və normativ hüquqi aktlarında təsbit olunan tələblərə uyğun əsaslandırılmamışdır. Məhkəmə yanlışlığa yol vermiş və düzgün olmayan nəticəyə gəlmişdir. Əslində iddiaçı özü qanunsuz və icazəsiz özbaşına tikinti işləri aparmaqla onun və digər qonşuların hüquqlarını pozmuşdur. Məhkəmənin düzgün nəticəyə gələ bilməməsinə səbəb isə onuların sübutlarının məhkəməyə təqdim etmək hüququndan əsassız olaraq məhrum olmaqlarıdır. Çünki məhkəmə onların qarşılıqlı iddiasını icraata qəbul etməkdən imtna etmişdir. Bu da hakimin qərar qəbul edərkən düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış iddiaçı X1 müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmadan qarar qabul etmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı X2 ona məxsus hesab etdiyi və ünvan 5 ünvanında qanunsuz, özbaşına inşa edilmiş tikiliyə heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Bu halı məhkəmə prosesi zamanı iddiaçı şəxsən özü tasdiq etmişdir. Belə olduğu halda məhkəmə dolayısı ila əsassız olaraq özbaşına tikiliyə iddiaçının mülkiyyət hüququnu tanımış olur. Bu da bir daha tasdiq edir ki, qatnamə qanunsuzdur. Beləliklə, mülki işin materiallarından göründüyü kimi İddiaçı tərəfindən iddia verilməsi üçün subyektiv hüququnun olmaması müəyyən olunur. Mövcud qanunvericiliyə əsasən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasım araşdırmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı müvafiq subyektiv hüquqa malik olmadığı üçün onun cavabdehə qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız cavabdeh mübahisələndirmiş, iddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahaı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-406/2021 saylı 07 may 2021-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 2-315/2005 saylı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri. Daş Karxanası küçəsi 454 saylı evin yaşayış sahəsindən istifadə hüququnun tanınması qət edilmişdir. İş materiallarında olan Nərimanov RPİ 17-ci PŞ-ndən İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun polis şöbəsinə göndərmiş olduğu şikayətdə mülkü xarakterli xüsusatlar olduğundan məhkəməyə müraciət etmə hüququ izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3710 saylı rəyin nəticə hissəsindən görünür ki, ünvan 7 ünvanda yerləşən 25/33 saylı yaşayış evinə bitişik vəziyyətdə inşa 2,0 m enində, 2,25 m uzunluğunda 2,30 m hündürlüyündə mişar daşından inşa olunmuş tikili plan sxemdə öz əksini tapmadığını və həmin tikilinin inşaası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Daş karxana küçəsi, ev 454 ünvanına bitişik (ünvan 8ili iddiaçıya məxsus 454 saylı mənzilinin mətbəx tikilisinin pəncərəsi qarşısında (bitişik) inşa olunduğundan mənzilin (1-ci mərtəbə səviyyəsində) yerləşən tikililərinə münasibətdə, mənzilin havalandırmasına, işıqlanmasına, rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.1.3-cü maddəsinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1-ci bəndinə əsasən Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Həmin qaydaların 4.2-ci bəndinə əsasən Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıran zaman müəyyən etmişdir ki, iddiaçı və ailə üzvləri Nərimanov rayonu, Daş Karxanası ev 454 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyatda olmaqla yaşayırlar. Tədqiq olunan, ünvan 3 ünvanında mətbəx tikilisinin pəncərəsinin qarşısından ikinci mərtəbə səviyyəsində, ünvan 4 ünvanına aid tikilinin inşa olunduğu müəyyən edilmişdir. Həmin özbaşına tikilinin inşası nəticəsində iddiaçıya məxsus mənzilin havalandırmasına, işıqlanmasına, rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində özbaşına inşa edilmiş tikilinin (ünvan 3 ünvanında mətbəx tikilisinin pəncərəsinin qarşısından ikinci mərtəbə səviyyəsində, ünvan 4 ünvanına aid tikili) öz hesabına sökülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarıtdi ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ yoxdur. Kollegiya cavabdehin apelyasiya şikayətinin həmin dəlili ilə razılaşmır və qeyd edir ki, iddiaçının hazırki iddia tələb irəli sürmək üçün subyektiv hüququ iş materiallarında olan məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-315/2005 saylı, 16 fevral 2005-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri, Daş Karxanası küçəsi 454 saylı evin yaşayış sahəsindən istifadə hüququnun tanınması qət edilmişdir. Məhkəmə kollegiya həmçinin cavabdehin apelyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən ünvan 1 ünvan 1 mənzilə bitişik vəziyyətdə inşa edilmiş tikili iddiaçıya məxsus 454 saylı mənzilinin mətbəx tikilisinin pəncərəsi qarşısında inşa olduğundan iddiaçıya məxsus mənzilin havalandırmasına, işıqlanmasına, rütubətin tənzimlənməsinə mənfi təsir göstərmiş, qeyd olunan hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3710 saylı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində iddia tələbinin qismən təmin edildiyini, qalan hissədə təmin edilmədiyini əsaslandırsa da, nəticə hissəsində iddia tələbinin təmin edilməyən hissəsini göstərməmişdir. Kollegiya hesab edir ki, qeyd olunan pozunutu birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-406/2021 saylı 07 may 2021-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-406/2021 saylı 07 may 2021-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6755/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6755/2021
18.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver