Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6756/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(005)- 2863/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 1 manat bank xərcinin, cəmi 20.031 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 27.05.2016-cı il tarixdə tanışı Cavabdeh 20.000 manat məbləğində borc pul vermişdir. Aralarında olan razılığa əsasən cavabdeh həmin pulu 27.08.2016-cı il tarixə qədər qaytarmalı olsa da, 2016-cı ilin sonuna qədər müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Bununla bağlı o, dəfələrlə cavabdehə zəng etmiş, sonuncu telefona cavab vermədiyiy üçün onun yaşadığı evə getmiş, lakin mənzilin qapısını açan şəxslər hər dəfə Cavabdeh evdə olmamasını bildirməklə onu geri qaytarmışlar. O, Quba rayonunda yaşadığı üçün cavabdehi tez-tez evində və iş yerində axtara bilməmişdir. Cavabdehin işlədiyi İqtisad Universitetinə getdikdə isə orada Cavabdeh dərs saatının az olduğunu və universitetə hərdənbir gəldiyini bildirmişlər. Bir müddət sonra onun, sonra isə arvadının xəstəliyi, daha sonra isə övladının instituta qəbulu ilə bağlı ailə qayğıları artdığı üçün o, borcunu tələb edə bilməmişdir. Cavabdehlə aralarında 11 saylı Notariat Kontorunda bağlanmış 27.05.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehin ondan 20.000 manat məbləğində borc alması öz təsdiqini tapır. Cavabdeh bu günə kimi aldığı borcdan bir manat da olsun qaytarmamışdır. Hesab edir ki, cavabdeh ona olan borcunu tam həcmdə ödəməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 avqust 2019-cu il, tarixli 2(005)- 2863/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 1 (bir) manat bank xidməti xərci olmaqla, cəmi 20.031 (iyirmi min otuz bir) manat İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2863/2019 saylı iş üzrə 07.08.2019-cu il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Qeyd edir ki, birinci instansiya məhkəməsində keçirilən prosesslər barəsində məhkəmənin gedişindən məlumatı olmamış və məhkəmənin qətnaməsini almamışdır. O, İddiaçı 20000 manat borc pul aldığını və həmin pulu özünün razılığı ilə özünün yaxın qohumu Şahin adlı şəxsə qaytardığını bildirmişdir. Ona görə də, hesab edir ki, İddiaçı borcu yoxdur, bunları Şahin və digər şahidlərin təsdiq edə biləcəklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı 20000 manat borc pul almış və həmin pulu özünün razılığı ilə özünün yaxın qohumu Şahin adlı şəxsə qaytarmış, lakin Şahin adlı şəxsin şahid qismində iştirakını təmin etməsi qeyri-mümkündür və onun vəzifəsi deyildir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 27.05.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh Salam oğluna 20.000 manat məbləğində pulu borc verməyi, sonuncu isə həmin pulu 27.08.2016-cı il tarixədək qaytarmağı öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş 20.05.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu və 1 (bir) manat bank xidməti xərci ödənilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, 27.05.2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh Salam oğluna 20.000 manat məbləğində pulu borc verməyi, sonuncu isə həmin pulu 27.08.2016-cı il tarixədək borc məbləğinin qaytarmağı öhdələrinə götürmüşlər. İş üzrə İddiaçı həmin məbləğdə pulu Cavabdeh Salam oğluna verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh müqavilədə göstərilən məbləğdə borcunu iddiaçıya qaytarmamış, bununla da bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh Salam oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh Salam oğlu İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu vaxtında və lazımı qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 1 (bir) manat bank xidməti xərci olmaqla, cəmi 20.031 (iyirmi min otuz bir) manat İddiaçı xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, apellyasiya baxışı cavabdeh verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı 20000 manat borc pul almış və həmin pulu özünün razılığı ilə özünün yaxın qohumu Şahin adlı şəxsə qaytarmış, lakin Şahin adlı şəxsin şahid qismində iştirakını təmin etməsi qeyri-mümkündür və onun vəzifəsi deyildir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(005)- 2863/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6756/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6756/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver